İstanbulda məşhur türk kino aktyoru Tarık Akan dəfn edilib
18.09.2016 22:18 Artreaksiya 1722
Türkiyənin məşhur kino aktyoru Tarık Akan İstanbulda dəfn edilib.
APA-nın məlumatına görə, Muhsin Ertuğrul adına teatrda keçirilən vida mərasimində jurnalist Nebil Özgentürkün 2005-ci ildə Tarık Akan barədə çəkdiyi sənədli film nümayiş etdirilib.
Mərasimdə çıxış edən aktyorun qızı Gamze Üregil deyib: “Atamın ölümündən sonra Türkiyə onu qazandı.Həmişə əməkçilərin tərəfində durdu.Onun sənətinin və ictimai fəaliyyətinin bundan sonra ölkəmizə daha çox fayda verəcəyinə inanıram”.
Mərasimdə Türkiyənin X prezidenti Əhməd Necdət Sezer , ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu,siyasət və sənət dünyasının tanınmış simaları iştirak ediblər.Təşvikiyyə məscidinə qılınan cənazə namazından sonra Tarık Akanın cənazəsi təxminən 20 min nəfərin müşaiyəti ilə doğub-böyüdüyü Bakırköy rayonuna aparılıb.Özgürlük meydanında Akanın cənazəsini gözləyən minlərcə insan Zuhuratbaba məhəlləsindəki qəbristanlığa qədər cənazə maşınını müşaiyət edib.Tarık Akanın cənazəsi Zuhuratbaba məhəlləsindəki qəbristanlıqda dəfn edilib. Təşvikiyyə məscidindəki cənazə namazı vaxtı APA-nın “Bu mərasimdən Azərbaycana hansı mesajı göndərmək istərdiniz?”- sualına Türkiyənin X prezidenti Əhməd Necdət Sezer “Azərbaycana salamlarımı söyləyin”- cavabını verib.
Qeyd edək ki, Türk kino sənətinin məşhur aktyorlarından biri olan Tarık Akan (Tahsin Tarık Üregil) 13 dekabr 1949-cu ildə İstanbulda hərbçi ailəsində anadan olub.1970-ci ildə “Səs” dərgisinin keçirdiyi kino aktyoru müsabiqəsində qalib gələrək 1971-ci ildə “Solan bir yarpaq kimi” filmində debütünü edib.1975-ci ilə qədər hər ildə 12 filmə çəkilən Tarık Akan həmin il “Hababam sinfi” filmində çəkildiyi Damat Fərid roluyla böyük şöhrət qazanıb.1979-cu ildə həbsdə olan rejissor-ssenariçi-aktyor Yılmaz Güneylə əməkdaşlıq etməyə başlayaraq Güneyin “Yol” və “Sürü” filmlərində oynadığı rollarla Avropada şöhrət qazanıb.12 sentyabr hərbi çevrilişindən sonra Almaniyadan Türkiyəyə qayıdarkən aeroportda həbs edilərək 3 ay hücrədə saxlanılıb. Akan həyatının o dönəmini 2009-cu ildə çıxmış “Kafamda bit var anne” kitabında yazıb.Yaradıcılığı boyunca 110 filmdə və 4 serialda çəkilən Tarık Akan aktiv ictimai fəaliyyəti ilə də Türkiyənin digər sənətkarlarından fərqlənib. Akan ölümünə qədər Nazim Hikmət və Əziz Nesin vəqfləri idarə heyətində olub. 1.5 il əvvəl ağ ciyər xərçənginə yaxalanan Tarık Akan sentyabrın 16-da saat 00.51-də həyata gözlərini yumub.
Şərhlər