MAESTRO RAUF ABDULLAYEVİN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY GECƏSİ KEÇİRİLİB

21.11.2017 20:34     Artreaksiya     2072

Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətimizin görkəmli nümayəndəsi Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Rauf Abdullayevin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarı yubileyi və bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edərək onun milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, Azərbaycan musiqisinin inkişafında və dünya miqyasında tanıdılmasında böyük bəstəkarın misilsiz xidmətləri olub. Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib, daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil alıb. Görkəmli dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə böyük uğurla çıxış edib. Rauf Abdullayevin musiqi sənəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, 1970-ci ildə Əməkdar İncəsənət Xadimi, 1982-ci ildə Xalq Artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf”, 2017-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında C.Verdinin “Taleyin gücü” operasından uvertüra ilə açıldı. Daha sonra Q.Qarayev “Don Kixot” simfonik qravürləri, “İldırımlı yollarla” baletindən fraqmentlər, O.Respigi “Pini di Roma”simfonik poeması səsləndi. Tamaşaçıların alqışlarından sonra Maestro Rauf Abdullayev ürək sözləri ilə çıxış etdi.

O, ustaddır! O, orkestrin atasıdır! O, inam və ehtiramla öz arzularına, öz orkestrinə xidmət edir! Nə yaxşı ki musiqi tarimizdə Ü.Hacıbəyovu, Qara Qarayevi, C.Hacıyevi, A.Məlikovu yeni tərzdə təqdim edən dirijorumuz var. Sizi 80 illiyininiz münasibətilə təbrik edir,  cansağlığı arzu edirik! 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar