İTV rəhbəri: “Ermənistan yenidən təxribata yol versə, yarışmadan kənarlaşdırılacaq"
12.05.2016 18:25 Artreaksiya 1694
“Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq olunub ki, hər hansı şəkildə qaydalara riayət olunmazsa, təxribat xarakterli hərəkətlərə yol verilərsə, onlar bu ilki, yaxud növbəti ilin yarışmasından kənarlaşdırılacaqlar. Bizə Avropa Yayımçıları Birliyinin baş direktoru İnqrid Deltenrenin imzası ilə məktub gəlib. İyun ayını gözləyirik ki, görək, iclasda Ermənistana qarşı hansı tədbirlər görüləcək”.
Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) rəhbəri Cəmil Quliyev deyib. İTV direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumun adından Avropa Yayımçıları Birliyinə Ermənistanın bayraq təxribatı ilə bağlı göndərdiyi etiraz məktubu paralel olaraq 40-a yaxın ölkənin ictimai televiziya və radiosunun rəhbərlərinə də ünvanlanıb: “Məktubun surəti televiziya sahəsində çalışan müxtəlif beynəlxalq təşkilatlara da göndərilib. Bu və başqa addımların nəticəsində dünən Avropa Yayımçıları Birliyindən cavab gəldi. Məktubda Ermənistan təmsilçisinin təxribat xarakteri daşıyan hərəkəti pislənilib, bizim nəzərimizə çatdırılıb ki, nəzarət komissiyasının iyun ayında keçiriləcək iclasında bu məsələyə baxılacaq və Ermənistana qarşı cəza tədbirləri görüləcək. Bununla yanaşı məktubda qeyd olunur ki, Ermənistan “Eurovision” Mahnı Müsabiqəsinin əsasnaməsinin 1.2.2 bəndini pozub. Bu da mahnı müsabiqəsinin qaydalarına ziddir. Avropa Yayımçıları Birliyi və müsabiqənin rəhbərliyi tez bir zamanda məktuba reaksiya verdilər. Çünki Ermənistanın etdiyi təxribat “Eurovision”un əsasnaməsinə ziddir. Eyni zamanda bunun ətrafında böyük ictimai rəy də yarandı. Bir çox ictimai televiziyalar bu hərəkəti pislədilər”.
C. Quliyev əlavə edib ki, Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub: “Əgər Ermənistan nümayəndə heyəti ümid edirsə ki, müsabiqə başa çatandan sonra onlar yenidən təxribata yol verə bilərlər, bu, baş tutmayacaq. Belə olan təqdirdə ciddi şəkildə cəzalanacaqlar”.
Şərhlər