Leyla Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib
27.02.2018 15:43 Artreaksiya 1913
Heydər Əliyev Mərkəzində "Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
L. Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub.
Sərgidə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.
Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış edən simfonik poema Xocalı soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) "Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rakçeyeva (skripka) olub.
Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriççiosu”, Qara Qarayevin "Matəm odası”, "Don Kixot” simfonik qravürlərindən "Səyahət” fraqmenti, Asəf Zeynallının "Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel Barberin "Adajio” əsərləri səsləndirilib.
Heydər Əliyev Mərkəzində səsləndirilən klassik musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalışahidləri dinləyiblər.
Pyer Tiloyun "Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub. Əsər qərb klassik musiqisi və "Laçın”, "Sarı gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. "Xocalı613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.
Xatırladaq ki, "Xocalı 613” əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib.
Şərhlər