ƏSA Teatrı Azərbaycanı ABŞ-da təmsil edəcək

26.04.2018 13:35     Artreaksiya     1313

Ölkənin ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycanı ABŞ-da təmsil edəcək.

 

Teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadənin  verdiyi məlumata görə, o, ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində 2-12 may tarixlərində “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edəcək.

 

Layihə müddətində rejissor Nihad Qulamzadə Vaşinqtonda və digər şəhərlərdə dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşəcək. Layihə çərçivəsində ƏSA Teatrı və onun Azərbaycandakı fəaliyyəti, teatra olan dövlət və ictimai marağı əks etdirən təqdimat nümayiş olunacaq.

 

 

Təqdimatda ƏSA Teatrının yarandığı gündən hazırladığı və geniş ictimaiyyətin maraqla qarşıladığı tamaşalardan, reallaşdırdığı sosial layihələrdən, perspektiv planlardan, həyata keçirilməsi nəzərdə tutulan yaradıcı layihələrdən də bəhs ediləcək.

 

Qeyd edək ki, Açıq Dünya Proqramı ABŞ-da 1999-cu ildən təşkil olunan beynəlxalq layihədir. Azərbaycanı bu il layihədə ƏSA Teatrı ilə yanaşı sosial sahədə fəaliyyət göstərən fiziki məhdudiyyəti olan və olmayan daha dörd nəfər təmsil edəcək.

 

ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə yaradılıb. Təkcə Qafqaz ölkələrində deyil, eləcə də bütün regionun ilk və yeganə inklüziv teatrıdır. Teatrın əsas aktyor heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarətdir.(apa)

 

Reaksiya.az

Şərhlər