Azərbaycanlı musiqiçilər Rusiya Böyük Teatrında çıxış edəcəklər

26.07.2017 11:45     Artreaksiya     1720

Noyabrın 1-dən 5-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək.

Reaksiya.az teatrın saytına istinadla xəbər verir ki, noyabrın 1, 3 və 5-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Jorj Jermon obrazını Əməkdar Artist Elçin Əzizov (bariton) canlandıracaq.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi" adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın "Opera Art" Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.
E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos” Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradı.
 
Ülviyyə Ədalətqızı

Şərhlər