“İçəri şəhər” filmi “Kozhikode” Beynəlxalq Film Festivalında

03.02.2017 07:59     Artreaksiya     1540

“İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb.

Bakı. Trend: “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, fevralın 10-dan 16-dək Kerala ştatının Kozhikode şəhərində keçiriləcək festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina istehsalı olan filmlər nümayiş etdiriləcək. “İçəri şəhər” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar. “İçəri şəhər” filmi hazırda Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilir.

Şərhlər