Kukla Teatrı mövsümü başa vurub

15.07.2015 11:24     Artreaksiya     2563

Uşaqların maarifləndirilməsi, mənəvi-estetik tərbiyəsinin möhkəmləndirilməsi və teatra sevgi ruhunda yetişməsi üçün hər dəfə yeni-yeni tamaşalar, azyaşlılarla bağlı xeyriyyə xarakterli aksiyalar təşkil edən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 84-cü mövsümünə yekun vurub.

Kollektiv məhsuldar və uğurlarla bol teatr mövsümündə tamaşaçılara milli və dünya dramaturgiyasından seçilmiş 4 fərqli tamaşa, teatrın nəzdindəki "Oyuq" teatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert və tamaşa nümayiş etdirib. Sənət ocağının yaradıcı heyəti qarşıdakı mövsümdə də tam gücü ilə çalışaraq fərqli səhnə işlərinin təqdimatına hazırlaşır.

Teatrın mətbuat xidmətindən Reaksiya.az - a bildirilib ki, bunu mövsümün başa çatması ilə bağlı hesabat xarakterli çıxışında teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə deyib.

Direktor yeni səhnə əsərləri, festivallar və sənət hadisələri ilə zəngin mövsümdə fəal iştiraka, xüsusən ölkəmizdə keçirilən birinci Avropa Oyunları münasibətilə həyata keçirilən tədbirlərdə - kuklaların tərtibatı və rəssam işlərində yaxından iştiraka görə teatrın əməkdaşlarına təşəkkürünü bildirib.

İl ərzində istər teatrda nümayiş olunan tamaşalarda, istərsə də təqvimdəki xüsusi günlərlə bağlı keçirilən irimiqyaslı tədbirlərdə kuklaçıların fəal iştirakından söz açılıb.

Yeni mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını deyən direktor cari ilin noyabrın 15-dən 20-dək paytaxtımızda baş tutacaq növbəti teatr bayramı –"Cırtdan" III Beynəlxalq Kukla Teatrları Festivalı ilə bağlı da məlumat verib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə keçiriləcək bu möhtəşəm tədbirdə dünyanın aparıcı kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyini bildirib. O, festivalın açılışının maraqlı və rəngarəng olması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Qarşıdakı mövsümdə də hər kəsə uğurlar arzulayan direktor teatrın tamaşaçılarına yeni səhnə işləri ilə sürprizlər ediləcəyini də deyib.

Sonra balaca tamaşaçılar və digər qonaqların iştirakı ilə "Tıq-tıq və Taq-taqın nağılı" tamaşasına baxış olub.

Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi tamaşa özünün ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edə bilib.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edib.

Şərhlər