Lətif Kərimovun xatirəsinə həsr edilmiş sərgi açılıb

18.11.2016 12:25     Artreaksiya     1780

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyində xalq rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş “Lətif Kərimov: Xalça sənətinə həsr olunmuş həyat sərgisi” açılıb.

 

APA-nın məlumatına görə, sərgi Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyində saxlanılan Lətif Kərimovun əsərlərini bir arada birləşdirir. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva nazirliyin təşəbbüsü ilə dünya şöhrətli xalçaçı-rəssam, alim, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş silsilə tədbirlərin keçiriləcəyini bildirib. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə Bakıda Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondunun yaradıldığını söyləyən nazir müavini deyib ki, görkəmli xalçaçı-rəssama həsr edilmiş beynəlxalq simpozium da keçiriləcək.

 

Xalça Muzeyinin direktoru Şirinxanım Məlikova qeyd edib ki, sərgidə L.Kərimovun müəllifi olduğu 100-ə qədər xalça eskizləri, onların əsasında toxunan 15 xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunur. Onun sözlərinə görə, muzeyin kolleksiyasında L.Kərimovun müəllifi olduğu 35 xalça və 100-dən çox xalça eskizi saxlanılır.

 

Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə iştirak edən Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin direktoru Yelena Titova bu sərgiyə töhfə olaraq L.Kərimovun 1934-cü ildə toxuduğu “Firdovsi” xalçasını, eyni zamanda onun toxuduğu başqa 6 ədəd xalça və 4 ədəd xalça məmulatı gətirdiyini söyləyib.

 

Sərgi çərçivəsində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçirilib. 

 

Sərgi yanvarın 18-dək davam edəcək.

Şərhlər