Tanınmış alim İbrahim Yıldırımın 80 illik yubileyi qeyd edildi
28.11.2016 16:44 Artreaksiya 1955
Atatürk Mərkəzi və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşkilatçılığı ilə İstanbul Universitetinin professoru, dünya şöhrətli plastik-cərrah, görkəmli elm adamı, tarixi-etnoqrafik araşdırmalar müəllifi İbrahim Yıldırımın 80 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Görüşü açan Mərkəzin müdiri, AMEAnın müxbir üzvü, millət vəkili Nizami Cəfərov soy-kökü Qazax rayonuna bağlı olan yubilyarın ulularının XIX yüzilin sonlarında çar imperiyasının “milli azlıq”lara yaşatdığı məşəqqətli həyat üzündən yüzlərlə soydaşımız kimi öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmasından, qardaş Türkiyənin Amasya vilayətində məskunlaşmasından söz açdı. Müstəqilliyimizin ilk illərində Ermənistanın Azərbaycan Respublikasına qarşı başlatmış olduğu elan olunmamış müharibədə yaralanmış döyüşçülərimizin Azərbaycanda, qardaş Türkiyədə və xarici ölkələrdə müalicə olunmasında, ölkəmizə dərman ləvazimatlarının gətirilməsində, Azərbaycan səhiyyəsinin inkşafında, özəlliklə, tibb kadrlarının hazır-lanması məqsədi ilə azərbaycanlı gənclərin qardaş Türkiyənin ali təhsil ocaqlarında oxuması yönündə prof.dr. İbrahim Yıldırımın xidmətlərindən söz açdı. N.Cəfərov yubilyarın Azərbaycanı sevən, bu sevgini praktik müstəvi üzərində geniş əks etdirən, müstəqilliyimizin möhkəmlənməsinə özünəməxsus dəstək verən bir parlaq şəxsiyyət olaraq xarakterizə edərək, onu bir daha əlamətdar yubileyi münasibəti ilə təbrik etdi.
Millət vəkili, ABAİ İB prezidenti dos.dr. Qənirə Paşayeva öz çıxışında prof.dr. İbrahim Yıldırımın həyat və yaradıcılığı haqqında geniş bilgi verdi, onun həyatını gənclər üçün bir örnək adlandırdı. Amasya vilayətinə bağlı Merzifon elində doğulmuş İbrahim Yıldırımın Azərbaycan əsilli şair Molla Vəli Vidadinin nəticəsi olan Fiqən xanımla ailə qurması, İstanbul Universitetinin Tibb fakültəsində ali təhsil alması, Avropanın aparıcı ali təhsil və tibb müəssisələrində cərrah, alim kimi fəaliyyət göstərməsi, elmi zirvələr fəth etməsi və nəhayət İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində həkimlik fəaliyyəti haqqında bilgi verən xanım Paşayeva, 80 illik parlaq ömrün, kamillik, müdriklik, əzmkarlıqla süslənmiş heyrətamiz bir ömür olduğunu vurğuladı: “Professor İbrahim Yıldırım fəaliyyətinin bütün sahələrində örnəkdir, kamildir, bütövdür. Dünyada baş verən proseslərə özünəməxsus baxış bucağı, fərqli təhlil etmə qabiliyyəti olan İbrahim Yıldırım, bir çox beynəlxalq miqyaslı, yetərincə ciddi, nüfuzlu elmi, ictimai qurumların üzvüdür. Professorun dərin təfəkkürə və güclü məntiqə əsaslanan fikir və təklifləri bir çox hallarda həlledici rol oynayır. İbrahim Yıldırım dünya şöhrətli cərrah olmaqla yanaşı, öz xalqının ağrılarına aşina bir şəxsiyyətdir; milli musiqimizin qorunmasından tutmuş, milli tarix bilincinin gənc nəsillərə çatdırılması, eləcə də, neçə-neçə parlaq Azərbaycan əsilli aydınımızın qardaş Türkiyədəki çalışmalarının araşdırılması, onların irsinin qorunması sahəsində böyük əmək sərf etmiş abidə-insandır.
Professor İbrahim Yıldırım ciddi şəkildə tarixi-etnoqrafik araşdırmalarla məşğuldur. Onun bu araşdırmaları tariximiz, ədəbiyyatımız, folklorumuz, milli mənəvi dəyərlərimizlə bağlıdır. Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, tarixi şəxsiyyətləri ilə bağlı araşdırmalarından sonra professor İbrahim Yıldırım “Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar”, “Türkiyədə Azərbaycan kültürü”, “İstanbul Universitetini bitirmiş azərbaycanlılar” və b. əsərləri, adından da göründüyü kimi, dediklərimizin, necə deyərlər, kitablı sübutudur”... Sözlərinə davam edən xanım millət vəkili qeyd etdi ki, “beynəlxalq tibb ictimaiyyətinin yaxşı tanıdığı simalardan olan professor İbrahim Yıldırım, uzun illərin gərgin əməyi nəticəsində tibb elmində bir çox ilklərə imza atıb. Dəyərli alimin elmə verdiyi töhfələr öz müsbət sonucları ilə zaman-zaman həm müəllifə, həm də mənsub oldğu xalqa şöhrət gətirib. Professorun ayrı-ayrı xarici ölkələrdə keçirilən elmi konfranslardakı məruzələri həmişə yüksək qiymətləndirilib; fikirlərini bir neçə dildə səlist və sərbəst ifadə etməyi bacaran İbrahim Yıldırım elmi simpoziumların ən dəyərli iştirakçılarından birinə çevrilib. Onun Azərbaycan adına yaratmış olduğu əsərlər yalnız kitablar deyil, yetişdirdiyi görkəmli mütəxəssislərdir.
Prof.dr. İbrahim Yıldırım müstəqilliyimizi yenidən qazandığımız illərdən başlayaraq 100-ə yaxın azərbaycanlı gəncin qardaş Türkiyədə yüksək səviyyədə tibb təhsili alaraq yetişməsini həyata keçirən böyük bir aydındır deyən millət vəkili Q.Paşayeva onun Vətəni necə sevməyin ən gözəl örnəklərindən biri olduğunu xüsusi vurğulayıb. Onlardan ikisi bugün bizimlə yanaşı bu konfransda iştirak edir: ürək cərrahı Kamran Musayev, plastik-cərrah Vaqif Qələndərli”... Tanınmış həkimlər Kamran Musayev, Vaqif Qələndərli, Qardaş Türkiyədən gəlmiş aydınlar – İmdat Avşar və dünya şöhrətli alim, ürək cərrahı Bingür Sönməz çıxış edərək, prof.dr. İbrahim Yıldırımı bütün varlığı ilə Azərbaycana bağlı insan kimi xarakterizə etdilər. Gərgin iş qrafikinə baxmayaraq, onun ardıcıl olaraq doğma Azərbaycana səfər etməsi, Azərbaycanın ən ağır və həm də ən xoş günlərində öz sözünü dediyi, mövqe göstərdiyi, təmənnasızlığı, xeyirxahlığı, prinsipallığı barədə məhəbbətlə söz açdılar. Sonra yubilyarın istəyi ilə onun Aşurbəylilər, prof.dr. Bingür Sönməzin isə Sarıqamış olayları ilə bağlı görüntülü tarixi araşdırma məruzələri dinlənildi. Tədbirdə iştirak edən bir sıra tanınmış ziyalıların çıxışlarından sonra Prof.dr. İbrahim Yıldırım iştirakçıları maraqlandıran suallar cavablandırdı. Tədbir üçün təşəkkürünü bildirən Prof.dr. İbrahim Yıldırım ana Vətənində bu cür böyük diqqət və qayğıdan çox duyğulandığını bildirib və gənclərə Vətəni sözdə deyil, əməldə sevməyin önəmi ilə bağlı fikirlərini və tövsiyyələrini söyləyib.
Reaksiya.az
Şərhlər