Tiflisdə “Pələng dərisi geyinmiş pəhləvan” əsərinin 850 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
04.11.2016 14:41 Artreaksiya 1690
Tiflisdə görkəmli gürcü klassiki Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərinin 850 illiyinə həsr olunan beynəlxalq elmi konfrans başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis Dövlət Universiteti və Gürcüstan Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbiri Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru, professor İrma Ratiani açıb. Konfransın açılışında İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Giorgi Şervaşidze, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezident İsa Həbibbəyli, akademik Roin Metreveli və başqaları çıxış edərək Tiflisdə keçirilən tədbirin əhəmiyyətindən danışıblar.
Beynəlxalq konfransa 8 dövlətdən nümayəndələr qatılıb.
Tədbirdə “Şota Rustaveli və Azərbaycan” mövzusunda çıxış edən İsa Həbibbəyli Gürcüstan və Azərbaycan əlaqələrinin qədim tarixə malik olduğunu və indi də uğurla davam etdiyini bildirib: “Tarixin müxtəlif dövrlərində gürcü və Azərbaycan mütəfəkkirləri dost olublar. Böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov ilə böyük gürcü maarifçisi Akaki Seretelinin, Cəlil Məmmədquluzadə ilə gürcü ziyalılarının, yazıçı Vaja Pşavelinin, Səməd Vurğunla Georgi Lomidzenin yaradıcılıq əlaqələri və dostluğu olub. Müstəqillik illərində Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi və mədəni əlaqələri və dostluğu regionda ədəbiyyatın, dostluğun inkişafına böyük töhfələr verib”.
İ. Həbibbəyli çıxışında Şota Rustaveli adına Ədəbiyyat İnstitutunda “Azərbaycan kitabxanası guşəsi” yaradılacağını bildirib.
Çıxışının sonunda akademik İ. Həbibbəyli xatirə olaraq Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru, professor İrma Ratianiyə müasir və qədim Bakını özündə əks etdirən neftlə çəkilmiş tablo hədiyyə edib.
Üç gün davam edəcək elmi konfransda Azərbaycan, Gürcüstan, İngiltərə, ABŞ, Fransa, Yaponiya, Bolqarıstan və digər ölkələrdən gələn alimlər “Pələng dərisi geyinmiş pəhləvan” əsəri ilə bağlı yeni araşdırmalar barədə çıxışlar edəcəklər.
Konfransın sonunda Cəlil Məmmədquluzadənin gürcü dilinə tərcümə olunmuş və Tiflisdə nəşr olunan kitabının təqdimatı da keçiriləcək.
Qeyd edək ki, Şota Rustaveli ilə bağlı Gürcüstanda dövlət səviyyəsində tədbirlər planlaşdırılıb və bu il "Pələng dərisi geyinmiş pəhləvan” əsərinin yubiley ili elan olunub.
Şərhlər