“Fərda və Elməddinin “Xoxan”ı dövlət sifarişli filmlərin edə bilmədiyini etdi”
08.03.2016 17:36 Artreaksiya 2573
Bir neçə ildir ki, həm dövlət sifarişli, həm də özəl prodüsser filmlərinin sayı artıb. Bəziləri bu artımı yalnız kəmiyyət göstəricisi olaraq qəbul edir. Bəziləri isə kəmiyyətlə bərabər keyfiyyətin də olduğunu söyləyir. Məsələ ondadır ki, kommersiya tələblərinə hesablanan və qeyri-peşəkarlar tərəfindən çəkilən filmlər bu gün bazarda at oynadır:
Reaksiya.info Moderator.az-a istinadən son zamanlar yaşanan film bumu ilə bağlı gənc rejissorların fikirlərini təqdim edir:
Tural Vaqifoğlu, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru
“Son vaxtlar “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi filmlərə baxmışam, özəl prodakşnların da istehsalını izləmişəm. Amma ən çox Asif Rüstəmovun “Axınla aşağı” filmi yadımda qalıb. Çünki əsil kino idi. Nə yaxşı ki, kino çəkirlər. Nə pis ki, peşəkarlar az çəkir”.
Bəhruz Vaqifoğlu, aktyor-rejissor:
“Bilirsiz əgər belə flimlər çəkilirsə bunun günahını heç kimdə görmək olmaz. Məncə günah bu cür filmləri öz kinoteatrlarına buraxanlardadır. Onlar bu filmləri yayımlayanda, nəhəng afişalar çıxarıb, təmtəraqlı təqdimatlar edib tamaşaçıları flimə baxmağa həvəsləndirəndə və nəticədə ortalıqda bir şey olmayanda , ikinci dəfə yaxşı flim olsa belə sən o tamaşaçını inandıra bilməzsən ki, bu səfərki yaxşıdır. Ona görə bu cür filmlərin yayımlanmamasının daha çox tərəfdarıyam. O zaman film çəkənlər də filmləri ortalıqda qalmasın deyə yaxşı flim çəkərlər”.
Kamal Yaşar, rejissor:
“Son zamanlar davamlı olaraq filmlərin çəkilməsi ürəkaçandı. Bu sıraya dövlət sifarişindən başqa müstəqil prodüsser filmləri də əlavə olunub ki, bu da çoxdan görülməli olan, hətta gecikən bir işdi. Hər iki klassifikasiyaya aid olan filmlər içərisində yaxşı nümunələr də görürük. Dövlət sifarişi ilə çəkilən filmləri mövzu etibarilə daha ciddi saymaq olar ki, bu da gözləniləndi, normaldı. Dövlət sifarişi ilə son dönəmlərdə demək olar ki, heç bir film çəkilməyib. Son zamanlar müharibə mövzulu filmlər üstünlük təşkil edir və bu hələ ki, bizdə alınır. Məsələn, iki nümunəni Elxan Cəfərov təqdim edib. Hər ikisi müharibə mövzusunda olsa da fərqli yozum və formatdadır. Mövzu etibarilə ikinci film- “Yarımçıq xatirələr” daha bəşəri idi. Elçin Musaoğlunun “Nabat” filmi ilə bu mövzuya yanaşması tam fərqli idi.
Bu günlərdə İlqar Saffat da müharibə mövzusunda “İçərişəhər” filmini təqdim etdi. Mövzu kifayət qədər maraqlı olsa da, ssenari zəifliyindən və bəzi nüanaslardan gözlənilən nəticəni vermədi.
Şamil Əliyevin “Çölçü” filmi isə tam fərqli bir mövzuda idi. Təbii ki, o film bazar üçün deyildi. Eləcə də Asif Rüstəmovun “Axınla aşağı” filmi.
Qəfil yaranan bu bumdakı kommersiya filmlərində aşırı komediyaya meyil var ki, bu da bazar məsələsidi. Yəni, bu cür tənzimlənir. Kommersiya filmlərindən eləsi var ki, indiyə qədər heç bir nə dövlət sifarişli, nə də özəl prodakşnların edə bilmədiyini etdi. Həmin film – “Xoxan” bazar üçün fantastik sayıla biləcək müddətdə vizyonda qaldı və qalmaqdadır. Eyni zamanda kifayət qədər qazanc da gətirdi. Bu mövzuda çox şey demək olar. Əsas odur ki, kaş həmişə filmlərimiz bol olsun, çəkilsin. Hərdən bir-birimizi tənqid edək, küsüşək, barışaq. Amma yetər ki, hamı çəkici bir yerə vurmağa cəhd etsin”.
Şərhlər