Uğura gedən yol... - Gənc bəstəkarla üz-üzə - VİDEO - FOTOLAR
03.03.2017 19:39 Artreaksiya 2973
Müsahibimiz dahi bəstəkar, xalq artisti, professor Arif Məlikov sinfinin yetirməsi, gənc bəstəkar, tədqiqatçı, Bakı Musiqi Akademiyasının əməkdaşı İlahə Qismətdir. İlk öncə gəlin onu tanıyaq: İlahə İsrafirova Qismət qızı 1993-cü il 11 sentyabr da Bakı şəhərində musiqiçi ailəsində anadan olub. 1999-cu ildə BÜLBÜL adına Orta İxtisas Musiqi məktəbinə daxil olub. Məktəbi Fortepiano, Muğam ifaçılığı və Bəstəkarlıq ixtisasları üzrə oxuyub. Məktəb təhsili illərində pianoçu kimi müxtəlif konsertlərdə öz bacarığını göstərmiş, bəstəkar kimi isə yazdığı əsərləri dinləyicilərə tədbirlər, konsertlərlə təqdim etmişdir. Bundan elavə hələ kiçik yaşlarından, 5-ci sinifdə oxuyarkən bəstələdiyi “Müqəddəs Vətən” marşı Respublikanın xalq artisti Zümrüd Məmmədovanın ifasında Müdafiə Nazirliyinin Hərbi Nəfəsli Alətlər Orkestrının repertuarına daxil olunmuşdur. 2010-cu ildə Məktəbi bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakultəsinin Bəstəkarlıq ixtisasına daxil olmuşdur. Təhsil müddəti boyu yüksək qiymətlərlə fərqləndiyinə görə “Qara Qarayev” adına fərdi təqaüdə layiq görülmüşdür. Təhsil müddətində bəstələdiyi “Hisslər” vokal-instrumental romanslar silsiləsi və pyeslər Qızıl Fonda daxil olmuşdur. 2014-cü ildə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinin magistratura pilləsinə qəbul olmuşdur. Oxuduğu müddətdə yazdığı müxtəlif elmi məqalələr dərc olunmuşdur. Daima ictimai işlərdə aktivlik göstərən İlahə İsrafilova bəstəkarlıq fəaliyyəti zamanı bir çox müxtəlif janrlı əsərlər bəstələmişdir : “Rəngli lövhələr”- uşaq albomu ( pyeslər – 2005-2008-ci illərdə yazılmış əsərlər daxildir.), “ Qalaktika”- programlı prelüdlər məcmuəsi (2009-2011- ci illər), “Müqəddəs Vətən” -Hərbi orkestr üçün Marş. (2005-ci il ), “Sənsizəm” adlı mahnı- söz/mus- İlahə Qismət (2006-cı il)“Anxiety”- (əndişə) fortepiano üçün Sonatina (2011-ci il), Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” adlı silsilə romanslar (2011-2012-ci illər), “Arzulara gedən yolda” qısametrajlı filminə musiqilər (2012-ci il), “Reasons” String Quartet N-1- Bela Bartoka həsr olunmuşdur ( 2013 –ci il), “Qələbə” Simfonik Poema- Böyük Simfonik Orkestr üçün nəzərdə tutulub (2014-cü il), “Əsrin müqaviləsi” adlı himn- söz/ mus- İlahə Qismət (2014-cü il).
- İlahə xanım hazırda məzunu olduğunuz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantura pilləsinə qəbul olmusunuz. Eyni zamanda həmin müəssisənin əməkdaşısınız. Təhsiliniz və yaradıcılıq karyeranızın bu səviyyəyə gəlib çıxmağında Bakı Musiqi Akademiyası sizə nələr qazandırdı? Uğura gedən yolda hansı çətinliklərlə rastlaşdınız yaxud hansı nailiyyətlər əldə etdiniz?
- Bəli, fikrimcə təhsil uğurlu karyeranın təməl daşıdır. Yüksək istedada malik olsan belə savadlı olmaq şərtdir. İşində bilikli olmaq insanın yaradıcılığında daha sürətli addımlaya bilməsinə şərait yaradır. Mən də ixtisasım üzrə məni irəli aparacaq təhsilə öncə Bülbül adına OİMM və daha sonra Bakı Musiqi Akademiyasında yiyələnmişəm. Belə ki, bakalavr və magistr təhsili nəticəsində qazandığım fərqlənmə diplomları yaradıcılığımda parlaq gələcəyin təminatçısıdır. Məhz bu inancla və dəyərli müəllimlərimin təkidi ilə doktorantura pilləsinə daxil oldum.
Deyə bilərəm ki, bu gün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycanın ən nüfuzlu musiqili təhsil mərkəzidir. Üzeyir bəy ocağında canlı əfsanəmiz olan Arif Məlikovdan təhsil ala bilmək isə Tanrının mənə böyük mükafatıdır. Bu illər ərzində onun hər kəlməsindən bəhrələnməklə, şəxsən özündən məsləhətlər, təriflər, iradlar eşitməklə daxilimdəki fərdi potensialımı kəşf etdim. Arif müəllimlə yanaşı digər müəllimlərimin də üzərimdə əməyi böyükdür. Onlara minnətdaram.
Asan heç nə yoxdur. Qarşıma çıxan çətinliklər, uğurlar birlikdə cəmlənərək cəmiyyətdə artıq formalaşmış, öz yolunu müəyyən etmiş birini təmsil edir. Əsas odur nəyin keşiyində olduğunu, məqsədini biləsən. Tək amalım Azərbaycan mədəniyyətinə xidmət etmək və öz tövhələrimi verməkdir.
- Bildiyimiz kimi magistr təhsilini bitirdikdən sonra ilk elmi kitabınız işıq üzü görüb. Bu kitab nədən bəhs edir? Nə kimi elmi yenilik gətirmisiniz?
- İlk elmi monoqrafik kitabım “Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri” adı altında dərc olundu. Professor Gülnaz Abdullazadə uzun illərdir Azərbaycan musiqi elminin inkişafı üçün saysız xidmətlər göstərmiş əvəzsiz şəxsiyyət olmaqla yanaşı, həm də bəstəkardır. Tədqiqat obyekti olaraq onun bəstəkarlıq fəaliyyətini araşdırmaq mənə olduqca maraqlı oldu. Ali təhsilli filosof olan Gülnaz xanımın bəstəkarlıq fəaliyyətində özünü aydın biruzə verən fəlsəfi dünyasına daxil olaraq, sətiraltı mənaları musiqisevərlər üçün açıqlamaq əsərin elmi mahiyyətini yüksəltdi. Qeyd etməliyəm ki, mövcud monoqrafiya Gülnaz xanımın bəstəkarlıq fəaliyyəti haqqında yazılmış ilk ətraflı elmi tədqiqat işidir. Əsərin ərsəyə gəlməsində yaxından iştirak etmiş elmi redaktorum professor, akademik Oqtay Rəcəbov da tədqiqat işinin nəticəsindən olduqca razı qaldı. Kitab Gülnaz xanımın 70 illik yubileyi münasibəti ilə işıq üzü gördü.
- İlahə xanım, sizin yaradıcılıq fəaliyyətinizə nəzər salarkən, çox aktiv bir gənc olduğunuzun şahidi oluruq. Hətta tələbəlik illərinizdən etibarən bir neçə uğurlu layihələrə imza atmısınız. Bu layihələri keçirtməkdə ən böyük məqsədiniz nə idi? Mümkünsə layihələriniz haqqında ətraflı məlumat verin.
- Dövlətimiz tərəfindən müasir Azərbaycanda olduqca uğurlu gənclər siyasəti aparılır. Bizlərə hərtərəfli şərait yaradılır. Mən də öz növbəmdə vətənimə müxtəlif mövzulu layihələrimlə xidmət göstərirəm. Azərbaycan Prezidenti Yanında Gənclər Fondu ilə tanış olmağım isə mənim aktiv fəaliyyətimi daha da gücləndirərək cəmiyyət üçün uğurlu layihələrə imza atmağıma yardımçı oldu. Onlardan birinci olaraq “Muğamatım bir dəryadır” layihəsini qeyd edə bilərəm ki, hazırda o haqqda ətraflı müsahibəm Gənclər Fondunun rəsmi saytında ən uğurlu layihələr sırasında yer alır. Üç gün ərzində görkəmli muğam biliciləri ilə Bakı Musiqi Akademiyasında keçirdiyimiz təlim cəmiyyət tərəfindən geniş maraq və rəğbətə səbəb oldu. Ardınca Fondun VIII qrant müsabiqəsində qalib olmuş “Mən Vətən Torpağı, Vətən Daşıyam” adlı layihəmə AR Müdafiə Nazirliyi və AQMƏVŞAİB dəstəyi ilə həyata keçirdim. Tədbirimə şəxsən cənab nazir Zakir Həsənovun dəstək verməsi, generallarımız R.Əliyev, xalq artisti, professor, Y.Axundzadənin iştirakı önəmli bir hadisə idi. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən layihənin aparıcı siması palkovnik A.Qurbani oldu. Konsert hissəsində zabitlər evinin mahnı və rəqs ansanblının iştirakı ilə yanaşı xalq artistləri- Zümrüd Məmmədova, Heydər Anatollu və başqa incəsənət nümayiəndələri çıxış edirdi. Fəxri qonaqlar sırasında paraolimpiya çempionu İ.Zəkiyev, xalq şairi V.Əziz, DAMMİB sədri R.Məmmədov, bəstəkar R.Məmmədov və digər qonaqlar iştirak edirdilər. Tədbirin sonunda vətənpərvərlik mövzusunda göstərdiyi xidmətlərə görə AQMƏVŞAİB-nin “Vətən naminə” medalı ilə təşkilatın sədri Mehdi Mehdiyev tərəfindən təltif olundum. Hələ bu son illərdə qazandığım uğurların bir hissəsidir. Fikrimcə doğru yoldayam. Bu istiqamətdə də addımlamağı planlaşdırıram.
- Artıq sərbəst bəstəkarlıq fəaliyyətində, müəllim nəzarətindən kənar əsərlər bəstələyirsiniz. Bu yolda özünüzə yetərincə güvənirsinizmi?
- Müəllim nəzarətindən ayrıldığım zamandan etibarən yazdığım əsərlərlə bir çox uğurlar qazanmışam, müsabiqələrdə əsərlərim qalib olub. Sonuncu dəfə “Əsrin müqaviləsinin” 20 illik yubileyinə həsr olunmuş “20 şanlı il” mövzusunda keçirilən ən yaxşı vokal əsər müsabiqəsində I yerə layiq görülmüşəm. Zövqlər müxtəlifdir. Bacardığım qədər hər kəsin könlün oxşamağa səy göstərirəm. Gələn rəylər, fikirlər isə mənim püxtələşməyimə yardımçı olur. Zaman isə bir musiqiçi kimi necə qəbul olunduğumu göstərəcək (gülür). Bir qədər gözləyək.
- Gənc olmanıza baxmayaraq çox böyük məsuliyyəti olan layihələri də öz üzərinizə götürmüsünüz. Dövlətlər arası əməkdaşlığa, dostluğa aid – “İsrail Azərbaycan” və “Türkiyə ilə Azərbaycan”əsərlərini yazmısınız. Bu ideya necə yarandı, təklif hansı tərəfdən gəldi?
- Belə ki, İsrail Azərbaycan dostluğu üçün hazırlanmış “Əbədidir dostluğumuz” əsərinin yazılma təklifi Bəstəkarlar İttifaqına, oradan isə mənə yönəldilib. Daim çıxışlarımda qeyd edirəm ki, əsər hər iki dövlətin ortaq ağrısı Holokostu, Xocalını əks etdirir, şəhid Albert Aqarunovun simasında bizə qəhrəman övladlarımızı xatırladır. Belə bir əsərdən yan keçə bilməzdim. Əsəri bütövlükdə hər iki dövlətin ümumi rəmzinə çevirə bildim. Yaratdığım musiqiyə İsrail “Havanagila”-sı və bizim milli atributumuz “Cəngi” qüsursuz birləşdi. Bu o deməkdir ki, hər iki dövlətin musiqi nəbzini tuta bildim. Layihədə özüm həm də ifaçı kimi çıxış etdim. Hər iki dildə Azərbaycan və ivrit dilində oxudum. Sevinirəm ki, bu layihənin altında layihə rəhbəri Səadət Şükürova ilə birgə mənim də imzam var. Tam təmənnasız olaraq ərsəyə gətirdiyimiz əsər şəhidlərimizin uca xatirəsinə və iki dövlət arasındakı səmimi dostluğa ithaf olunmuşdur.
“Türkiyə ilə Azərbaycan” layihəsi xalq artisti Zümrüd Məmmədovanın Ümummilli lider H.Əliyevin anım günü münasibəti ilə Türkiyəyə səfəri ərəfəsində hazırlanmışdır. Belə ki, əsərin sözləri və musiqisi mənə aiddir. Zümrüd xanim isə əsərimi böyük maraq və yüksək professionallıqla ifa etmişdir. Musiqi forması standart mahnı formasından fərqlidir. Bu janr üçün fasiləsiz inkişaf, dayanmadan hərəkət yenilikdir. Çahargah muğamı əsasında yazılmış mahnının orta bölməsində ani segaha keçmək və sözlərdə ortaq acımız Qarabağı anmaq və yenidən musiqinin çahargaha qayıtmasını təmin etmək bir kompozisiya daxilində yüksək bacarıq, bilik və istedad tələb edirdi. Bunun öhdəsindən gəldiyimi düşünürəm. Hələ bu əsəri dinləyib də segah hissəsində kövrəlməyən insan tanımıram. Bu kompozisiya haqqında saatlarla danışa bilərəm. Əsərin fəlsəfi dünyası çox geniş olub, hər notunda bir məna var. Hələ dinləyə bilməyənləri də dinləməyə dəvət edirəm.
- Şübhəsiz ki, bütün bu zəhmətlərinizin qarşılığında hansısa mükafatlar əldə etmisiniz. Sizin üçün ən çox hansı dəyərli olub?
- Sevinirəm ki, gördüyüm işlər daim diqqətə layiq görülür və zaman-zaman mötəbər qurumlar tərəfindən mükafatlandırılıram. Hər birinə zəhmətim qarşılığında nail olduğum üçün mənə dəyərlidirlər. Mən mədəniyyətə xidmət edirəm. Mükafatlandıranlar da çox sağ olsunlar. Böyük stimuldur.
- Gələcək planlarınız nələrdir, layihləriniz gözlənilirmi?
- Bəli, qarşıda bir çox layihə planlaşdırıram. Hazırda adların qeyd etmək istəməsəm də əminəm ki, layihələr işıq üzü görəndə marağa səbəb olacaqlar (gülür). Mən adətən ilin əvvəli işlərimi planlaşdırıram, ilin sonuna doğru icra edirəm, uğurların səsi çıxır. Hələ ilin əvvəlindəyik. Gəlin bir qədər gözləyək. Necə deyərlər- “çox keçməz sevindirərəm sizi”.
Gənc istedadımıza bu məsuliyyətli sənətində daha da zirvələrə qalxmağı arzu edirik. Qoy uğura gedən yolu daima işıqlı olsun!
Lalə Namiqqızı
Şərhlər