Gəncənin Aşıq Zeynalı... - UNUDULANLAR...
03.06.2015 17:41 Artreaksiya 1818
Əzizim, aşıxlara,
Zülfü dolaşıxlara.
Dərtdən saz götürrəm,
Qoşullam aşıxlara.
Bəli, dərdi-qəmi, sevinci-şadlığı, zamana sığan və sığmayan bütün duyğuları xalqımız sazla ifadə etməyi bacarıb. Sazın ululuğuna, aliliyinə inanıb və bu inanca sadiq qalıb...
1937-ci ildə Aşıq İslam Yusifovun Gəncədə təşkil etdiyi 25 nəfərdən ibarət aşıqlar ansamblı da xalqımızın öz hissi, duyğusu ilə saza bağlılığının növbəti təzahürü idi. Bu ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ongünlüyündə iştrak etmişdir. İndi haqqında danışacağım Aşıq Zeynal da məhz həmin ansamblın üzvü olub, Moskavada kollektivlə birgə çıxış edib.
Məmmədov Zeynalabdin Muxtar oğlu 1924-cü il iyunun 10-da Gəncədə anadan olub. 7 saylı orta məktəbin cəmi 5 sinfini bitirib. Ustadı qohumu-bacısının qaynatası Qaraçı oğlu İbrahim olub. Ansambla daxil olanda Aşıq Zeynalın cəmi 13 yaşı olsa da öz istedadı ilə fərqlənməyi bacarıb. Və tezliklə əsl ifaçı aşıq kimi şöhrət qazanıb. Deyilənə görə, Aşıq Zeynal 72 saz havasının hamısını çalıb-oxuya bilirmiş. İnsanın daxilindəki fırtınalardan tutmuş üzündəki sərin mehə bənzər təbəssümünə qədər ifadə edə bilən saz havalarını belə mükəmməl bilməsi onun öz sənətinin əsl vurğunu olduğunu bir daha təsdiq edirdi.
Goranboylu Şair Səfər şeirlərinin birində deyir:
Get Gəncəyə, Zeynalı gəz,
Abır-həya cəmdi, qərəz.
Yekəliyi qəti sevməz,
Uca səsli, el tanıyır.
Bəli, Aşıq Zeynal çox abır-həyalı, oturuşunu-duruşunu bilən, sözünü düşünüb-danışan adam olub. Qadın olan məclisə getməz, hər adamın yanında çalıb-oxumazdı. Oxuyanda üç gün sərasər oxusa, yenə yorulmazdı.
Tovuzlu Aşıq Əkbər dörd ildən çox onun yanında balabançılıq edib. Ustad aşığın sənətinin davamçısı kimi o da aşıqlıq sənətinə yiyələnib. Ardıcıl olaraq Aşıq Zeynalın balabançıları aaşğıdakılardır:
1.Aşıq Əkbər
2.Yolbasan Hüseyn
3.Fərhad
4.Binnət
Hazırda balabançı Binnətin oğlu Elxan Aşıq Mayısın balabançısıdır.
Aşıq Zeynal bir çox aşıq və şairlərlə yaradıcılıq əlaqəsində olub. Özü şeir yazmadığına görə istedadlı şairlərin şeirlərinə maraq göstərib. Ən çox müraciət etdiyi müəlliflər sırasında ustadlardan Aşıq Ələsgər, Aşıq Şəmşir, Xəstə Qasım və başqalarının, müasirlərindən isə Borsunlu Məzahir Daşqın, Goranboylu şair Səfər, Alqayıtın adını çəkmək olar. Hətta, bir çox müəlliflər öz şeirlərində onun adını da çəkiblər.
Alqayıt “Gözüm var mənim” şeirinin dördüncü bəndində yazıb:
Musiqi deyilən cahı-cəlalın,
Gəlin, ürəyimdə seyrinə dalın.
Aşıqlar ustadı Aşıq Zeynalın,
“Cəngi” havasında gözüm var mənim.
Bu şeirdən də göründüyü kimi, aşığın çaldığı havalar insanların ruhuna hopub. Ustad bu havaları eşidənlərə, duyanlara sevdirə bilib, və nəhayət, çaldığı, dərinliyinə inamla baş vurduğu havalarla öz adını könüllərə, yaddaşlara yaza bilib.
Aşıq Zeynal Böyük Vətən Müharibəsində iştirak edib. Və orada sol əlinin iki barmağının hərəkət qabiliyyətini itirib.
Oğlu Şahmirin dediklərindən:
-Atam danışardı ki, barmaqları müharibədə şikəst olub. Döyüşlərin birində yaxınlığında bomba partlayıb. Düz üç gün torpağın altında qalıb. Qolu qırılıbmış. Elə o gündən sazı üç barmaqla çalıb, ta ömrünün sonuna qədər.
Aşıq Zeynalın on övladı olub: 5 qız, 5 oğlan. Böyük qızı Solmaz (1946), sonra oğlu Cuma (1948), ardınca da Ulduz (1950), Paşa (1952), Natiq (1954), Afət (1958), Mətanət (1960), İradə (1962), Şahmir (1964), Məhəmməd (1966). Bunlardan İradə dünyasını dəyişib.
Aşıq Zeynal oğlanlarının da sənət sahibi olmasına böyük önəm verib. Oğlu Cuma yaxşı saz çalmaqla bərabər həm də gözəl səsə malikdir. Şahmir isə istedadlı və artıq el şənliklərində xalqın sevimlisinə çevrilən qarmon ifaçısıdır. İncə ruhunu musiqiyə kökləyən nəslin daha bir sözə dəyər verəni də Şahmirin oğlu Samirdir. O da gənc olmasına baxmayaraq, istedadlı xanəndə, gözəl muğam ifaçısıdır.
Deyirlər, insan yaşlaşdıqca, müdrikləşdikcə sevgiyə, hisslərə və insani dəyərlərə daha mötəbər yanaşır. Bəlkə də elə buna görə ayrılığa dözmək də illərin yükünə tab gətirmir, ağırlaşır... Aşıq Zeynalın həyat yoldaşı Qarmon xanım 1992-ci ildə haqq dünyasına qovuşur. O gündən aşıq əlinə saz almır, çalıb-oxumur. Ayrılığa isə cəmi beş il dözə bilir. 1997-ci ildə aşıq özü də haqqın dərgahına yol alır.
“Kirovabad kommunisti” qəzetinin 1978-ci il 3 iyun tarixli sayında A.Şərifov “Şəhərimizin aşıqlar ansamblı” məqaləsində yazır:
“Bu günlərdə Lenin adına Mərkəzi Mədəniyyət və İstirahət Parkındakı yay teatrında ansamblın maraqlı proqramla çıxışı olmuşdur... Aşıq Zeynal Məmmədovun çıxışını səbirsizliklə gözləyən tamaşaçıları bu mahir sənətkar öz gözəl, təravətli və ipək zərifliyinə bənzər səsi ilə “Koroğlu”, “Əsli və Kərəm” dastanlarından ifa etdiyi şeirlərlə sevindirmişdir. O, “Çoban bayatısı”nı elə ustalıqla ifa etmişdir ki, qulaq asanlar xeyli müddət o gözəl təsirdən ayrıla bilməmişlər”.
Məqalədə yazıldığı kimi, doğrudan da, insanlar Aşıq Zeynalın ifasını həmişə həvəslə, səbirsizliklə gözləyib. İstər qəmli, istərsə də şadlıq ifadə etən havaları ustad aşıq elə məharətlə ifa edirmiş ki, qulaq asanlar bir an içində könlünün baharını da, sazağını da yaşayırmış...
***
Gədəbəyli Şir Aşıq Zeynalı Gədəbəydə bir toya aparır. Toyun şirin yerində Aşıq Zeynal baxır ki, qoltuqağacıyla yeriyən bir ağsaqqal kişi mağara girdi. Ancaq, aşığın şövqlə oxumasını görüb hava qurtarana kimi elə ayaqüstəcə qulaq asır. Hava qurtaranda oturur. Üzünü aşığa tutub deyir:
-Bir şeir deyəcəm, cəmi üç bənddi. Əgər bu aşıq onu açdı, açdı, açmadı, sazını əlindən alıb yola salacam.
Şir kişini tanıyır, deyir:
-Səməd dayı, bu aşıq şair deyil, onu incitmə. Şeirini de, hər məclisdə oxusun, şöhrətləndirsin.
Səməd kişi şərtini belə kəsir:
-Əgər mənə bir təzə plaş alsan, şeirin özünü də, açmasını da deyəcəm.
***
Oğlu Şahmirin dediklərindən:
-Bir gün Goranboyda toydaydıq. Mən qarmon çalırdım, bacım oğlu İlham da nağara. Oynaq mahnılarda aşığa yoldaşlıq edirdik. Birdən içəri bir kişi girdi. Başımızı sığallayıb soruşdu:
-Bunlar kimin uşağıdır, maşallah?
Aşıq Nüsrət dedi ki, Aşıq Zeynalın. Kişi bu dəfə də dönüb balabançı ilə sürücüyə nəzər saldı. Bir də soruşdu:
-Bunlar kimin uşağıdı bəs?
Aşıq Nüsrət yenə baməzəliyindən qalmadı:
-Mənim... Biri ağıllıdı, bir maşın alıb vermişəm sürür, o birisi də dəlidi, elə bir zurna vermişəm ki, püfləsin.
***
Oğlu Cumanın dediklərindən:
-Biz bir növ ailə ansamblı kimi də məclislər aparmışıq. Atam saz çalırdı, mənlə Məhəmməd xanəndə kimi oxuyurduq, Şahmir qarmon, Paşa ilə bacım oğlu İlham isə nağara çalırdı. Sonra İlham rəhmətə getdi.
***
Dünyanın gəlimli-gedimli olmasını hər kəs anlayır. Lakin, söz adamının ruhunda bu anlam öz boy-buxununu da söz-söz, misra-misra göstərir. Deyilənə görə, Aşıq Zeynal həmişə sözünün əvvəlində-axırnda bu şeiri deyərmiş:
Ay ağalar, ay qazılar,
Dünya kimə qalacaqdı?
Əzizliklə can bəslədik,
Axır fələk alacaqdı.
Şeirin müəllifinin aşığın özü olmadığı dəqiqdir. Çünki, Aşıq Zeynal heç bir zaman şeir yazmayıb. Ancaq bu bircə bəndlik şeir onun ruhuna, düşüncəsinə elə hakim kəsilib ki, bir növ ustadın həyat fəlsəfəsinin lakonik təsvirinə çevrilib. Bəndin sonunda müəllifin adını çəkmədiyinə görə idə şeirin məhz kimə məxsus olduğu məlum deyil.
***
Oğlu Şahmirin dediklərindən:
-Atam söyləyirdi ki, bir dəfə Qaraçı oğlu İbrahimlə Borçalıda yeddi gün toy aparıb. Həmin toyda bir gün oxuyublar, gecə ev yiyəsinin qonaq evində qalıblar. Atam deyir, gecə yatmamışdım. Bir də gördüm qapını bir adam aralayıb girdi. Özümü yuxuluğa qoydum ki, görüm kimdi, neynir. Həmin adam yaxınlaşıb birinci balabançının üzünə baxdı, sonra mənim üzümə baxdı, axırda ustada (Qaraçı oğlu İbrahim) yaxınlaşdı. Onun yanında diz çöküb ustadın alnından öpdü, sonra çıxdı getdi. Mən səhər oyananda bunu ustada danışdım. Ustad dedi ki, o adam toya gəlsə mənə göstərərsən. Elə toyda bir-iki saat oxumuşduq ki, gördüm həmin adam gəlir. Ustada götsərdim. Ustad onu yanına çağırıb gecəki əhvalatı soruşdu. Həmin adam cavab verdi:
-Biz yeddi nəfər oğurluğa getməyə hazırlaşırdıq. Dünən sənin oxuduğun hikmətamiz şeirlərə qulaq asa-asa getmədim, burda qaldım. Həmin altı nəfəri oğurluğa gedəndə tutublar. Ona görə sənin alnından öpdüm ki, sənə qulaq asıb getmədim, indi sağ-salamatam.
Şərhlər