Kukla Teatrında Rəhman Rəhmanovun yubileyi keçiriləcək
02.05.2017 21:21 Artreaksiya 1676
Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun yubileyi keçiriləcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kukla Teatrının təşkilatçılığı ilə Azərbaycan Dövlət Kukla Teatrında sənətkarın 60 illik yubileyinə həsr olunmuş “85 yaşlı teatrın 60 yaşlı aktyoru” adlı gecə keçiriləcək.
Teatr ictimaiyyətinin, mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin iştirak edəcəyi tədbirdə aktyorun uzunmüddətli yaradıcılıq yoluna nəzər salınacaq. Onun aktyor tərcümeyi-halını əks etdirən çarx nümayiş olunacaq, ona tamaşaçı rəğbəti qazandıran tamaşalarından səhnəciklər nümayiş olunacaq.
Qeyd edək ki, aktyor 1974-cü ildən Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərir. Xalq yazıçısı Anarın "Qaravəlli" tamaşasında Balaqədeş, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Mirzəağa Atəşin "Cırtdan" tamaşasında Div, Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun "Meşə nağılı" tamaşasında Təkgöz kişi, Hikmət Ziyanın "Əkiz qardaşlar" tamaşasında Səfər, Rəhman Əlizadənin "Sindibadın xoşbəxtlik adasına səyahəti" tamaşasında Oğru, Əli Səmədlinin "Əzablı günlərin sonu" tamaşasında Qoca zənci, Rada Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Canavar, Nicat Kazımovun "Ələddin" tamaşasında Şah, Eldar Baxışın "Məlikməmməd" tamaşasında Şah rollarını ifa edib. Bu mənada Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad, Azərbaycan xalq nağılları əsasında hazırlanmış “Ağ babanın nağılı” tamaşasında Ağ baba, Samuil Marşakın “Pişiyin evi” tamaşasında Nağılçı, Abdulla Şaiqin “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasında Siçan, Şarl Perronun “Çəkməli pişik” tamaşasında Şah və başqa bu kimi onlarla obrazı ona böyük tamaşaçı sevgisi qazandırıb.
Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun "Şəngülüm, Şüngülüm" tamaşası ilə iştirak edib və "Qızıl Dərviş" mükafatı laureatı olub. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 2014-cü il martın 7-də Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb, Prezident mükafatçısıdır.
Şərhlər