Mevlüt Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

01.12.2017 14:50     Artreaksiya     2843

Reaksiya.az xəbər verir ki, 2017-ci il noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib. Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin qorunması istiqamətində apardığı işlər haqqında məlumat verib. Xanım Əfəndiyeva, həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncamından və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində ayrılan inzibati binadan, orada aparılan təmir-bərpa prosesindən söz açıb.  

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu görüşdən məmnunluğunu ifadə edib. O bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətə başladığı qısa müddət ərzində beynəlxalq aləmdə türk dünyasını uğurla təmsil edir. Nazir, eyni zamanda, türk mədəniyyətinin qorunması, gələcək nəslə ötürülməsi istiqamətində Fondun əvəzsiz rolunu vurğulayıb, buna görə də, hər zaman qurumun yanında olduğunu və gələcəkdə də dəstəkləyəcəyini  dilə gətirib.

Görüşdə Günay Əfəndiyeva Mevlüt Çavuşoğlunu Türkiyə Respublikasının UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etməsi münasibətilə təbrik edib və bu hadisənin yalnız Türkiyə üçün deyil, ümumilikdə türk dünyası üçün əhəmiyyətli olduğunu bildirib. Mövlüt Çavuşoğlu UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə olunmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyini vurğulayaraq, təşəkkürünü bildirib.

Dağlıq Qarabağ probleminə toxunan Günay Əfəndiyeva Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib və bu dəstəyə görə qardaş ölkəyə təşəkkür edib. Nazir öz növbəsində iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb.

Sonda tərəflər arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 

Cəsarət

Reaksiya.az

Şərhlər

Çox oxunanlar