“SUSQUNLUQ GƏRGİN İŞİN GÖSTƏRİCİSİDİR” - Zülfiyyə Xanbabayeva

10.04.2018 16:26     Artreaksiya     1650

Zülfiyyə Xanbabayeva solo konsertlə dönəcək

Səhnənin tanınmış ulduzları, məşhur müğənniləri olduğu kimi, eləcə də tanınmış prodüserlərin də şou-biznesə təsiri danılmazdı. Bu təkcə Azərbaycan şou-biznesinə aid deyil. Dünyanın ən məşhur müğənniləri ilə çalışan prodüserlər var ki, onlar da ən azı həmin müğənni qədər tanına biliblər. Azərbaycan şou-biznesinin də tanınmış prodüserləri var ki, onlar bir çox müğənnilərin tanınmasında, parlamasında bilavasitə rol oynayan insanlardı.

 
Xalq artisti Zülfiyyə Xanbabayeva ilə illərdir çalışan, Azərbaycanın ən məşhur prodüserlərindən sayılan Nigar Hacızadə ilə Azərbaycan səhnəsinin bugünki rəngindən, səviyyəsindən danışdıq.
 
- Nigar xanım, uzun illərdir Zülfiyyə Xanbabayeva ilə birgə çalışmısız. Ulduz sənətçi ilə çalışmaq çətin deyil ki?
 
- Zülfiyyə xanım Azərbaycan səhnəsinin ən dəyərli sənətçi xanımlarından biridir. Təbii ki, ulduzla, tanınmış sənətçi ilə çalışmaq çətindir. Hər bir tanınmışın öz kaprizləri, özünə aid xarakteri olur. Bunu qəbul etmək lazımdır. Bu mənada Zülfiyyə xanımın da kaprizlərinin olması normaldır. Məşhurluq isə bu kaprizləri diktə etməyə imkan yaradır. Bu illər ərzində çalışmışam işimə məsuliyyətlə yanaşım. Müğənni ilə işləyərkən məsuliyyət vacib keyfiyyətdir.
 
- Xeyli vaxtdı Zülfiyyə xanım susur. Bəzən hər maraqlı layihənizdən əvvəl belə susqunluqlarınız olur...
 
- Zülfiyyə xanım həmişə az görünməyə üstünlük verib. Efirə görünmək xətrinə çıxmağı sevməyib. Mənə elə gəlir ki, tamaşaçını yormaq düzgün deyil. Sənin ifanı sevirlərsə, sənə maraq mütləq olacaq. Təbii ki, susqun qalmaq yeniliklərin olmaması da demək deyil. Susqunluq gərgin işin göstəricisi ola bilir. Yeni mahnılarımız var ki, Zülfiyyə xanım o mahnılar, yeni layihələr üzərində çalışır.
 
- Onda tamaşaçılar bu il Zülfiyyə Xanbabayevadan solo konsert gözləyə bilərmi?
 
- Bir az sirlərimizi açmış oluram. Amma inşallah, bu il Heydər Əliyev adına Sarayda solo konsert proqramı ilə çıxış etməyi nəzərdə tutmuşuq. Konsert çox böyük, ciddi layihə hesab edilir. Konsertə səthi, məsuliyyətsiz yanaşmaq olmaz. Bilirsiz ki, mən də, Zülfiyyə xanım da bu illər ərzində işimizə daha məsuliyyətli yanaşmağa üstünlük vermişik. "Canım məmləkətim” adlı layihə ilə Zülfiyyə xanım Azərbaycanı turneyə çıxdı. Çox böyük və zəhmət tələb edən bir layihə idi. Hətta bir dəfə Zülfiyyə xanım mənə dedi ki, Azərbaycanın bölgələrini bu layihə çərçivəsində dolaşarkən mən özümü ulduz hiss etdim. Mənə elə gəlir ki, mənim ən uğurlu və böyük layihələrimdən biridir "Canım məmləkətim”.
 
- Çoxları bu gün özlərini prodüser olaraq təqdim edir. Amma müğənninin yanında olmaq hələ prodüser olmaq demək deyil.
 
- Təbii ki, prodüserin üzərinə böyük məsuliyyət düşür. Müğənninin tanınmasında prodüserin rolu ola bilər, amma müğənninin hər zaman gündəmdə qalmasında müğənninin özünün rolu daha böyükdür. Tanınmaq olar, o zirvəni qorumaq isə asan deyil. Söhbət mənim "Canım məmləkətim” adlı layihəmin uğurundan gedirsə, prodüser olaraq üzərimə düşən məsuliyyəti tam daşımağa çalışmışam. Konsertlərin təşkili, səhnə tərtibatı, quruluşu, rəqqaslardan tutmuş rejissor seçiminə qədər prodüser olaraq mən həll etmişəm. Zülfiyyə xanım səhnəyə çıxaraq bir ulduz olaraq ifalarını təqdim edib. Bu, belə də olmalıdır. Müğənni repertuarı ilə maraqlanmalı, ifasını təqdim etməlidir. Digər bütün təşkilati işlər, konsert öncəsi danışıqlar, görüşləri prodüser həyata keçirtməlidir. Bugünki prodüserlərin bir çoxu bu peşənin məsuliyyətini hiss etmirlər. Mən Zülfiyyə xanıma repertuar seçimində, imic məsələsində məsləhət etməmişəm. Amma təşkilati işlərimi görmüşəm.
 
- Bu gün çalışdığınız gənc müğənni Emilya Yaqubova ilə iş prinsipini necə qurmusuz? Ona necə, məsləhətləriniz olur?
 
- "O Səs Azərbaycan” layihəsinin qalibi olan Emilya ilə hazırda işbirliyimiz var. Çox istedadlı gəncdir. Maraqlı ifa tərzi ilə seçilir. Zülfiyyə xanıma məsləhət etməmişəm. Amma bu, gənc müğənnidir, təbii ki, bu yolda ilk addımlarını atır deyə məsləhətlərim olur. Çox gəncdir. Bir vacib məsələ var ki, ona imic tapmaq lazımdır. Düzünü desəm, bu gün o gənc xanımın imicinin axtarışındayam. Gənc olduğundan imicindən tutmuş, repertuar seçiminə qədər məsləhətlərim olur. Səhnəni ona tanıtmaq lazımdır.
 
- Gənc müğənninin musiqi janrı onun parlamasında, tanınmasında nə qədər rol oynaya bilər?
 
- Müğənninin ifa etdiyi musiqinin janrı birbaşa onun tanınmasına təsir edən amildir. Bu gün musiqi zövqümüz dəyişib. Əslində bir az korlanıb. Bir də son illər türk musiqi ladına, üslubuna tələb və maraq çoxalıb. Ona görə də mənim işlədiyim gənc müğənni bu janrdan uzaqdır. O da repertuarına belə türk musiqiləri, dəbdə olan mahnılardan daxil etsə, daha tez tanınar. Biz çalışırıq ki, klassik estrada janrında musiqilərə üstünlük verək. İndi insanların musiqi zövqü türk musiqilərinə olduğundan gənclər də daha çox məhz o janrda olan bəstələrə müraciət edirlər. Yəqin ki, bu da son illər türk telekanallarına daha çox baxmaqla izah edilə bilər. Bir də əvvəlki kimi musiqiyə maraq yoxdu. İndi sanki serial bumu gəlir. Hamı serial xəstəliyinə tutulub. Yəqin bu da zamanın tələbidir.(sherq)ə
 

Şərhlər