Fuad Poladovla vida mərasimi keçirilir

05.05.2018 13:12     Artreaksiya     1803

Ötən gün vəfat edən Azərbaycanın görkəmli teatr və kino aktyoru Fuad Poladov ilə vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, mərhumla vida mərasimi evində, Babək prospekti 10 ünvanında baş tutur. Aktyorsevərlər hazırda onun evinə axışır.

Uzun sürən xəstəlikdən sonra 70 yaşında dünyasını dəyişən Fuad Poladov vəsiyyətinə əsasən, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.

Vida mərasimində iştirak edən aktrisa Almaz Mustafayeva aktyorun ölümünə  təəssüfləndiyini deyib: "Təəsaüf edirəm ki, böyük sənətkatı itirdik. Onunla sonuncu dəfə Nizami Kino Mərkəzində film təqdimatında görüşdük. Xanımı ilə gəlmişdi. Xeyli söhbət etdik. Ondan sonra nə görüşməmişik, nə danışmamışıq. Çox heyf ki, artıq Polad bəy yoxdur".

Rejissor Ramiz  Həsənoğlu "Təəssüflənirəm. Bu məqamda söz tapmıram deməyə. Hazırda susmaq lazımdır. Gəlin, birlikdə susaq"-, deyə bildirib.(musavat)

Reaksiya.az

Şərhlər