“Fitnə” filmi Dövlət Neft və Sənaye Universitetində nümayiş etdirilib

05.12.2016 15:41     Artreaksiya     1662

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, filmin nümayişindən sonra ali məktəbin rektoru professor Mustafa Babanlı dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə böyük təsirə malik olduğunu bildirib.

Filmin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

DQİDK-nin sədri Mübariz Qurbanlı gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin əhəmiyyətindən danışıb. O, ölkəmizdə dövlət və din münasibətlərinin tənzimlənməsi, dini icmalarla işin qanunauyğun təşkili, dini ibadət və mərasimlərin milli-mənəvi dəyərlərimizə və dövlətçilik prinsiplərinə uyğun keçirilməsi, qeyri-ənənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması sahəsində görülən tədbirlərə toxunub.

Bildirilib ki, filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını deyən M.Qurbanlı Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirib.

Qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

 

Şərhlər