“Baku Chamber Orchestra” YARAT Müasir İncəsənət Mərkəzində

22.02.2017 16:50     Artreaksiya     1699

Reaksiya.az xəbər verir ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində fəaliyyət göstərən “Baku Chamber Orchestra” - gənclər kamera orkestri, yarandığı gündən etibarən fasiləsiz olaraq çalışır. Həm konsertlərlə, həm yeni layihələrlə vaxtaşırı dinləyicilərin qarşısına çıxan gənc musiqiçilər gördüyü maraqlı, professional səviyyədə işlərlə  hər kəs tərəfindən rəğbət qazanır. Yenicə “Musiqili fasilə” adlı kreativ layihələrini musiqisevərlərə təqdim edən orkestr ardınca YARAT Müasir İncəsənət Mərkəzində daha bir konsert proqramı ilə çıxış etdi.

Bu qarlı şənbə günündə baş tutan konsertdə “Baku Chamber Orchestra”  dinləyicilər qarşısında sehirli atmosfer yaratmağa nail oldu. YARAT Müasir İncəsənət Mərkəzinin daxilindəki yaradıcı abu-hava fonunda son dərəcə məsuliyyət və dəqiqliklə seçilmiş əsərlərin səslənməsi əsrarəngiz idi. Orkestrin bədii rəhbəri və dirijoru Fuad İbrahimovun da öz çıxışında qeyd etdiyi kimi, əsərlərin seçimi zamanı hər təbəqədən dinləyici nəzərə alınmış, hər kəsin qəlbini oxşayacaq əsərlərin səsləndirilməsi planlaşdırılmışdı.

Belə ki, proqramda yerli və xairici bəstəkarların - Q.Qarayev, Niyazi, F.Hendel, İ.S.Bax, A.Piazzolla və b. əsərləri yer alırdı. Konsertə paralel olaraq qoyulmuş sərgi  istedadlı gənc rəssam Faiq Əhmədə aid idi. Yan tərəfdə baş tutan sərgi ilə bahəm ifa olunan əsərlərə əsas ideya olaraq milli ruhun önə çəkilməsi təyin olunmuşdu. Sərgi öz növbəsində musiqi əsərləri ilə sanki bütünlük təşkil edirdi. Tərbirin maarifçi yöndə təşkil olunması gecənin əhəmiyyətini daha da artırırdı. Belə ki, hər bir musiqi nömrəsindən öncə  maestro Fuad İbrahimov ifa olunacaq əsər və müəllifi haqqında maraqlı məqamlardan söz açırdı.

“Baku Chamber Orchestra” bir çox istedadlı gənclərin bir araya toplanması ilə özünü tamamlayıb. Konsert çərçivəsində beynəlxalq müsabiqələr laureatı, nadir görülən kişi səsi kontratenor tembrinə malik olan İlham Nəzərov, beynəlxalq müsabiqələr laureatı, skripkaçı Ümidə Abbasova, beynəlxalq müsabiqələr laureatı vokalist Aydan Həsənova və b. istedadlı gənclər solist olaraq çıxış etdilər.   Parlaq şəkildə keçən konsert hələ uzun müddət dinləyicilərin yaddaşından silinməyəcək.

Konsertdə BMA-nın xarici tələbələrlə iş üzrə prorektoru, Azərbaycanın xalq artisti, professor Yeganə Axundova da iştirak edirdi və o, tədbirlə bağlı  öz təəssüratlarını belə ifadə etdi:

- Düşünürəm ki, çox gözəl tədbir keçdi. Sevindirici haldır ki, hava çox soyuq olsa da zal bütövlükdə dinləyicilərlə dolu idi. Konsertin proqramı sırf bu tədbir üçün hazırlanmışdı. Burada fərqli dövrlərin əsərləri bizim ifaçılar tərəfindən məharətlə səsləndirildi. Proqramda İ.S. Bax ilə eyni zamanda T.Quliyev, A.Əlizadə kimi bəstəkarların əsərlərinin birlikdə ifası bu rəngarəngliyə nümunədir.

 Tədbirdə müxtəlif təhsil ocaqlarının nümayiəndələri iştirak edirdi. Çoxları artıq bizim “Musiqili fasilə” layihəmiz haqqında məlumatlıdırlar və bizdən onların universitetlərinə getdikdə ifa etmək üçün müəyyən əsərlər istəyirlər. Düşünürəm ki, hazırki konsert çox uğurlu baş tutdu. Ümid edirik ki,  YARAT-la  bu ilk layihədən sonra iş birliyimiz davamlı olar.

Dinləyicilər arasında əyləşən “Odlar Yurdu” universitetinin dekanı, dosent  Arif Məmmədov da fikirlərini bizimlə bölüşdü:

- Konsert olduqca yüksək səviyyədə keçdi. Səslənən əsərlərdən və atmosferdən zövq aldığımı qeyd etməliyəm. Tədbirin xüsusilə maarifçi aspektini vurğulamaq istərdim. Maestronun ifalardan öncə əsərlər və bəstəkarlar haqqında qısaca şövqlə məlumat verməsi musiqiçi olmayan dinləyici üçün əhəmiyyətlidir və əsərləri daha dərindən anlamağa yol açır. Uğurlarının davamını diləyirəm!

 

İlahə Qismət

Reaksiya.az

Şərhlər

Çox oxunanlar