Gözlənilməz istefa - maliyyə naziri getdi - FOTOLAR

06.07.2015 12:59     Artreaksiya     2679

Yunanıstan maliyyə naziri Yanis Varoufakis istefa etdiyini açıqlayıb. 

ANS PRESS-in məlumatına görə, dünən ölkədə baş tutan referendumda iştirak edən yunanların 59,7 faizi kreditorların tələblərinə "yox" desə də, bu, maliyyə nazirinin postundan getməsinin qarşısını ala bilməyib. Varufakis öz Twitter hesabından mesaj yayaraq istefa etdiyini açıqlayıb. 

Son zamanlar kreditorlarla münaqişə edən Varufakis istefa etməsini belə əsaslandırıb: "Referendum nəticəsi məlum olandan dərhal sonra, Avro qrupundakı bəziləri və onların ortaqları mənim yığıncaqlara qatılmamam üçün seçim ediblər. Baş nazir isə bu qərarla razılaşaraq bundan hansısa nəticə əldə edə biləcəyini düşünüb. Məhz bu səbəbdən bu gün maliyyə nazirliyi postundan istefa edirəm", - deyə Varufakis qeyd edib.

Yunanıstan referendum qərarından sonra borcların yenidən strukturlaşdırılması üçün işlərə başlayıb. Hökumət qənaət etmək, yoxsul təbəqənin maraqlarını nəzərə alaraq islahatlara aparmaq kimi məsələləri özündə ehtiva edən bir razılaşmanın təmin edilməsini hədəfləyir. Analitiklər hesab edir ki, Varufakisin maliyyə nazirliyi postuna gəldiyi yanvar ayından bu yana nizama boyun əymədiyi üçün təzyiqlərə məruz qalıb. Yanis Varufakis son açıqlamalarında "kreditorların məndən nifrət etməsi qürurvericidir" deyərək öz münasibətini ortaya qoymuşdu. Varufakis borcların yenidən formalaşdırılması ilə bağlı suallara kəskin cavab verərək "Qolumu kəsməyə razıyam, amma buna getmərəm" deyə söyləyib. 


Yanis Varoufakis

Yunanıstanda keçirilən referendumun ilkin nəticələri məlum olub. Referendumda iştirak edən yunanların 61 faizi kreditorların tələblərinə "yox" deyib, Seçicilərin 39 faizi isə "bəli" deyə cavab verib. Bununla da ölkə əhalisi Yunanıstan hökumətinin kreditorların şərtlərinə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirib.

Keçirilən sorğular göstərir ki, bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları "yox" deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin bəzən insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.


Yunanıstandakı referendumun nəticələri

Yunanıstanın böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cu ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır. Avropa ölkələri Yunanıstanı borc bataqlığından çıxarmaq üçün bir sıra addımlar atırlar. Əgər Yunanıstan öz borclarını ödəyə bilməsə, Avrozonadan çıxa bilər. Beynəlxalq kreditorların Yunanıstanın borcu üçün qoyduğu vaxt artıq başa çatıb. Yunanıstan höküməti 1,6 milyard avro miqdarında borcunu Beynəlxalq Valyuta Fonduna ödəməkdən imtina edib.


Yunanıstandakı referendumdan sonra Afina (Reuters)
 
 

Şərhlər