Leoni Mergenin "Qarabağ Kolleksiyası" London Moda Həftəsində nümayiş olunub

20.02.2017 16:47     Artreaksiya     1846

Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

Ötən həftənin sonunda Berlində yaşayan gənc dizayner Leoni Mergenin yeni füsunkar “Qarabağ Kolleksiyası”nın Böyük Britaniyada təqdimatı keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, 18 komplektdən ibarət kolleksiya xətti Azərbaycanın Qarabağ bölgəsinin irsi və mədəniyyətinə tamamilə yeni yanaşmanı göstərir.

Bu təqdimat kolleksiyanın Berlində keçirilən “Mercedes-Benz” Moda Həftəsində olan dünya premyerası və daha sonra yenə də Almaniya paytaxtında “L’Oréal Professionnel” brendinin hər il keçirilən tədbirində yüksək səviyyəli nümayişindən sonra keçirilib.

London Moda Həftəsi adətən beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən artıq insanı cəlb edir.

Tədbirdən sonra TEAS tərəfindən Londonun Şorditç rayonunda yerləşən Andaz Studiyasında keçirilən ziyafətdə 100-ə yaxın yüksək təbəqədən olan moda sevərlər iştirak edib. Tədbir BBC və AzTV tərəfindən işıqlandırılıb.

Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır.  Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri auditoriya tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir. 

“Sleek” jurnalı yazır ki, “Dizayner dərin kəsilmiş yaxaları uzunqol örtüklərlə nazik parıltılı dəri və incə ipəklə kombinasiya etmiş və bununla qədim İpək yolunda birləşdirici mərkəz olmuş Azərbaycanın irsinə müraciət etmişdir. Dizaynerin ilk özünəməxsus nümayişində həndəsi formada olan göy və tünd qırmızı rəngli ornamentlər regionun məşhur kilimlərini xatırladır”.

Şərhçi Harri Let “C-Heads” jurnalı üçün yazısında qeyd edib: “Əşyalar formasına görə təvazökar olsa da xəz, ipək, məxmər və dərinin birləşməsi onları çox zəngin və mürəkkəb edir: bunlar dərin, cəlallı rənglərlə bərq vuran və mülayim, klassik tekstura ilə zəngin olan əşyalardır. Mergen həqiqətən ənənə pərəstişkarıdır və bizə ənənənin tərəqqi ilə necə birləşə bildiyini göstərir; biz irəli getmək üçün ənənələrdən imtina etməməliyik, biz onları azad və dürüst şəkildə əhatə etməliyik”.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib: ““Qarabağ kolleksiyası" TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən “Qarabağ kolleksiyası”nın təqdimatı çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar