İlham Əliyev sərəncam imzaladı

25.07.2015 18:26     Artreaksiya     1523

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

“Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə qarşılıqlı faydalı münasibətlər qurmuşdur. Əlaqələrin daim yüksələn xətt boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində respublikada islam ölkələrinin qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumları keçirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının 2015-ci il 23–27 noyabr tarixlərində Bakı şəhərində keçirilməsini təmin etsin.

2. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Şərhlər