Gənc Tamaşaçılar Teatrında "Qonaqlıq" musiqili komediyası nümayiş olunacaq
05.12.2017 21:30 Artreaksiya 2196
Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) səhnəsində Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış "Qonaqlıq" musiqili komediyası nümayiş olunacaq.
Teatrdan verilən məlumata görə, əsas rolu xalq artisti Cəfər Namiq Kamalın ifa etdiyi komediyada ADGTT-nin aktrisaları - Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış edəcəklər.
Qeyd edək ki, uzun illər öncə bu janrlı tamaşalar hazırlanardı və kiçik yumoristik səhnələrdən, parçalardan hazırlanmış belə tamaşalar həmişə tamaşaçı marağına səbəb olardı. Xeyli fasilədən sonra bu tipli tamaşalara ehtiyac yarandığını hiss edən yaradıcı heyət 1 saat yarım davam edən komediyada ailə-məişət mövzusuna, sosial və ailədaxili problemlərə həsr olunmuş müxtəlif səhnəciklər və monoloqlarla tamaşaçılara gülüş ziyafəti verəcəklər. Duzlu-məzəli yumoristik səhnəciklərlə dolu gecədən tamaşaçıların razı qalacaqlarına əminik. Müasir dövrdə estrada tamaşaları, yumor axşamları insanları teatra daha çox cəlb edir. Tamaşaçı bəzən ağır, düşündürücü, fəlsəfi, tarixi mövzulu əsərlərlə yanaşı, əyləncəli tamaşaları da görmək istəyir. Elə bu səbəbdən də ötən illərə qayıdış, nostalji hisslər yaşamaq istəyənləri dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət edirik.
Şərhlər