Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun 100 illik yubileyi Tbilisidə qeyd olunub

27.09.2016 22:47     Artreaksiya     1577

Sentyabrın 27-də Tbilisidəki İvane Saracişvili adına Dövlət Konservatoriyasının akt zalında Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq Artisti, Tbilisi şəhərinin fəxri vətəndaşı Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Konservatoriyanın foyesində R.Behbudovun həyat və fəaliyyətinə həsr olunan foto sərgi açılmışdı.

Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu rektoru Georgi Dolidze tədbiri açdıqdan sonra Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələlər üzrə müşaviri Samirə Ağayeva, məşhur opera müğənnisi Nani Breqvadze, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək R.Behbudovun həyat və yaradıcılığından söz açıblar.

Səhnədə quraşdırılmış ekranda R.Behbudovun “Arşın mal alan” musiqili komediyasından gürcü dilində parçalar nümayiş etdirilib.

Gürcü müğənni və aktyorlar dahi sənətkarın mahnılarını ifa ediblər.

Nazir M.Georqarze jurnalistlərə müsahibəsində deyib: “Rəşid Behbudov təkcə Azərbaycanda və Gürcüstanda deyil, dünyada tanınmış müğənni idi. Onun yaradıcılığı, opera və xalq mahnılarını ifaçılıq qabiliyyəti hamını valeh edir. R.Behbudov bu gün də sevilir və bundan sonra da seviləcək. Azərbaycan və gürcü xalqları öz sənətkarlarına böyük qiymət verirlər. Bugünkü tədbir dediklərimin əyani sübutudur”.

Qeyd edək ki, R.Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə böyük marağı olan Rəşid sonradan Bakıda təhsilini və fəaliyyətini davam etdirib. Azərbaycanda və Gürcüstanda dahi sənətkarın yaradıcılığına böyük qiymət verilib.

Tədbiri Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi ilə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi birgə təşkil ediblər.

Yubiley axşamında Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Azərbaycanın Tbilisidəki səfirliyinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin əməkdaşları, Gürcüstanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.   AZƏRTAC

 

Reaksiya.az

 

Şərhlər