Əsəd Cahangir: "Məni AYB-dən heç kim qovmayıb" - EKSKLÜZİV
03.06.2015 18:39 Artreaksiya 1734
"Kamal Abdullanı Azərbaycanda məndən yaxşı tənqid edən yoxdur"
Tənqidçi-publisist, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir AYB sədri Anar Rzayevin göstərişi ili vəzifəsindən qovulması barədə şayiələrə münasibət bildirib.
Ə.Cahangir məsələ ilə bağlı Reaksiya.Az-a danışarkən deyib ki, bu, yalan və böhtandır: "Anarla aramızda heç belə bir söhbət olmayıb. AYB sədri birliyin nəzdindəki bütün jurnal və qəzetlər üçün demokratik mühit yaradıb, kimsənin işinə qarışmır. Deyilir ki, guya Kamal Abdullanı tənqid etdiyimə görə, Anar əsəbiləşib və məni qovub. Belə bir məsələ ola da bilməz. Burda mənə kimsə demir ki, onu tənqid etmə, bunu tənqid et. Bu şayiələri kimsə qəsdən uydurub adım ətrafında qalmaqal yaratmağa çalışır".
Baş redaktor müavini qeyd edib ki, "Azərbaycan"da dəyirmi masa rubrikası var və hər nömrədə müxtəlif yazıçıların əsərləri ilə bağlı müxtəlif müzakirələr olur. Kamal Abdullanın adı isə sadəcə müzakirələrdə çəkilib və heç bir sərt tənqid olmayıb.
"Yəqin, kimsə bu məsələdən qaynaqlanaraq şayiə uydurub. Sözügedən rubrika və yeni sayın materialı ilə də bağlı heç bir problem yoxdur. Kamal Abdullanın əsərləri ilə bağlı bir neçə il əvvəl yüngülcə tənqid olan yazım dərc olunub, lakin ciddi problem yaşanmayıb. Sadəcə onun ətrafında olan bəzi adamlar məsələni şişirtməyə çalışmışdı. Kamal Abdullanın əsərlərini məndən yaxşı tənqid edən ikinci tənqidçi Azərbaycanda yoxdur. Xarici mətbuatda da "Yarımçıq əlyazma" barədə tənqidlər gedib, amma baxmışam ki, əsəri oxuyublar, ətrafında dövrə vurublar, amma yaxın düşə bilməyiblər. Hazırda heç bir problem yoxdur. Anarla da, Kamal Abdullayla da normal münasibətlərimiz var", – deyə Əsəd Cahangir əlavə edib.
Rüfət
Reaksiya.Az
Şərhlər