Maestro Niyazinin anadan olmasından 105 keçir
20.08.2017 13:28 Artreaksiya 1879
Xalqımızın musiqi tarixində elə simalar var ki, onların yaradıcılığı dünya musiqi xəzinəsinə bənzərsiz töhfələr verib. Belə sənətkarlarımızdan biri də bu gün anadan olmasının 105-ci ildönümünü qeyd etdiyimiz görkəmli musiqiçisi, dirijor, bəstəkar, Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Beynəlxalq Nehru mükafatı laureatı, tanınmış ictimai xadim maestro Niyazidir. O, hər zaman Hacıbəyovlar nəslinin görkəmli nümayəndələrindən biri kimi xatırlanır. Orijinal fitri istedad, yüksək musiqi mədəniyyəti, dərin erudisiya və güclü iradə Niyazi yaradıcılığının səciyyəvi xüsusiyyətidir. Maestro həm musiqi sənətində xüsusi üslubuna, həm də bənzərsiz yaradıcılıq yoluna görə bütün başqa sənətkarlardan fərqlənir.
Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili-səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdı. Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin ilk təfsirçisi olmaq maestronu musiqi tariximizdə əbədiyyən arxivləşdirdi. Niyazi Azərbaycan bəstəkarlarının böyük bir nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərərək onların inkişafında, dünyagörüşündə, zövqlərinin formalaşmasında çox böyük missiyanı öz üzərinə götürmüş oldu. Heç kimə sirr deyil ki, peşəkar dirijorluq məktəbinin inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Bütün Azərbaycan dirijorları Niyazinin tələbələri və o məktəbin davamçılarıdır. Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazi ilə çoxillik yaradıcılıq ünsiyyəti nəticəsində peşəkar ifaçılıq zirvəsinə qalxaraq Azərbaycan simfonizminin əsl “yaradıcılıq laboratoriyasına” çevrilə bilib. Əminliklə demək olar ki, Azərbaycan musiqisi yarım əsrə yaxın böyük bir zaman kəsiyində maestro Niyazinin çox fəal iştirakı ilə inkişaf edib. Hər zaman respublikanın musiqi ictimaiyyətinin qarşısında, Azərbaycan Bəstəkarlar İttifaqının qurultaylarında və plenumlarında gənc bəstəkarların əsərlərinin Niyazi tərəfindən ifası musiqisevərlər üçün əsl bayrama çevrilirdi. Bütün gənc bəstəkarlar Niyaziyə doğru can atırdı, axı, o, yalnız dirijor deyil, həm də orkestri gözəl bilən bəstəkar idi. Müxtəlif yaş nəslindən olan Azərbaycan bəstəkarları öz partituralarını məhz Niyaziyə göstərirdilər. Milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin xidmətləri danılmazdır. Onun “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodiyası, xüsusilə harmonik dilin əlvanlığı ilə fərqlənir. “Rast” müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrdə səslənməklə dünyanın tanınmış musiqi şirkətləri tərəfindən qrammofon vallarına yazılıb. Nizaminin poeması əsasında yazdığı “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, xor səhnələri və orkestr epizodlarının ifadəliyi ilə fərqlənirdi. Rabindranat Taqorun dramı üzrə bəstəkarın yazdığı “Çitra” baletində isə hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestr səslənməsində hind musiqi alətlərinin ifasını xatırladan tembr nüanslarından istifadə edilib. Niyazi, eyni zamanda, yaddaşlarda simfonik, kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifi kimi qalıb. O, Azərbaycan kino musiqisinin və dram tamaşaları üçün yazılan musiqi əsərlərinin müəllifi kimi də xatırlanır. Niyazi onlarla xarici ölkədə çıxış etmiş və Azərbaycan musiqisini yüksək səviyyədə təmsil etmişdir.
Maestro 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru olduğu vaxtlarda Pyotr Çaykovskinin “Yatmış gözəl” və Sergey Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq edərək həmin baletlərlə Parisin “Qrand-Opera” və Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları da dirijor kimi idarə edirdi. Türkiyədə Ankara Opera və Balet Teatrında Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, Verdinin “Aida” operalarına, İstanbul Opera Teatrında Adnan Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis İmrə” oratoriyasına dirijorluq edən maestro tamaşaçı sevgisini parlaq və gərgin əməyi nəticəsində qazanırdı.
Niyazinin ictimai fəaliyyəti də çox zəngin olub. O, 1938-ci ildən (fasilələrlə) Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1937-1948-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, daha sonra isə direktoru, bədii rəhbəri və baş dirijoru kimi çalışıb. 1979-cu ildən həyatının sonuna qədər Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru vəzifəsində fəaliyyət göstərib. O, yeddi çağırış dalbadal Ali Sovetin deputatı olmuş və xalqın elçisi kimi saysız-hesabsız xeyirxah işlər görmüşdür. Niyazi respublikamızda, keçmiş Sovet İttifaqında, dünyanın ən böyük ölkələrində tanınan, sayılan, hörmət qazanan bir sənət ustasıdır.
Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o, həm bəstəkar kimi milli musiqimizi zənginləşdirib, həm də bir dirijor kimi Ü.Hacıbəylidən başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görüb. Niyazi sənəti əbədidir. Çünki onun istedadı, yaradıcılıq fəaliyyəti və yorulmadan çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanıb. (azərtac)
Şərhlər