XALQ ARTİSTİ ÇİNGİZ SADIXOVLA VİDA MƏRASİMİ BAŞLAYIB
16.01.2018 12:56 Artreaksiya 1841
Xalq artisti, pianoçu Çingiz Sadıxovla Təzə Pir məscidində vida mərasimi keçirilir.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mərhumun sənət yoldaşları, ailə üzvləri və yaxınları iştirak edir.
Vida mərasimi saat 14.00-da başa çatacaq.
Xalq artisti Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən ABŞ-ın San-Fransisko, son vaxtlar isə San-Xose şəhərlərində yaşayıb. 2017-ci il dekabrın 30-da orada dünyasını dəyişib.
Şərhlər