Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib

12.02.2018 14:21     Artreaksiya     1509

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib.
 
Teatrdan verilən məlumata görə, mərasimdə Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Arif Quliyev və başqaları iştirak edib.
 
Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov aktrisanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.
 
Teatr rəhbəri qeyd edib ki, Z.Ağakişiyeva uzun illər Milli Dram Teatrında çalışıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanıb: "Biz Zərnigar xanımın timsalında çox istedadlı, görkəmli aktrisamızı itirmişik. O, bütün həyatını teatra həsr edib. Onu 60-cı illərdən tanıyırdım. Mən Əliheydər Ələkbərovla bir kursda çalışırdım. Sonra Əliheydər müəllimin səhhətində problem yarandı, dərslərə gələ bilmədi, onun kursunu mənə həvalə etdilər. Həmin kursda Zərnigar xanım da var idi. Qürur duyuram ki, həmin kursdan Azərbaycan teatrına Yaşar Nuri və Zərnigar Ağakişiyeva kimi aktyorlar gəldilər. Bu gün Zərnigar xanımın üç mərasimidir. Aktrisa Qubada dəfn olunub. Azdrama onun dəfni üçün hər bir hazırlığı görmüşdü. Ailə üzvləri istədilər ki, onu özləri Qubaya aparsınlar. Allah Zərnigar xanıma rəhmət etsin, ruhu şad olsun. Onun xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq, Zərnigar xanımı həmişə hörmət və ehtiram hissilə yad edəcəyik”.
 
Qeyd edək ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşasında 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə teatrın aktyor heyətinə aktrisa kimi qəbul olunub.
 
Aktrisa yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.
 

Şərhlər

Çox oxunanlar