Şeiri-sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan
01.06.2015 12:55 Artreaksiya 1158
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi “ŞEİRİ-SƏNƏTİ, GEYİMİ, MƏTBƏXİ VƏ TARİXİ İLƏ CAN AZƏRBAYCAN” adlı layihə çərçivəsində, türksoylu ölkə və topluluqlardan gələn yazarların iştirakı ilə 02-06 iyun 2015-ci il tarixində bir sıra görüşlər, tədbirlər, ziyarətlər gerçəkləşdiriləcəkdir. Tədbirlərdə Azərbaycan parlamentinin bir sıra üzvlərinin, diplomatların, QHT və KİV təmsilçilərinin, yazarların, gənclərin iştirakı nəzərdə tutulub.
Makedoniya parlamentinin üzvü Enes İbrahim, Türkiyə Cümhuriyyəti, Kocaeli Böyükşəhir Bələdiyyəsində Basın-Yayın Koordinatöru, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucu başqanı Alptəkin Cevhərli, Quzey Kıprıs Türk Cümhuriyyəti Dış Basın Birliyi başqanı Züleyxa Karaman, Qırğız Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Özbəkistanın yeni nəsil aydınlarından Aygül Suyunova, habelə bu il “MÜŞFİQ ÖDÜLÜ”nə la-yiq görülmüş yazarlar – “Kitab Dünyası” qəzetinin baş redaktoru, “Şöhrət” medallı şair Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyin üzvü, şair-publisist Fanil Ganji, Moskvadakı “Şəhriyar” Ədəbi Məclisinin əməkdaşı, tanınmış şair-publisist Afaq Şıxlı və başqalarının iştirakı ilə iyunun 2-də (saat 10.00-dan başlayaraq) Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət ediləcək, paytaxt Bakıda yerləşən bir sıra muzeylərlə tanışlıq olacaq.
Sonra Layihənin bir qrup yerli iştirakçısı ilə yanaşı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət DəStəyi Şurasının sədri, millət vəkili dr.Azay Quliyevlə görüşəcək qonaqlara, Azərbaycan milli donor institutları, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu təcrübəsi, müvafiq konsepsiya barədə bilgi veriləcək, fikir mübadiləsi aparılcaq.
İyunun 3də “Aşıq Şəmşir Ocağı” İB-də layihənin adına uyğun görüş-müzakirə təşkil olunacaq. Prof.dr. Almaz Ülvi, dos.dr. Esmira Fuad, dr. Gülnara Xəlilova məruzələrlə çıxış edəcəklər.
Görüş-müzakirə, saat 15.30-da məruzəçilər dos.dr. Pərvanə Məmmədli, dos.dr. Şəmil Sadiq və Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun iştirakı ilə Gəncliyə Yardım Fondunda davam etdiriləcəkdir.
Saat 17.00-da isə Azərbaycanda Atatürk Mərkəzində görüş-müzakirənin davamı (3-cü plenar-iclas), habelə “Ödül törəni” (Qonaqlar və DGTYB tərəfindən) həyata keçiriləcəkdir.
İyunun 4-də də ziyarət və görüşləri davam etdirəcək qonaqlar, “ASAN XİDMƏT”in işi ilə də tanış olacaqlar; 5 iyunda isə Gənc Şairlər Birliyinin təşəbbüs və təşkilatçılığı ilə düzənlənən “ŞAİRLƏR GÜNÜ” tədbirlərinə qatılacaqlar.
6 iyunda səfərin sonuclarının dəyərləndirilməsi aparılacaq.
Layihənin rəhbəri gənc araşdırmaçı-yazar Əfsanə B.Ələsgərlidir
Əşrəf
Şərhlər