Vəkil: "Kamran Həsənli Samirdən 80 yox, 125 min dollar alıb" - YENİLƏNİB

10.03.2016 18:44     Artreaksiya     1660

Kamran Həsənlini polisə verən müğənni Samir Piriyev Lent.az-a danışıb. 
 

Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət barədə açıqlama verib. Lent.az-a danışan vəkil bildirib ki, şoumen Kamran Həsənli S.Piriyevdan 80 min dollar deyil, 125 min dollar pul alıb: “Kiminsə günahı varsa, qanun qarşısında cavab verəcək. Samir Piriyev işbirliyi məqsədi ilə Kamran Həsənliyə 125 min dollar pul verib. Amma sonradan bu işbirliyi alınmayıb. Bu, cinayət işidir. Bu işlə bağlı sübutlarımız da var. Samir ifadəsini bir ay öncə verib. Elə Samirin ifadəsi əsasında toplanan materialları da polis şöbəsindən prokurorluğa göndərdilər. Prokurorluqda da bu məsələ ilə bağlı cinayət işi başladı”.

 

**

17:57

Şoumen Kamran Həsənlini dələduzluqda ittiham edən müğənni Samir Piriyev danışıb.

 

 Lent.az-a açıqlama verən S.Piriyev bildirib ki, sözügedən pulu K.Həsənli ondan 7 il öncə alıb: "Düz 7 il bundan qabaq Kamran məndən iş adı ilə 80 min dollar pul aldı. Həmin vaxtdan sonra onunla bir neçə dəfə danışdım ki, pulumu qaytar. O da "verəcəm" deyərək, vaxtı uzadırdı.  Həmin vaxt uzanıb, düz, 7 ilə gəlib çıxdı. Məni aldatdı. Onunla axırıncı dəfə 2015-ci ilin axırlarında danışdım. Mənə dedi: “Pul zad gözləmə, verməyəcəm. Mənim sənə veriləsi pulum yoxdur”. Onun bu sözlərindən sonra məcbur olub, bu işi hüquqi müstəvidə həll etmək qərarına gəldim. Hazırda istintaq gedir, sonda qərar nədirsə, o da olacaq. Mən şikayətimi vermişəm, pulumu istəyirəm. Bu məsələ ictimailəşəndən sonra Kamranla danışmamışam. Bundan sonra heç kimlə danışmaq fikrim də yoxdur. Yeddi ildir, danışıram da... Demişəm ki, pulumu almısan, qaytar. Mən artıq bu barədə danışmaqdan yorulmuşam, indi son qərar hüquq mühafizə orqanlarınındır”.

 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, K.Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər