Əbülfəs Qarayev ABŞ-ın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri ilə görüşüb
27.03.2018 11:11 Artreaksiya 1625
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Qubada, rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ilə birlikdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında mədəni əlaqələrdən söhbət açılııb və bu münasibətlərin mədəniyyətin bir çox sahələrində inkişaf etdiyi vurğulanıb.
Nazir bildirib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir, müxtəlif dinlərə, fərqli dillərə və mədəni irsə malik xalqlar bir arada sülh şəraitində yaşayır. O vurğulayıb ki, hazırda qonağı olduqları Quba rayonunda müxtəlif xalqların nümayəndələri uzun illərdir birlik-bərabərlik şəklində yaşayırlar.
Həmçinin nazir Qubanın turizm imkanlarının zəruriliyindən, Xızı-Xaçmaz, Quba və Qusar turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlərin davam etdirilməsinin regionda turizmin inkişafına müsbət təsir göstərəcəyindən söz açıb.
Səfir Quba və ətraf rayonların turizm imkanları ilə tanış olduğunu və regionda gedən sürətli inkişafın göz önündə olduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində mövcud əlaqələr müzakirə olundu, perspektiv planlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Robert Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri kimi səlahiyyət müddəti başa çatıb. O, martın sonunadək ölkəsinə dönəcək.
Şərhlər