Aida Mahmudova: “Göz yaşlarımı saxlaya bilmirəm”
04.06.2015 23:00 Artreaksiya 1607
ABŞ-ın Nyu-York şəhərində yerləşən “Leila Heller” Qalereyasında (568 West 25 Street) azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” (“Passing By…”) adlı fərdi sərgisi açılıb.
Sərginin açılışı münasibəti ilə rəssam dünyaca məşhur Interview Magazine nəşrinə müsahibə verib. Buro 24/7 Azerbaijan həmin müsahibəni ixtisarla təqdim edir.
- ABŞ-da ilk sərginiz münasibətilə sizi təbrik edirəm. Təəssüratlarınız necədir?
- Təşəkkür edirəm. Bu əla hisdir. Sonuncu dəfə Nyu-Yorkda 6 il əvvəl olmuşam. Düzünü desəm, təyyarə ilə uçmaqdan qorxuram, ona görə də Amerikaya tez-tez gələ bilmirəm. Ancaq bura həyata baxış, insanlarla münasibətlər baxımından Avropadan çox fərqlənir. Nyu-Yorkun öz işığı və xoşbəxtlik hissi var.
- Venesiya biennalesində olduğum zaman YARAT təşkilatının nümayişini gördüm və hər iki rəssam (Almagül Menlibayeva və Rəşad Ələkbərovu nəzərdə tutur - red.) çox güclü idi. Belə böyük bir təşkilata rəhbərlik etməklə yanaşı, bir rəssam kimi öz işlərinizi necə yoluna qoyursunuz?
- YARAT-ın təsis olunmasının əsas səbəbi mənim rəssam olmağımdır. Mən elə bir yer yaratmaq istəyirdim ki, orada insanlar bir yerə toplaşaraq Azərbaycanda müasir incəsənətin inkişafına kömək edə bilsinlər. YARAT-a başlayan zaman sadəcə təşkilatı təsis edən şəxs deyildim, mən həm də bu icmanın bir hissəsi idim. İki il sonra YAY Gallery qalereyasını təsis etdim. Mart ayında isə rəssam Şirin Neşatın sərgisi ilə Müasir incəsənət Mərkəzinin açılışı oldu. Bunlarla yanaşı, öz layihələrim üzərində də çalışırdım. Düzdür, hər iki iş bir-birinə mane olmasa da, bütün bunlara çoxlu enerji və vaxt sərf etməli olurdum. Hətta ilk iki ildə cəmi iki saat yatırdım. Ancaq ötən il öz işimə daha çox diqqət ayırmağa başladım. Vaxtın çoxunu studiyada keçirirdim və ancaq həftədə iki dəfə ofisə gedirdim.
- İş prosesiniz necə keçir?
- Mən əvvəllər eyni zamanda üç və ya dörd rəsm çəksəm də, indi böyükmiqyaslı əsərlər üzərində çalışıram. Belə işlər adama daha çox azadlıq verir. Kiçik həcmli rəsmlərdən böyükmiqyaslı əsərlərə keçməyimin səbəbini bilmirəm. Ola bilər hansısa anda daha çox azadlığa ehtiyacım oldu. Böyük rəsmlərdə mən fırçalardan deyil, əllərimdən daha çox istifadə edirəm. Bu sanki yemək bişirmək kimidir. Yeri gəlmişkən, mən bişirməyi də sevirəm. Ümumiyyətlə, əllər vasitəsilə insan öz enerjisini ötürür və onu geri qaytarır. Bu yaxın fiziki kontaktdır.
- Necə hesab edirsiniz, prosesin özü yekun iş qədər əhəmiyyətlidir?
- Proses mənim üçün daha vacibdir. Proses münasibətdir. Bəzən bir rəsmi çəkməyə 3-4 ay vaxtım gedir. Daha sonra həmin işə baxanda onu daha yaxşı qiymətləndirə bilirəm. Nyu-York sərgisində təqdim olunan rəsmləri mən bir ay görməmişəm deyə, indi onlara tamam fərqli şəkildə baxıram.
- Bəs prosesi dayandırmaq lazım olduğunu necə müəyyən edirsiniz?
- Mən çoxlu sayda rəsmlərimi atmışam. 50% işlərimi korlayıram və üzərində yenidən işləyirəm. Burada (Nyu-Yorkun "Leila Heller" Qalereyasında - red.) elə rəsmlər var ki, onların üzərində dəfələrlə işləmişəm. Çalışarkən göz yaşlarımı saxlaya bilmirəm. Rəsmlərimin əsas hədəfi hislərimi, müəyyən anda keçirdiyim emosiyaları ötürməkdir.
- Sizi ilhamlandıran ən böyük dəyişikliklər hansılar olub?
- Daxili dəyişikliklər kifayət qədər tez-tez olur. Daxildə müəyyən təcrübələr keçirmək və geriyə baxıb başqa bir şəxs olduğunu anlamaq çox maraqlıdır. Təbii ki, çoxlu sayda zahiri faktorlar, baş verən və baş verəcək hadisələr də var. Məsələn, belə bir hal mənim ana olduğum zaman baş verdi. İlk zamanlar çətin olsa da, sonra harada olduğumu və həyatımın necə dəyişdiyini başa düşdüm. Elə o zaman YARAT-ın əsasını qoydum.
- Bəs həmin çətin dövrü necə adlaya bildiniz?
- Onda da rəsm çəkirdim, ancaq onları heç vaxt nümayiş etməyəcəm. Düşünürəm ki, rəsm çəkməsəm, sözün hərfi mənasında ölərəm. Bu, yemək və yatmaq kimi bir şeydir.
- İncəsənətə marağınız necə yarandı?
- Mən özümü xatırlayandan bəri incəsənətlə məşğul oluram. Orta məktəblə yanaşı, həm də incəsənət məktəbinə gedirdim. Yadımdadır, uşaqlıqda yasəmən güllərinin böyük rəsmini çəkmişdim. Nənəm onu mənim otağımda saxlayırdı və mən ona hər gün baxırdım, onunla fəxr edirdim. Bütün bu xırda anlar sənin bir zamanlar harada olduğunun və indi harada olduğunun böyük mənzərəsini yaradır. Düşünürəm ki, elə bir an gələcək ki, işlərimdə heç bir irəliləyiş hiss etməyəcəm və o zaman hər şeyi tamamilə dayandıracam. Ancaq mən dayanmaq istəmirəm.
Mənbə:http://www.buro247.az/culture/buro-loves/aida-mahmudova-g-z-ya-lar-m-saxlaya-bilmir-m.htm//l
// buro247.az
Şərhlər