“Xalq Əmanəti” layihəsi çərçivəsində “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi ictimaiyyətə təqdim olunub

25.02.2018 16:34     Artreaksiya     1230

“Xalq Əmanəti” layihəsi çərçivəsində “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi ictimaiyyətə təqdim olunub.

Reaksiya.az xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Xalq Əmanəti” layihəsi çərçivəsində görülən işləri yüksək qiymətləndirib, nəşrin hazırlanmasında əməyi olan alim və tədqiqatçıları təbrik edib. Qeyd edib ki, yüksək tirajla nəşr olunan üçcildlik aşıq sənətini istər ölkəmizdə, istərsə də dünyada təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir.

Akademik ölkəmizdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan söhbət açaraq ümummilli lider Heydər Əliyevin bu sahədə tarixi xidmətlərini vurğulayıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına diqqət və qayğısı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənəti dünya miqyasında tanınır. Məhz onun səyi və yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildən Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, Azərbaycan xalqının mədəni irsinin sütunlarından olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq ədəbiyyatı antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlərin lüğəti öz əksini tapıb.

Filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev yüksək poliqrafik keyfiyyətə malik toplunun məziyyətlərindən danışıb.

Qeyd edək ki, “Xalq Əmanəti” layihəsi 2010-cu ildən etibarən həyata keçirilir.

Şərhlər

Çox oxunanlar