Sevimli seriallarımız mövsüm sonuna hazırlaşır

22.05.2018 11:54     Artreaksiya     4017

Onların bəziləri bu mövsüm yekunlaşsa da, bir çoxunu payızdan yenə də izləyə biləcəyik

Daha bir mövsümün sonuna yaxınlaşırıq. İl ərzində gərgin iş rejimi, günlər həftələri, həftələr ayları elə qovur ki, zamanın necə keçdiyindən xəbərimiz belə olmur. Mövsümün sonu gəldiyini isə bizim kimi serialsevərlər serialların mövsüm sonuna çıxması ilə bilir. Artıq televiziyalarda göstərilən anonslardan da göründüyü kimi, bir neçə həftədən sonra seriallarımız mövsümü başa vururlar. Biz də il ərzində izlədiyimiz serialların baş rejissorları ilə əlaqə saxladıq. Tamaşaçıların sevərək izlədiyi serialları növbəti mövsümdə də izləyə bilib-bilməyəcəyini araşdırdıq, hansı seriallarımızın növbəti mövsüm yayımını dayandıracağı kimi suallarımıza cavab axtardıq. Aydınlaşdırdıq ki, bu mövsüm finalı olacaq seriallardan daha çox yayımını davam etdirənlər olacaq. Və onların demək olar ki, hamısı iyunun sonunda mövsüm sonuna çıxacaqlar. 
 
"Gələn mövsüm keçmiş xatırlanacaq”
 
Xəzər televiziyasının ən reytinqli seriallarından olan "Ata ocağı”nın baş rejissoru Rüfət Şahbazov deyir ki, iyunun sonları serialın mövsüm sonuna hazırlanan bölümü nümayiş etdiriləcək. Növbəti mövsüm isə serialın finalı nəzərdə tutulub: "Yeni mövsümdən yarımçıq qalan yeni bir hekayə başlayacaq. Gələn mövsüm baş verən hadisələrin keçmişi xatırlanacaq. Keçmişdə olan hadisələr gələcəyə də təsir edəcək. Bu seriala başlayanda onun iki il yayımlanacağı nəzərdə tutulmuşdu. Elə öncədən nəzərdə tutulduğu kimi də davam edəcək. Biz həmin plan üzrə gedirik”.
 
Rejissor deyir ki, "Ata ocağı” serialında tamaşaçılara çox ciddi mesajlar ötürülür: "Bu layihəni etməkdə əsas məqsəd insanların ailəyə olan münasibətini tənzimləmək, onlarda tərbiyəvi hisslər aşılamağa çalışmaqdır. Hər bölümdə tamaşaçılara ötürdüyümüz sətiraltı mesajlar var. Real həyata nəzər yetirsək, orada da xəyanətin, valideynə hörmətsizliyin, uşaq sonsuzluğu ilə çarpışan ailələrin faciəsini görürük. Gücümüz çatan qədər çalışırıq ki, tamaşaçılara düzgün mesaj ötürək. Yaşlı kişinin gənc qızla evlənməyi, qızın imkana görə yaşlı kişiyə olan həvəsi, xəstə ataya qulluq, sosial mesajlar "Ata ocağı” serialının ən çox sevilən tərəfləridir”. 
 
R.Şahbazov qeyd etdi ki, istirahət aylarında onlar dincəlməyəcək. Belə ki, növbəti aydan yay üçün nəzərdə tutulmuş qısa bir serial çəkəcəklər. 
 
"Daha maraqlı olacağıq”
 
Sözügedən kanalda yayımlanan "Baldız” serialının baş rejissoru Elmir Süleymanov bizimlə söhbətində bildirdi ki, mövsümün son bölümü iyulun 14-də yayımlanacaq: "Yeni mövsümdən əlavə xətlər, yeni obrazlar serialımıza daxil olacaq. Daha maraqlı və gülməli ssenari, rejissor işi, aktyor oyunu ilə tamaşaçıların görüşünə gələcəyik. Tamaşaçılarımız bizi izləməyə davam etsin, yeni mövsümdən daha maraqlı olacağıq”. 
 
"Serialda yenilik olmasa, tamaşaçı üçün adiləşər”
 
Kanalın növbəti reytinqli seriallarından olan "İmtahan”ın baş rejissoru Ramin Nəbili iyunun sonu mövsüm sonuna çıxacaqlarını və növbəti il bol enerji ilə işə başlayacaqlarını söylədi: "Serialın çəkildiyi janr həm gülməli, həm də ağlamalıdır. Biz serialı çəkməyə başlayanda tamaşaçının reaksiyasını bilmirdik. Serialımızın necə qarşılanacağı, onun haqqında yaranan fikirlər bizim üçün maraqlı idi. Ola bilərdi ki, heç qəbul etməzdilər. Bir tərəfdə gərgin bir hadisə yaşanır, digər tərəfdə bir qəhrəmanımız var ki, ağzına nə gəldi, danışır. Çox şükür ki, "İmtahan” serialı tamaşaçıların qəlbinə xitab etdi. Bu qədər seviləcəyini və reytinq toplayacağını gözləmirdim. Yeni mövsümdən daha qalmaqallı, daha həyəcanlı bölümlər gələcək. Yeni xətlər, yeni simalar olacaq. Serialda yeni hadisə, yenilik olmasa, tamaşaçı üçün adiləşər”.
 
"Məhəbbəti unutdurmaq lazım idi”
 
Xəzər telekanalımın komediya janrından çəkilən "Ailəcanlı” və "Xalxın evi” seriallarının baş rejissoru Ramin Hacıyev də hazırda serialların sezon finalına hazırlaşdıqlarını bildirdi: "İyulun 14-də "Ailəcanlı”, iyulun 15-də isə  "Xalxın evi” serialı mövsümü bağlayacaq. Açığı, serialların bu qədər izlənəcəyini gözləyirdim. Çünki bilirdim ki, bizim kollektivimiz elə-belə komanda deyil. Ssenaristlərimiz indiyə qədər çox yaxşı komediya seriallarına, filmlərinə ssenari yazıblar. Aktyorlarımız çox istedadlı və peşəkar insanlardır. Seriallarımızın ikisi də bir-birindən fərqlidir. Bu sevgini, bu reytinqi qısa zamanda əldə etməyi bacarmaq heç də asan deyildi”.
Rejissor növbəti aydan yeni serialın üzərində çalışacaqlarını bildirdi. Deyir ki, yay mövsümündə tamaşaçılara istirahət, çimərlik əhval-ruhiyyəsi və bol gülüş bəxş edən bir serial göstərəcəklər: "Avqustun 4-də həftədə iki dəfə olmaqla yeni bir serialın nümayişinə başlayacağıq. Bu, 12 bölümlük yay serialı olacaq. Avqust ayının ilk həftəsindən mövsüm başlayana qədər efirdə olacaq”. 
 
Rejissordan onu məşhur edən Məhəbbət obrazı üçün darıxıb-darıxmadığını da soruşduq: "Bilirdim ki, mən nə etsəm də, Məhəbbətdən gülməli bir şey edə bilməyəcəm. Məhəbbəti unutdurmaq lazım idi. Mübarək tam Məhəbbət qədər deyil. Amma yüngülvari nəsə etmək lazım idi ki, Məhəbbətin rolunu oynayan Ramin Hacıyev başqa bir ampluada olsun. Bu, Məhəbbətin unudulması üçün bir taktikadır. Gələn mövsüm Məhəbbəti oynayan Ramin Hacıyev daha gülməli və maraqlı obrazla tamaşaçıların qarşısına çıxacaq”.
 
Rejissordan serialdan əlavə film çəkilişlərinə nə zaman başlayacağını xəbər alırıq: "Çəksəm, böyük ehtimalla komediya filmi çəkəcəm. Bu gün çəkilən komediya filmləri o qədər də gülməli deyil, hırıldamalı filmlər çəkilir. Mən çəkəcəyim filmlə insanları güldürmək istəmirəm. İstəyirəm çəkəcəyim filmdə sağlam yumor olsun. Güldürmək xatirinə kadr əlavə etmək yox. Bu günün tamaşaçısını artıq aldatmaq olmur. Gülməli film başqa, komediya filmi başqadır. Yalandan tərifləməkdən artıq xirtdəkdəyəm. Düzdür, komediya filmlərini çəkənlər dostlarımız, qardaşlarımızdır, birlikdə işləmişik, çörək kəsmişik. Ancaq baxıram ki, o filmlərin çoxunda gülməli heç nə yoxdur”. 
 
Finalı gözlənilən seriallar
 
ATV-də yayımlanan "Vicdan haqqı” serialı bu mövsüm başa çatır. Serialın final bölümü yayımlanmamışdan 2-3 gün qabaq serialın finalının Nizami Kino Mərkəzində nümayişi olacaq. Və həmin həftənin 5-ci günü serialın finalı göstəriləcək. Mayın son günü serial izdihamlı bir bölümlə tamaşaçılarla qarşı-qarşıya gələcək. Filmin baş rejissoru Rövşən İsax deyir ki, böyük ehtimalla iyulun 6-da serialın final bölümü yayımlanacaq. Rejissor bildirir ki, növbəti dəfə bədii film çəkməyə çalışacaq. 
 
ATV d-ə yayımlanan "Laləli saray” serialının quruluşçu rejissoru Şahin Qəhrəman da söylədi ki, artıq serial bitir. Serialın final bölümü isə iyun ayında olacaq. Hazırda yeni serial çəkilişləri ilə bağlı düşünən rejissor serialın ailə-məişət mövzusunda olduğunu deyir: "Bir-iki mövzu var, onların üzərində işləyirik Yəqin ki, melodrama olacaq, ola bilsin detektiv-dram janrında olan ssenariyə film çəkdik”.
 
Yeni veriliş, yay filmi...
 
ATV-də yayımlanan "Qız atası”, "Qardaşlar”, "Bacanaqlar” serialının prodüseri Elməddin Cəfərov bizimlə söhbətində serialların ard-arda iyulun əvvəllərində mövsüm sonuna çıxacağını bildirdi. Qeyd etdi ki, sentyabrın 10-dan yenidən ATV-nin komediya janrında çəkilən serialları efirə qayıdacaq: "Serialların 3-ü də eyni vaxtda bağlanacaq. Serial qəhrəmanları bir az istirahət edəcək. Yeni mövsümdən bir çox dəyişikliklər olacaq. Belə ki, tamaşaçılar çox fərqli bir "Bacanaqlar” görəcəklər. "Bacanaqlar” Azərbaycan serial məkanında ən uzunömürlü seriallardandır. Yeni mövsümdə 10 yaşı tamam olacaq”.
 
E.Cəfərov gələn aydan yay fəsli ilə bağlı serial çəkəcəklərini dedi: "Gələn aydan qısamüddətli,  8-10 bölümlük "Bal ayı” serialı olacaq. Hazırda o serialın üzərində çalışırıq. Yeni mövsümdə veriliş layihəmiz də işıq üzü görəcək”.
 

Şərhlər