Vyanada Azərbaycan kəlağayılarına həsr olunmuş təqdimat keçirilib
17.03.2018 10:53 Artreaksiya 1544
Martın 16-da Vyanada ALMA qalereyasında Azərbaycan kəlağayılarına həsr olunmuş təqdimat keçirilib. Avstriyada yaşayan həmyerlimiz Arzu Karunun hazırladığı təqdimatda Azərbaycanda ənənəvi qadın baş örtüyü barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bir çox Şərq və müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycan qadınları ipək saplardan toxunmuş və özünəməxsus naxışları olan baş örtüyünə - kəlağayıya üstünlük veriblər. Təqdimatda kəlağayının tarixi ilə yanaşı onun istehsal, rənglənmə və naxışlanma üsulları, həmçinin ağac və metal qəlib formaları barədə danışılıb, müxtəlif ölçülü və rəngli kəlağayılar nümayiş etdirilib.
Həmçinin qeyd edilib ki, Azərbaycan kəlağayısı baş örtüyü olmaqla yanaşı, bir sıra rəmzi mənalar da daşıyıb. Bu örpəklər qadınların həya və ismət simvolu, eyni zamanda sülh və əmin-amanlıq rəmzidir.
Sonra kəlağayının istehsalı, rənglənməsi və naxışlanmasını, eləcə də baş örtüyü kimi bağlanma üsullarını əks etdirən videoçarxlar göstərilib. Azərbaycanın milli-mədəni dəyərlərindən biri olan bu örpəklərlə bağlı təqdimatda "Basqal" kəlağayı emalatxanasının kəlağayılarından ibarət kolleksiya da nümayiş olunub.
Tədbirdən sonra qonaqlara Novruz şirniyyatları təqdim olunub, Azərbaycan milli musiqisi səsləndirilib.
Şərhlər