Azərbaycanlı modelyer girov götürüldü

30.09.2016 22:58     Artreaksiya     1817

Məşhur azərbaycanlı modelyer Leyla Əhmədova öz ofisində (“Modalar evi”) məkanı icarəyə götürdüyü binanın sahibi tərəfindən artıq beşinci gündür girov saxlanılır.

Bu barədə modelyerin özü məlumat verib.

Onun sözlərinə görə, Cəfər Cabbarlı 29 ünvanında yerləşən binanın sahibi Nizami Tofiq oğlu Ağayev inşaat biznesi ilə məşğuldur. İcarədar Leyla Əhmədovanın icarəyə götürdüyü məkanı tərk etməyi və böyük məbləğdə pul ödəməyi tələb edir.

2014-cü ilin fevral ayında modelyerlə Nizami Ağayev arasında məkanın beş il müddətinə iacərəyə verilməsinə dair müqavilə bağlanıb.

“Nizami Ağayev biznes tərəfdaşı Azər Lütfəliyev və digər qohumlarının dəstəyinə arxalanaraq hərəkət edir. Bu, “Nizami” metro stansiyası yaxınlığında yerləşən altımərtəbəli binadır. Qeyd etmək lazımdır ki, icarə haqqında müqavilə Ağayev və 9 saylı notarial kontorun notariusu Rəşadət Zülfüqar oğlu Sadıxov tərəfindən buraxılan müəyyən qanun pozuntuları ilə bağlanıb.

Müqavilə bağlanarkən biz qanun pozuntuları barədə bilmirdik. Məsələn, Ağayevin icarəyə götürdüyümüz binaya dair kupçasının olmadığını bilmirdik. Notarius bunu bilirdi, amma bizə deməyib. Bunu bilsəydik, müqavilə bağlamazdıq”, - zərərçəkən deyib.

Müqaviləyə əsasən, modelyer dörd mərtəbəni icarəyə götürüb və hər ay 24 min manat icarə verməli idi. Maliyyə böhranı ilə əlaqədar o, Ağayevdən müaviləyə bir də baxmağı tələb edib. O, iki üst mərtəbədən imtina edib və şifahi razılaşmaya görə, 14 min manat ödəməyə başlayıb.

Leyla Əhmədova Nizami Ağayevin müvafiq dəyişiklikləri sənəddə etdiyinə ümidvar idi. Amma əslində, müqaviləyə əsasən, əvvəlki kimi icarə üçün 24 min manat ödənməli idi.

Leyla Əhmədova icarə haqqını iki gün gecikdirib, Nizami Ağayev binanın ona aid olan hissəsində işığı söndürüb.

“Orda spa-salon, bahalı avadanlıq var. O, xəbərdarlıq etmədən elektrik enerjisini kəsə bilməzdi. Nəticədə avadanlıq yanıb. Nizami Ağayevin mənə 15 min dollar məbləğində ziyan vurmasına dair dəlillərim var. Hələ icarəyə götürülən məkanın bir milyon manata başa gələn təmirini demirəm. Bununla əlaqədar müstəqil audit təşkil edilib.

Bundan başqa, ofisdə Dubaydan gətirdiyim böyük məbləğə başa gələn mallar da var. Ağayevin hərəkətini başqasının əmlakını qanunsuz zəbt etməkdən başqa ad vermək olmaz”, - modelyer deyib.

Məkanın boşaldılmasına nail olmaq üçün Ağayev Xətai Rayon Məhkəməsinə müraciət edib. Bina sahibi Leya Əhmədovadan ona 270 min manatlıq icarə haqqı ödəməsinə tələb edir. Hakim Namidad Misirzadə təyin edilən ekspertizanın Əhmədovanın binanın təmirinə yatırdığı məbləği müəyyən etmədiyini nəzərə almayaraq, bu ilin sentyabrında Nizami Ağayevin tələbini təmin edib.

Leyla Əhmədova öz növbəsində məhkəmənin qərarından şikayət edib və hazırda Apellyasiya Məhkəməsi iş üzrə qərar çıxarmalıdır. Amma Ağayev məhkəmə qərarını gözləmədən sentyabrın 27-nə keçən gecə Əhmədovanın ofisinə öz adamlarını yollayıb.

Gələn adamlar binanın mühafizəçisini qovaraq qapını bağlayıblar, həmin vaxt hadisə yerinə gələn Əhmədovanı isə binanın bayırdan qorunacağını və heç nəyin itməyəcəyinə əmin ediblər.

Amma Əhmədova səhəri gün binaya arxa həyətdən daxil olarkən ofisin dağıdıldığını görüb. Onun sözlərinə görə, dekorasiyalar sındırılıb, parçalar, paltarlar və 30 min manat məbləğində pul oğurlanıb. Polisə oğurluq haqqında məlumat verilib. Oğurluq faktı üzrə cinayət işi açılıb, istintaq aparılır.

“Sputnik” öz növbəsində “Modalar evi”nin yerləşdiyi ərazidə 27 saylı Yasamal polis bölməsinə müraciət edib. Polis bölməsindən bildiriblər ki, məhkəmə qərarı olmadan bina sahibi icarəçini ərazidən çıxara və onun əmlakına zərər verə bilməz. Yəni, Nizami Ağayevin hərəkəti faktiki olaraq qanunsuzdur. Bundan başqa, Yasamal Rayon İcra Hakimiyyəti Ağayevə məhkəmə prosesinin davam etdiyi müddət ərzində heç bir tədbir görməməsinə dair dörd dəfə xəbərdarlıq edib. (“Sputnik”)

 

Reaksiya.az

Şərhlər