Elçin Əzizov: Azərbaycanlılar adlarını opera incəsənəti tarixinə yazırlar
12.11.2016 15:13 Artreaksiya 1780
Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyində tanınmış opera ifaçısı, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı Elçin Əzizovun mətbuat konfransı keçirilib.
Trend-in məlumatına görə, E.Əzizov jurnalistlərlə görüşdə Moskvada Böyük Teatrın səhnəsində özünün yaradıcılıq fəaliyyəti barədə danışıb, gələcək planları ilə bölüşüb. Görüş çox mehriban və səmimi şəraitdə keçib.
Söhbət bu il 55 illiyini qeyd edən Şən və Hazırcavablar Klubundan (ŞHK) başlayıb. E.Əzizov 1992-2001-ci illərdə ŞHK-nın əfsanəvi “Bakılı oğlanlar” komandasının tərkibində olub. “Bakılı oğlanlar” komandası 1992-ci il ŞHK Yüksək Liqasının çempionu, 1995-ci il ŞHK Yay kubokunun qalibi, ŞHK Super kuboku və “XX sərin ən yaxşı komandası” adının (2000-ci il) sahibidir.
Hazırda E.Əzizov Azərbaycanın yaradıcı intelligensiyasının yeni nəslinin parlaq nümayəndəsidir. Bundan başqa, o, Rusiyanın məşhur Böyük Teatrın solisti olmuş ilk azərbaycanlıdır. Hərçənd, onun gələcək həyat yolu seçimi qarşısında qaldığı vaxt olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetini “Kino rejissoru” ixtisası üzrə bitirib, kinoda çəkilib (Azərbaycan, Rusiya, Türkiyə), bir neçə film və teatr quruluşunun rejissoru olub.
E.Əzizov bildirib: “Mən oxumağa məşhur "Cücələrim" uşaq ansamblında başlamışam. Hələ sovet dövründə respublikanın əsas səhnəsində mühüm şəxslər və partiya işçiləri qarşısında xorun aparıcı solisti qismində ifamı xatırlayıram. O zaman qorxulu adı olan "Salam, kommunizm" mahnısını ifa etdik (gülür). Mənim səsimin mutasiya dövrü idi və konsertdən sonra nəinki səsini itirdim, hətta danışa bilmirdim. Ümumiyyətlə, kommunizm ilə bəxtim gətirmədi (gülür). Sonra bərpa oldum və artıq gənc yaşlarında növbəti çıxışım "Bakılı oğlanlar” komandasının heyətində oldu. Çox gözəl komanda idi və orada iştirak “Bakılı oğlanlar” komandasının hər bir artistinin şəxsiyyətinin formalaşmasında vacib rol oynayıb. Yeri gəlmişkən, bu il məni Dövlət Kreml Sarayında keçiriləcək yubiley oyununda iştirak etməyə dəvət ediblər. Mən dəvətə görə səmimi təşəkkürümü bildirdim, amma Bakıda planlaşdırılan "Karmen" tamaşasına görə alınmadı. Gözəl illər idi!”.
Onun sözlərinə görə, həmin illər opera ifaçısı olmaq fikrində belə olmayıb: “Halbuki bir çoxları gözəl səsimin olduğunu qeyd edirdilər”. Və nəhayət, E.Əzizov həyatında yeni səhifə açmaq qərarına gəldi. 29-30 yaşlarında klassik vokal ilə məşğul olmağa başladı, Zaltsburqda (Avstriya) “Motsarteum” konservatoriyasında təhsil alıb və Bakıya qayıdıb.
Təsadüfən həmin vaxt Qalina Vişnevskaya Bakıya gəlib, E. Əzizovu dinləyib və onu özünün mərkəzinə dəvət edib. Bununla da o, 2007-ci ildən Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin stajçısı və solisti olub, 2008-ci ildən isə Böyük Teatrın opera truppasının solistidir. Opera müğənnisi və balet ustaları üçün Böyük Teatrın truppasına düşmək idmançının Olimpiadada qalib gəlməsinə bərabərdir. Rusiya, Avstriya, İtaliya, Fransa, Mərakeş, ABŞ və digər ölkələrdə böyük uğurla çıxış edib.
E.Əzizov deyib: “2008-ci ilin noyabrında Böyük Teatrın opera truppasının ştat solisti oldum. Bu çox gözəl və ifadə oluna bilməyən hisslər idi! İlk günlərdən Böyük Teatrda qabaqcıl partiyaları ifa etməyə başladım. Çaykovskinin “İolanta” operasında mavritaniyalı həkim İbn Hakiyə partiyasındakı debütüm karyeramda taleyüklü oldu və Avstriya, İtaliya, Polşa və ABŞ-ın qabaqcıl səhnələrinə qapıları açdı. Böyük Teatrın solisti olmaq təkcə böyük şərəf deyil, həm də cəmiyyətdəki davranışa müəyyən iz qoyan böyük məsuliyyətdir. Üstəlik, öyrəndim ki, Böyük Teatrın iki əsrdən çox tarixi ərzində truppanın ştat solisti olan ilk azərbaycanlıyam. Və bu mənim üçün böyük fəxr idi! Bir ildən sonra bizim daha bir gözəl ifaçımız oldu- azərbaycanlı Dinara Əliyeva. Biz bir çox tamaşalarda oynadıq və o özünün məharəti ilə tamaşaçıları və opera incəsənəti sevərlərini fəth edirdi. Hazırda Avropada Əvəz Abdulla və Azər Rzazadə böyük uğurla çıxış edirlər. Daha bir fəxrimiz dostum Yusif Eyvazovdur. Ötən ay Böyük Teatrda Cakomo Puççinin “Manon Lesko” operasının premyerası uğurla keçdi, premyerada əsas partiyanı Yusif Eyvazov, onun həyat yoldaşı, dünya ulduzu Anna Netrebko və mən ifa etmişik. İki azərbaycanlı vokalçı bir tamaşada idilər, Rusiya KİV-ləri bu barədə premyeradan hələ bir əvvəl yazırdılar, sonra isə əsl triumfun olduğunu vurğulayırdılar. Əgər tamaşaçı olsaydım, dünya səhnəsində həmyerlilərimizin bu cür uğuruna görə gözlərimdən iftixar göz yaşları axardı! Hələ Azərbaycanın opera incəsənəti tarixində dünyanın məşhur səhnələrində eyni zamanda çıxış edən bu qədər gözəl vokalçı olmayıb. İnsan pasportunu, yaşayış yerini dəyişə, digər ölkənin vətəndaşı ola bilər, lakin o heç vaxt milliyətini dəyişməz. Dünyanın heç bir yerində hansı ölkəni təmsil etdiyini soruşmurlar, hansı millətə mənsub olduğunu soruşurlar. Və biz deyirik – azərbaycanlı və bu çox qürurla səslənir! Hazırda azərbaycanlılar adlarını opera incəsənəti tarixinə yazırlar”.
E.Əzizov qeyd edib ki, noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış etmək üçün Moskvadan Bakıya gəlib. E. Əzizov bəstəkar Jorje Bizenin dünya opera incəsənətinin xəzinəsi sayılan “Karmen”də Eskamilyo partiyasını ifa edəcək. Opera teatrının rəhbərliyilə Karmen partiyasını ifa etmək üçün ilk dəfə olaraq Avropada ən çox tələb olunan opera müğənnilərindən biri, Vrotslavsk opera teatrının (Polşa) qabaqcıl solisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı İrina Jitinska dəvət edilib. Tamaşada, həmçinin Ukrayna Milli Operasının öncül solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Andrey Romanenko (Xoze partiyası), eləcə də opera və balet teatrının qabaqcıl solistləri iştirak edəcəklər.
E.Əzizov bildirib: “Birlikdə çox çıxış etdiyimiz İrina Jitinska Bakıda iştirak etməyə dəvət alanda mənə zəng edərək dedi: “Mən sənin vətənindən dəvət almışam”. Mən cavab verdim: “Düşünmədən razılaş!”. İki ildir doğma Bakıda çıxış etmirdim və çox həyəcanlanıram. Başa düşürsünüz, doğma səhnədə çıxış etmək böyük məsuliyyətdir, çünki bilirsən ki, zalda dostların, doğmaların və yaxınların əyləşiblər, onların simalarını görürsən və istəyirsən ki, hər şey ən yüksək səviyyədə keçsin. Lakin bu məni daha da ruhlandırır və güc verir ki, bütün məharətimi göstərim və ürəyimin əziz tamaşaçılarını sevindirim! Bu mənada mən çox xoşbəxt insanam!”.
Yekunda artist əlavə edib ki, azərbaycanlı klassiklərin əsərləri üzrə operada çıxış etməyi, eləcə də operanı tamaşaya qoymağı arzu edir: “Mənim rejissor ixtisasımla opera ifaçılığını bir araya gətirərək bir sıra tamaşalar qoymaq kimi böyük arzum var. Səhnədəki təcrübəm, gözəl rejissorlarla, aktyorlarla və vokalçılarla iş bu arzunu həyata keçirməkdə mənə əminlik verir. Öz potensialımı hiss edirəm və düşünürəm ki, gələcəkdə buna müəssər olacam. Bunun Bakıda, Moskvada və ya digər şəhərdə olacağını isə zaman göstərəcək”.
Mətbuat konfransından sonra jurnalistlər E.Əzizovu uzun müddət buraxmayıblar, onların hər biri öz sualını verir, şəkil çəkdirirdi, öz aralaında isə deyirdilər: “O, Azərbaycanın əsl iftixarıdır!”.
Şərhlər