Dərdli Cavada cavab - Sənətkarın haqqını tapdalamaq olmaz - FOTOLAR

28.07.2015 10:25     Artreaksiya     3510

2015-ci ilin aprel ayı idi. Ədəbiyyatla bağlı saytları nəzərdən keçirir, bəzi məqalələri oxuyurdum. “Dirili Qurbani Məclisi”nin saytında “Şair Qaranı necə mənimsəmək olar” başlıqlı yazı diqqətimi çəkdi. Sərlövhənin özü məntiqi cəhətdən yanlış olsa da, mövzu mənim üçün maraqlı göründüyündən, hərf səhvləri ilə bol olan yazını oxumağa başladım. Məqaləni oxuduqca hirsimi cilovlaya bilmir, özümü güclə ələ alırdım. Çünki haqsız ittihamlara məruz qalan vardı. Özü də bu haqsız ittihamlara məruz qalan Şair Məmmədhüseyn (1800 – 1880) kimi haqq aşiqi idi.

Sözügedən məqalə ilə bağlı saytın rəhbəri Yusif Dirili ilə əlaqə saxladım. O, Dərdli Cavadın “Doğma yurd çağırır məni” adlı kitabından götürdüyü məqaləni olduğu kimi sayta yerləşdirdiyini, həmin kitabdan mənə verəcəyini də qeyd etdi. Yusif müəllimlə telefon söhbətimiz əsnasında ona, şifahi də olsa, bir neçə faktı sadaladıqdan sonra həmin məqaləni saytdan çıxartdı. Amma yenə də rahatlıq tapa bilmədim. Fikirləşdim ki, Dərdli Cavada bir cavab yazmalıyam ki, həm qəlbim sakitlik tapsın, həm də saza-sözə hörmət qoyan oxucu həqiqəti bilsin.

Dərdli Cavad yazır: “Qara Hacı Yusif oğlunun çox şeirləri olub, əksəriyyəti yadda qalmayıb. 1897-ci ildə Qaranın 45 yaşı olanda o, 12 İmama 12 bənd söz deyib (“Xəbər al, deyim” şeiri nəzərdə tutulur – A.Y.). Atam Bəyalı bəy savadsız olsa da, çox yaxşı hafizəsi olub. Qaranın şeirlərindən çoxunu əzbər bilirdi”. [1, s.107-108]. Dərdli Cavad sözünə davam edərək daha sonra yazır: “Atamın çox gözəl səsi vardı... 1958-ci ildə yazın gözəl çağıydı, atam balınca dirsəklənib Qaranın 12 İmama dediyi şeiri oxuyurdu. Mən axıra qədər qulaq asdım. Atam oxuyub qurtarandan sonra, yalvardım ki, qoy bu şeiri də dəftərə yazım. Atam dedi: – Neynirsən, sənə lazım deyil. Mən əl çəkmədim. Gözlərim yaşla dolmuşdu. Atam gözlərimdə yaşı görüb yumşaldı: – Dur dəftər gətir. Mən sevincək yerimdən qalxıb dəftər gətirdim. Atam dedi, mən yazdım.” [1, s.108].

Dərdli Cavadın özünün də dediyi kimi, atası savadsız olduğundan “Xəbər al, deyim” şeirinin Şirvan ədəbi mühitinə yox, Göyçə ədəbi mühitinə xas olduğunu duya bilməyib. Amma atan elə düz deyibmiş: “O şeiri neynirsən, sənə lazım deyil”. Necə də uzaqgörənliklə deyibmiş, heyif ki, siz əl çəkməmiş və haqqı nahaqqa vermisiniz.

Nəinki babası Aşıq Ələsgərin, eləcə də, demək olar ki, bütün göyçəli aşıq və el şairlərinin tədqiqatçısı, folklor toplayıcısı İslam Ələsgərin “Sazlı-sözlü Göyçə” kitabına da Dərdli Cavad belə bir qarayaxma yazır: “Şairlik həvəsinə düşən bəziləri Qaranın şeirlərini mənimsəyib, özünküləşdirməyə çalışıb. Məsələn, hələ 1991-ci ildə “Sazlı-sözlü Göyçə” kitabında Qaranın “Xəbər al, deyim” şeirini tərtibçi Ələsgər B. (əslində buradakı “B.”-nin İslam Ələsgərə aidiyyəti yoxdur, kitabın Bakıda çap olunmasını göstərir – A.Y.) müəyyən dəyişikliklə, Şair Məmmədhüseynin adından vermişdir...

 

Qoç igidlər mindi ərəb atını,

Axırı nə oldu, xəbər al, deyim.

Birinci imamım Şahi-Mərdandı,

İkinci imamım xəbər al, deyim.

 

...Məmmədhüseyn deyər, tamamdı, tamam,

Möminlər könlünə salıbdı güman.

Onikinci imam Sahib əz-Zaman,

Onlardan vacibin xəbər al, deyim.” [1, s.108-111].

(şeir məqalədə tam verilmişdir. – A.Y.)

 

Bəli, İslam Ələsgərin kitaba daxil etdiyi məhz bu şeir Şair Məmmədhüseynindir. Rəhmətlik İslam müəllimi şəxsən tanıyan, daim təmasda olan biri kimi deyə bilərəm ki, belə məsələlərdə o heç zaman səhvə yol verməzdi. Dediklərimi onunla uzun müddət AMEA-nın Folklor İnstitutunda çalışan böyük bir kollektivin hər bir üzvü təsdiq edər. İslam Ələsgər o tədqiqatçılardandır ki, öz babasının olsa belə, şeirləri həmişə etibarlı mənbələrdən əldə edər, araşdırar, sonra çap etdirərdi. Yoxsa sizin kimi heç vaxt şeir üzərində əl gəzdirməz, sonra isə kiminsə adına çapa verməzdi.

“Xəbər al, deyim” şeirinin necə və hansı şəraitdə yaranmasını tarixçi-müəllim Xasay Zeynalov 1936-cı ildə yazdığı “Şair Məmmədsöyün və Axund Əli” başlıqlı əlyazmasında yerli-yataqlı ortaya qoymuşdur. Mübahisəli şeir əvvəlcə Ərdəbildə, sonra İsfahanda 11 il qalaraq dini təhsil alan Məmmədhüseynin böyük qardaşı Əlinin “Axund” kimi Daşkəndə qayıdanda qurulan məclis zamanı yaranmışdır.[2].

Deyəcəyim fikirlərin daha da dəqiq olması üçün bir neçə alim və tədqiqatçının fikirlərinə nəzər salsaq, daha yaxşı olar. Filologiya elmləri doktoru Hüseyn İsmayılov “Göyçə aşıqları və el şairləri” kitabında yazır: “El şairi Məmmədhüseynin yaradıcılığının əsas istiqamətini təşkil edən ələvi şeiri təkcə Göyçədə deyil, Azərbaycanın bütün şiə, tərəkəmə elat mühitlərində geniş yayılmışdır”.[3, s.175]. Professor Hüseyn İsmayılov başqa bir kitabında yazır: “Yas mərasimlərində və İmam Hüseyn təziyələrində şairin sözləri molla və mərsiyəxanların repertuarının aktiv hissəsini təşkil edir. Məsələn, “Xəbər al, deyim” şeiri bu qəbildəndir:

 

Qoç iyidlər mindi ərəb atını,

Axırı nə oldu, xəbər al, deyim.

Birinci imamım Şahi-Mərdandı,

İkinci imamım xəbər al, deyim.” [4, s.253].

 

İfadələrdən də göründüyü kimi, bu şeir kifayət qədər geniş yayıldığından bir çox şeir həvəskarları, din xadimləri onu əzbərdən biliblər. Elə Dərdli Cavadın yazısında da “Bəyalı bəy çox aşıqların, şairlərin şeirlərini əzbər bilirdi” kimi ifadə var. Amma bu əsas vermir ki, kiminsə əzbərdən bildiyi şeiri dəftərə köçürüb, möhürbəndini dəyişib çapa verəsən. Tərlan Göyçəlinin də qeyd etdiyi kimi: “Şair Məmmədhüseynin mərsiyələri mərsiyəxanların dilinin əzbəri olsa da, çox yerlərdə, xüsusilə Muğan torpağında adsız-ünvansız oxunur. Möhürbəndi qəsdənmi, bilərəkdənmi təhrif olunur” [5, s.31]. Buradan hətta belə qənaətə gəlmək olar ki, Şair Məmmədhüseynin bu və digər şeirlərinin nəinki Qobustanlı Qaranın, hətta digər aşıq və şairlərin də adına çap olunması “təəccüblü” deyil.

“Xəbər al, deyim” şeirinin səhvən Qobustanlı Qaranın adına çap olunmasında Dərdli Cavadın səhvindən də böyük yanlışlığa yol verən Seyfəddin Qəniyevdir. Çünki Seyfəddin müəllim adi bir şair və ya tədqiqatçı deyil, o, professordur. Seyfəddin Qəniyevin “El şairi Qobustanlı Qara” kitabında şeir haqqında yazdığı xüsusi qeydinə nəzər salaq. O yazır: “Sazlı-sözlü Göyçə” kitabında (top. tərt. ed. və ön sözün müəl. İ.Ələsgər, B., 1991) bu şeir müəyyən dəyişikliklə Şair Məmmədhüseynin adına verilib”. [6, s.55]. Bu ifadələr Dərdli Cavadın məqaləsində də təkrar olunub. Bu halda yazının əvvəlində bu ifadələrə münasibət bildirdiyimizdən bir daha təkrar etmədən başqa bir əlavə şərhə ehtiyac vardır.

Ona görə ki, Seyfəddin Qəniyevin “El şairi Qobustanlı Qara” kitabı AMEA Folklor İnstitunun Elmi Şurasının qərarı ilə (01.VI. 2005. pr. № 06) çap olunub. Kitabın elmi redaktoru isə filologiya elmləri doktoru Hüseyn İsmayılovdur. Gərək Seyfəddin müəllim kitabın “elmi redaktoru” kimi Hüseyn İsmayılovun ad-soyadını yazanda heç olmasa kitabı ona göstərəydi. Çünki Hüseyn müəllim o şeiri görsə, onu başqasının adından verilməsinə imkan verə bilməzdi. Həm də yuxarıda yazıldığı kimi, xüsusi qeyd olan bir şeirin üstündən heç bir vaxt ötəri keçə bilməzdi. Biz elə bu məqalədəcə onun elmi məqalələrindən kifayət qədər fikirlərlə tanış olduq. Belə ki, “Xəbər al, deyim” şeirinin həqiqi müəllifi Şair Məmmədhüseynin yaradıcılığı AMEA-nın Folklor İnstitutunda geniş tədqiq olunmuş, 2008-ci ildə Arzu Fikrətqızı “Şair Məmmədhüseyn: həyatı, mühiti və yaradıcılığı” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. Altını cızaraq onu da qeyd edim ki, dissertantın elmi rəhbəri Hüseyn İsmayılov olub. Zənnimcə, bunlarla nə demək istədiyimiz aydın oldu.

Dərdli Cavad məqaləsində oxuculara müraciət edərək belə yazır: “Əziz oxucular, bir şeir ki, kitabda, qəzetdə, jurnalda nəşr oluna, onu mənimsəyib necə öz adına təzədən çap etmək olar?” [1,s.111]. Bəli, düz deyirsiz, Dərdli Cavad, çap olunan şeiri necə mənimsəmək olar?! Buyurun tanış olun, sizə və professor Seyfəddin Qəniyevə aşağıdakılar kifayətdirmi?

 

“Xəbər al, deyim” şeirinin biblioqrafiyası:

1. Xasay Zeynalov. “Şair Məmmədsöyün və Axund Əli”. Göyçə mahalı, 1936.

2. Muxayıl Göyçəli. “Əlyazma – V cilddə” (V cild). Göyçə mahalı, 1943.

3. Tərlan Göyçəli. “Göyçə aşıq məktəbi”. Bakı, “Göytürk”, 1998. səh. 36-37.

4. İslam Ələsgər. “Sazlı-sözlü Göyçə”. Bakı, “Azərnəşr”, 1999. səh.28-37.

5. Hüseyn İsmayılov. “Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları”, Bakı, “Elm”, 2004. səh.253.

6. Qara Namazov. “El çələngi” (xalq şeirindən seçmələr), Bakı, 2004. səh. 255-256. http://elibrary.bsu.az/kis/1603.pdf

7. Daşkəndli şair Məmmədhüseyn. “Yatıb oyanmaz, oyanmaz”, Bakı, “Nurlan”, 2005. səh. 31-32.

8. Daşkəndli Şair Məmmədhüseyn. “Xəbər al, deyim”, Bakı, “Nurlan”, 2006. səh. 36-37.

9. Hüseyn İsmayılov. “Göyçə aşıqları və el şairləri”, I cild, Bakı, “Səda”, 2006. səh. 202-203.

10. Səyyad Şairov. “Saz, söz, sənət incilərimizdən Şair Məmmədhüseyn”, “Açıq səma” qəzeti, №01 (57), 27 yanvar 2009-cu il.

11. Səyyad Şairov. “Şair Məmmədhüseyn yaradıcılığı və Göyçə aşıq məktəbinin inkişafında onun rolu”, “Azərbaycan XXI əsrdə” qəzeti, №02 (53), 26 fevral 2010-cu il.

Ümumiyyətlə, bu tipli problemlərdə məsələnin həlli yolu əlyazmanın olub-olmamasından keçir. 2010-cu ildə yazdığım “El şairi Muxayıl Göyçəli” başlıqlı elmi məqaləmdən bir cümləni burada təkrar etmək istərdim: “Onun (Muxayıl Göyçəli – A.Y.) 1943-cü ilə aid əlyazmasının içərisində Şair Məmmədhüseynin “Xəbər al, deyim”, “Yaxşıdır” qoşmalarına, “Yatıb oyanmaz, oyanmaz” gəraylısına da rast gəldik.” [7, s.11-12; 8, s.220; 9]. Sözügedən əlyazmanın surəti hazırda məndədir və əlyazmanın həmin şeir olan hissəsini də bu məqaləyə şəkil formatında əlavə edirəm.

Hörmətli Dərdli Cavad və professor Seyfəddin Qəniyev, xahiş edirəm ki, sizə təqdim etdiyim 1936 və 1943-cü ilə aid əlyazmaya qarşı siz də əlyazma təqdim edəsiniz. Təqdim etdiyim mənbələr qarşısında acizsinizsə, sözünüz yoxdursa, o zaman heç olmasa səhvinizi etiraf edib haqq şairinin haqqını özünə qaytarmaq üçün yazılı şəkildə mətbuat vasitəsi ilə oxuculara məlumat verərdiniz.

Sonda Hüseyn İsmayılovun: “Onun (Şair Məmmədhüseyn – A.Y.) çoxlu dini şeirləri, mərsiyələri Şirvanda və Muğanda mərsiyəxanlar tərəfindən oxunur. Qoşmaları, təcnisləri, divaniləri, aşıqların repertuarında əhəmiyyətli yer tutur, ondan ustadnamələr söylənir... Məmmədhüseyn elə böyük sənətkardır ki, onun sözləri birbaşa mərasim folkloruna qarışıb; həm toy, həm də yas mərasimlərində oxunur” [3, s.183] – fikirlərini xatırladır və demək istəyirəm ki, Şair Məmmədhüseyn kimi bir sənətkarın haqqını tapdalamaq olmaz.

Araz Yaquboğlu, tədqiqatçı.

Şərhlər