Əməkdar rəssam Hafiz Zeynalov yaşasaydı...
23.07.2017 15:01 Artreaksiya 2958
Tarixi mövzuların mahir tərənnümçüsü 21 il əvvəl həyatdan köçüb
Yaradıcı insanlar da qədim şəhərlər kimidir, ya tamamilə məhv olur, ondan bir iz qalmır, ya da öz varlığını qoruya bilir. Hansı əsrdə yaşamasından asılı olmayaraq, rəssamlar haqqında düşünəndə, qeyri-ixtiyari olaraq, arxaik ştrixlər gəlir gözlərimiz önünə. Elə bilirsən ki, bütün rəssamlar bu qədim dünyanın alt qatlarında yaşayır, biz onları düşüncə və xəyallarımız hesabına zəmanəmizə gətiririk. Bəlkə bu ona görə belədir ki, onlar həmişə öz ayrıca dünyalarında olur.
Dünyadan 21 il əvvəl köçən tanınmış fırça ustası, respublikanın əməkdar rəssamı Hafiz Zeynalov özünü İçəri Şəhərdə, İçəri Şəhəri isə iç dünyasında axtarıb tapırdı. Yaşasaydı, iyulun 23-də 90 illik yubileyini sənət dostları, seyrçiləri və ailəsi ilə birgə qeyd edəcəkdi H.Zeynalov. Rəssam H.Zeynalov həyat müşahidələri nəticəsində görüb və hiss etdiklərini kətan üzərinə çəkirdi. H.Zeynalov müsahibələrində deyirdi: "İçəri Şəhər mənə çox doğmadır. Bura mənim dədə-baba yurdumdur. Bir dəfə tanışlarımdan biri zarafatla məndən soruşdu: "Hafiz, nə axtarırsan bu İçəri Şəhərin küçələrində, bəlkə bir şey itirmisən?". Dedim: "İtirmişəm, dədə-baba ocağımı axtarıram".
H.Zeynalov ömrünün uzun illərini təsviri incəsənətin inkişafına həsr edib. Sənətşünaslar haqlı olaraq qeyd edir ki, H.Zeynalov ömrünün bir dəqiqəsini belə fırçasız, kətansız, palitrasız təsəvvür edə bilmirdi.
Ömrün ağ və qara səhifələrini, bu dünyanın naxışını, tarixi şəxsiyyətlərin simasını kətan üzərinə cızdıqca, gözəlliklər yaradırdı. Nakam şairimiz Müşfiqin portretini çəkərkən rəssam hansı düşüncələrə dalmamışdı... Şairin itən gəncliyini, gözləri yol çəkən sevda yolçusunun təbəllüatlı düşüncələrini çəkdiyi portretə elə həkk etmişdi ki, onun fırçasının yaratdığı Müşfiq əbədi görsənirdi.
Mərhum H.Zeynalov keçən minilliklərdən dünənə qonaq gələndə özü ilə nə qədər duyğu daşıyıb gətirmişdi.
H.Zeynalov 1927-ci il iyul ayının 23-də Bakıda anadan olub. Sənətşünasların verdiyi məlumata görə, 1942-1945-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1947-1953-cü illərdə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub. 1954-cü ildə ilk dəfə olaraq Ümumittifaq rəssamlıq sərgisində - Tretyakov Qalereyasında iştirak edib. Elə həmin il SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Onun şöhrəti də həmin dövrlərdən ölkə xaricinə yayılmağa başlayıb. Qiymətli fırça ustası 1956-cı ildə Ümumittifaq və Cənubi Qafqaz respublikaları, ADR, MƏR, Əlcəzairdəki sərgilərdə iştirak edib. Məlumatlara görə, 1982-ci ildə Bakıda, 1983-cü ilin may ayında Mərdəkanda, həmin ilin iyul ayında Sumqayıt şəhərində, 1988-ci ildə yenə də Bakıda fərdi yaradıcılıq sərgiləri keçirilib. Fərdi yaradıcılıq sərgisi rəssamın sənət qarşısında verdiyi ən böyük imtahandır desək yanılmarıq.
H.Zeynalovun əsərlərində arxaik ritmlər, düşüncə tərzi, yeniliklə qədimliyin çarpazlaşması xüsusi tərzdə özünü göstərir. 1991-ci ildə Azərbaycanın əməkdar rəssamı adına layiq görülən dəyərli fırça ustadı 1996-cı il mayın 2-də dünyadan köçüb. Əslində, bir sənətkarın yaradıcılığının kamilləşdiyi dövrdə həyatdan köç etməsi ürəkağrıdandır. Rəssam illərlə axtarışda olur, hər kiçik ştrixi belə fırçasının qüdrəti ilə hadisəyə çevirə bilir. Rəssam kamilləşəndə tamam başqa düşüncəyə köklənir və seyrçiləri də həmin ovqat üstündə köklənir.
Məlumatlara görə, Hafiz müəllimin ailə şəcərəsi Bakı əsilzadələrinə bağlıdır. Köklü-köməcli bir ağacın vacib budağı olan sənətkar hələ İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil aldığı illərdə ən çətin sayılan janrlara müraciət edir, tarixi mövzularda əsərlər yaratmağa çalışırdı. Əlbəttə, tarixi bilməyən rəssam heç vaxt tarixi əsər yarada bilməz. Zəngin biliyi, istedadı, müşahidəsi olan H.Zeynalov gənclik illərindən başlayaraq uğurlara imza atıb. Onun gənclik illərində uğurlu işlərindən biri "Bakı neft sənayesi fəhlələri ittifaqının 1905-ci il iclası" idi və bu əsər onun diplom işi olub.
Yazılanlara görə, bu tarixi kompozisiyanın ona gətirdiyi böyük uğur və əsərin bir il sonra Moskvanın məşhur Tretyakov qalereyasında sərgilənməsi, həm də böyük tamaşaçı auditoriyası toplaması H.Zeynalov yaradıcılığının əsas xəttini müəyyənləşdirmişdi. Onu da vurğulayaq ki, H.Zeynalovun gənclik illərində çəkdiyi əsərlər P.Korin, S.Gerasimov, B.İohanson, V.Serov kimi görkəmli sənətkarların işləri ilə yanaşı nümayiş etdirilirdi. Əlbəttə, bu, azərbaycanlı rəssamın uğuru idi. Bu uğur həm də Azərbaycan təsviri incəsənətinin uğuru sayılırdı. Sözsüz ki, yaradıcılıqla məşğul olduğu bütün dövrlərdə rəssam hər zaman yaradıcılıq axtarışlarında olub. Məlumatlara görə, Hafiz müəllim fırçasını bir gün də kənara qoymur, həmişə "bir günüm də fırçasız olmasın. Allah-təaladan ikinci bir ömür verilsəydi, mən yenə də rəssamlığa qayıdardım. Fırça, rəng mənim həyatımdır. Molbert arxasında olmadığım günləri ömrümdən saymıram..." - deyirdi. Bu etiraf daxilində böyük sənət günəşi yanan rəssamın ona istedad, fəhm verən Tanrısına böyük minnətdarlığı deyildimi?!
H.Zeynalov haqqında yazılan məqalələrdə qeyd edilir ki, keçən əsrin 50-ci illərindən Azərbaycan təsviri incəsənətində öz yolunu, cığırını yaradan H.Zeynalov 40 il Azərbaycan incəsənətinə xidmət edib.
H.Zeynalovun yaradıcılığı mövzu və janr baxımından çeşidli, rəngli idi. O, əsərlərində bir mövzuya, bir janra bağlanmırdı, əksinə, bütün janrlara fırçası ilə gözəllik, əbədiyaşarlıq bəxş edirdi.
Onun rəssamlığa gətirdiyi yeniliklər həqiqətən də bu sahəyə əlavə bir gözəllik gətirmişdi. Nə qədər müasirliyin ətəyindən tutsa da, qədimliyi unutmur, xalqımızın tarixini, etnoqrafiyasını, həyat tərzini, məişətini öyrənər və onu əsərlərində ifadə edirdi. Onun üçün janr məhdudiyyəti olmadığı kimi, mövzu məhdudiyyəti də yox idi. Hansı sahədə işləyirdisə, kətan üzərində böyük əsər yaradırdı.
Əməkdar rəssamın yaratdığı əsərlər, tablolar keçmiş SSRİ-nin hər tərəfində, eləcə də onun sərhədlərindən uzaqlarda seyrçilər və sənət biliciləri tərəfindən sevgi ilə qarşılanırdı. Onu da qeyd edək ki, rəssam öz əsərləri ilə Sovet İttifaqı daxilində, eləcə də Misirdə, Almaniyada, Əlcəzairdə, Türkiyədə və başqa yerlərdə keçirilən beynəlxalq sərgilərdə yaxından iştirak edirdi.
H.Zeynalovun yaradıcılığında tarixi janrın xüsusi yer tutduğunu bildirən sənətşünaslar vurğulayır ki, əməkdar rəssamın "Bakıda sovet hakimiyyəti qurulmasının elan edilməsi", "Qafqazın müdafiəsi", "Kəmaləddin Behzad Şah İsmayıl Xətainin sarayında", "Xəqani xalq arasında", "Kubada görüş" kimi kompozisiyalarla zəngin olan qolu sonralar bir sıra tablolarla daha da dolğunlaşır. Bu onun "20 Yanvar qırğını" əsərində özünü tam olaraq ifadə edir.
H.Zeynalovun əsərlərini saf-çürük edən tədqiqatçılar yazır ki, onun yaradıcılığının şah əsəri "Tomris" tablosudur. Məlumatlara görə, özü də bu qəhrəman qadının tablosunu çox sevirmiş. O öz müsahibələrində qeyd edirdi: "Məndən soruşurlar, elə bir əsərin varmı ki, ona hər gün baxmaqdan yorulmursan? Doğrusu, sənətkar üçün bütün əsərləri əzizdir. Hər əsər yaradıcı adamın, bir növ, övladıdır. Ancaq mən "Tomris"ə hər gün baxmaqdan doymuram".
Məlumatlara görə, "Tomris" çoxfiqurlu kompozisiyasında H.Zeynalov massagetlərin hökmdarını, qüdrətli qadın sərkərdəni çox yüksək səviyyədə təqdim edə bilib.
H.Zeynalovun yaradıcılığında ön xətlərdən birini təşkil edən mənzərə janrında o özünü tam olaraq ifadə edə bilirdi. Rəssamın "Şirvanşahlar sarayı", "İçəri Şəhər", "Bakıda ilk qar", "Bakıda məscid" kimi bənzərsiz sənət əsərləri təkrarsız Bakı və Abşeron torpağının gözəlliyini, zənginliyini, tarixi abidələrini əks etdirirdi. Onun "Xəzərin sahilində", "Bizim bağda", "Abşeronda axşam", "Zuğulba qayaları" və digər əsərləri bu qəbildəndir. Lirik-poetik əhvaldan, ovqatdan qaynaqlanan bu əsərlər rəssamın daxili aləmini, düşüncəsini də ifadə edirdi. Gözəlliyi tərənnüm etmək rəssamın ilk işlərindən biridir.
Onun görkəmli ədəbiyyat, incəsənət xadimlərinin portretlərini yaratması da təqdirəlayiq haldır. O özü bu barədə deyirdi: "Doğrudur, mən böyük bir portret qalereyası yaratmışam. Azərbaycan ədəbiyyatının görkəmli obrazlarının - Nizami, Xəqani, Nəimi, Nəsimi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğun, Məmməd Rahim və başqalarının portretlərini yaratmışam. Lakin bu mənim yaradıcılığımı nəinki çərçivəyə salmır, əksinə, mənə həmin simaların həyatından böyük tablolar yaratmağa material verir".
Rəssam "Nəsimi", "Nəimi", "Nizaminin gəncliyi", "Məmməd Rahim", "Səməd Vurğun və Nikolay Tixonov" kimi əsərlər yaradıb. "Hüseyn Cavid və Mikayıl Müşfiq", "Mirzə Fətəli Axundov", "Məhəmməd Füzuli" əsərləri bu baxımdan çox əhəmiyyətlidir.
Bundan başqa, o, İsmayıl Osmanlı, Muxtar Dadaşov, Həqiqət Rzayeva, Amaliya Pənahova, Hamlet Xanızadə, Elmira Rəhimova, Xuraman Qasımova kimi incəsənət xadimlərinin portretlərini də yaradıb, özü də böyük ilhamla. Rəssam "Hamlet Xanızadə İblis rolunda" portretini yaxın dostlarından biri olan görkəmli aktyora həsr edib. Əsərdə H.Xanızadə İblisin son monoloqunu söyləyərkən təsvir olunub. Cinayətkarlıq, riyakarlıq rəmzi olan İblis şübhə etmir ki, onu insanlardan uzaqlaşdırsalar da, iblislik onları tərk etməyəcək. Bu əsərə uğur qazandıran bir tərəfdən rəssamın aktyora olan rəğbətidirsə, digər tərəfdən Hüseyn Cavid yaradıcılığına vurğunluq və bələdlilikdir. Lakin əsərin "missiyası" bununla bitmir. Müəllif burada diqqəti sanki iblislərin hər zaman insanların arasında ola bilməsi məsələsinə yönəldib. Məhz buna görə onun bu əsəri əbədiyaşarlıq qazanıb.
H.Zeynalov öz portretlərini də çəkib. "Fırça ilə avtoportret", "Mavi köynəkdə avtoportret", "Həsir şlyapalı avtoportret" və s. Onlar rəssamın həyatının müxtəlif dövrlərində çəkilib.
Sənətşünasların fikrincə, rəssamın ən maraqlı avtoportreti son dəfə fırçaya aldığı "Qırmızı köynəkli avtoportret"dir. Digər avtoportretlərində şən, həyatsevər, enerji dolu bir insan kimi görünən H.Zeynalov bu dəfə qəmli, düşüncəli nəzərlərlə baxır.
Gözəl sənətkar olmaqla yanaşı, H.Zeynalov həm də ləyaqətli həyat yoldaşı, gözəl ata idi. Həyat yoldaşı Şövkət xanımla sevgi üzərində qurduğu ailəsində üç övlad böyüdüb pərvazlandırmışdı. Qızı Laləndə, oğulları Tamerlan və Əliabbas H.Zeynalovun ömrünün davamı idilər. Övladlar valideynin davamıdır mütləq mənada.
Rəssamın nəvəsi, sənətşünas Ülviyyə Zeynalova babası haqqında belə yazır: "Mən rəssam deyiləm, ancaq zənnimcə, sənətin bu incə növü haqqında bir neçə söz demək üçün rəssam olmaq, əlində fırça tutub silsilə əsərlər yaratmaq əsas şərt deyil. Bir də ki, hər əlində fırça tutan rəssam adlana bilməz... Odur ki, bu gün üzərimə düşən məsuliyyəti dərk edərək, sözün əsl mənasında, vaxtilə həyatını bir gün də fırçasız təsəvvür edə bilməyən bir sənətkardan, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi H.Zeynalovun yaradıcılığından yazmaq istəyirəm. Sənətkar, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış fırça ustası, əməkdar rəssam... Doğrudan da bir tərəfdən bu adlar ağırlığını öz çiyinlərində hiss edə biləcək qədər böyük bir məsuliyyət yaradır. Məsuliyyəti yaradan daha bir vacib səbəb var - bu isə mənəvi borcdur".
H.Zeynalov həmişə əzizlərinə yüz il yaşayacağını vəd edirmiş. Lakin ona bu qismət olmadı.
Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov H.Zeynalov haqqında deyir: "Biz H.Zeynalovla Sankt-Peterburqda Akademiyada birlikdə çalışmışıq. Eyni yaşda olsaq da, mən ondan iki kurs yuxarı oxuyurdum. Biz qapı-qapıya qonşu olurduq. Hafiz əla rəssam idi. Onun çox gözəl işləri var, əsas da portretləri. H.Zeynalov İoqsana adına Piter rəssamlıq məktəbinin ən parlaq nümayəndəsi idi".
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov böyük sənətkar haqqında öz düşüncələrini belə ifadə edib: "Mən çox tez-tez onun işi ilə tanış olurdum. O, bir dəqiqə belə fırçasız oturmurdu. Ümumiyyətlə, onun ölümü gözlənilməz oldu. Çünki o, idman adamı idi. Zeynalovun işləri doğrudan da yaxşı və qeyri-adi idi".
Əlbəttə, zaman öz işində, əcəl öz əməlindədir. Böyük sənətkarları, istedadlı adamları əcəl alıb yer gizləsə də, onların dünyada yaşayan izi bu şəxsiyyətlər haqqında bizə böyük informasiya verir. H.Zeynalov o rəssamlardandır ki, əsərləri muzey və kitabxanaların ekspozisiyalarını bəzəyir, ailə kolleksiyalarında saxlanır. Rəssamın əsəri sərgilənirsə, tamaşaçı tərəfindən sevilirsə, demək, o yaşayır.
H.Zeynalov yaşasaydı, 90-nın dizini qatlayıb yüzə ayaq qoyacaqdı. Amma qismət olmadı. Qismətdən qaçmaq olmaz. Onun qismətinə adını əbədi olaraq rəssamlıq tariximizə yazmaq yazılmışdı...
İradə Sarıyeva
Şərhlər