Bu gün Azərbaycan Kinosu Günüdür
02.08.2015 11:16 Artreaksiya 4023
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.
1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Peterburqdan dəvət olunmuş Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni –iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino" "Azərkino", "Azərfilm" "Azdövlətkinosənaye", "Azərfilm" "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən C.Cabbarlının adını daşıyır.
"Azərbaycanfilm"də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan" (1945), "Şərikli çörək", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan" (1965), "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınla aşağı" və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə bir çox mühüm işlər görülür.
2015-ci ilin ötən dövrü kino sənayemiz üçün uğurlu olub. Belə ki, kino istehsalı üzrə ölkənin əsas qurumu olan C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsalı başa çatmış "Ağır illər... Xoş xatirələr" sənədli, "Dərs" və "Yarımçıq xatirələr" bədii filmləri, "4.1 şəhər motivləri" gənclər kinoalmanaxına daxil olan beş ekran əsəri təhvil verilib.
Həmçinin "Motivlər-2" kinoalmanaxından "Qara bağ" qısametrajlı filmi təqdim olunub. "Hədiyyə" ("Eşqin sonsuz nəğməsi") adlı ekran əsəri tamamlanmaq üzrədir. Almanaxa daxil olan "Postskriptum" qısametrajlı bədii filmi üzərində işlər davam etdirilir, "Onun atası" filmi isə hazırlıq dövründədir.
Hazırda "Qırmızı bağ", "Qatil", "Xeyir ilə Şərin rəqsi", "İçəri şəhər" bədii filmləri və Azərbaycanla Almaniyanın müştərək istehsalı olan "Sarılar - Qarabağ atının səyahəti" adlı sənədli film üzərində montaj-səsləndirmə işləri aparılır. Bu il kinostudiyada "Eviniz abad" ("Köşk") bədii filmi və "Bəstəkar" qısametrajlı sənədli filmi istehsala buraxılıb.
Kinostudiya ilə yanaşı kino sənayesi ilə məşğul olan studiyalar da filmlər çəkir. "Salnamə" studiyasında istehsal olunan "Naftalan cövhəri", "Sübhdən başlanan həyat" və "Yüksəliş" adlı sənədli filmlər təhvil verilib, bəzi filmlərin təqdimatı keçirilib. 3D formatda çəkilən "Cırtdan və sehrli xallat" adlı cizgi filmi üzərində işlər davam etdirilir.
"Yaddaş" sənədli filmlər studiyası tərəfindən "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən III hissə – 15 sənədli film təhvil verilib. Bundan əlavə, İtaliyanın Milan şəhərində "Planeti qidalandıraq. Həyat üçün enerji" mövzusunda keçirilən "Expo-2015" dünya sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirmək məqsədilə lentə alınan "Azərbaycan mətbəxi. Dad sonrası dad" adlı sənədli film təqdim edilib.
"Azanfilm" də qaynar kino həyatından geridə qalmayaraq bir neçə layihəni reallaşdırıb. Studiyada istehsal edilən "Gəlin, birgə öyrənək" maarifləndirici ekran əsərləri silsiləsindən "Rənglər" və "Rəqəmlər" (2 seriyalı) cizgi filmləri təhvil verilib.
"Debüt" studiyasında "Eliza" ("Pizza və Bethoven") adlı qısametrajlı bədii filmin çəkilişləri başa çatıb, 5 qısametrajlı novelladan ibarət "Bakı gecələri" adlı kinoalmanax tamamlanmaq üzrədir.
"Mozalan" studiyasında da çəkilişlər davam edir. Studiyanın elan etdiyi "Ən yaxşı bədii süjet ssenariləri" müsabiqəsində qalib seçilmiş 6 ssenari əsasında filmlər istehsala buraxılıb və payızda təqdim olunacaq. Studiyada 194 və 195 nömrəli süjetlər istehsala buraxılıb, hazırda 196-cı süjetin çəkilişləri həyata keçirilir.
"Dublyaj" studiyası isə ölkəmizdə keçirilən I Avropa Oyunlarına həsr olunmuş "Bakı-Avropa Oyunları - 2015" adlı tammetrajlı sənədli filmin istehsalını realaşdırıb.
Ekran əsərlərimizin beynəlxalq miqyasda təbliği istiqamətində də işlər görülüb. "Nabat" bədii filmi yanvar ayında Hindistanda keçirilən 13-cü Pune beynəlxalq kinofestivalında münsiflərin xüsusi mükafatına, aprel ayında İranda 33-cü Fəcr film festivalında "Ən yaxşı rejissor" mükafatına, may ayında isə Tripoli (Livan) festivalında "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb.
"Axınla aşağı" bədii filmi aprel-may aylarında ABŞ-ın Los Anceles şəhərində keçirilən "SEEfest" festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatını, "Yol" bədii filmi isə İranda keçirilən IX "Ruyesh" beynəlxalq qısametrajlı film festivalının baş mükafatını qazanıb.
"Çölçü" bədii filmi fevral ayında Hindistanda II Noida beynəlxalq festivalında "Ən yaxşı rejissor", iyun ayında isə İndoneziyada "World Films Awards" festivalında "Golen World Awards 2015" mükafatına layiq görülüb.
"Lahıc" sənədli ekran əsəri may ayında Polşanın Varşava şəhərində keçirilmiş 10-cu FilmAT Film, Sənət və Turizm Festivalında "Ən yaxşı sənədli film" mükafatını alıb.
Bu il 117-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Şərhlər