ANİMAFİLM I Bakı Beynəlxalq Animasiya Festivalı keçiriləcək
11.06.2018 12:34 Artreaksiya 1647
BAKIDA İLK DƏFƏ KEÇİRİLƏCƏK ANİMAFİLM BEYNƏLXALQ ANİMASİYA FESTİVALINA 22 ÖLKƏDƏN 84 MÜRACİƏT DAXİL OLMUŞDUR
Odlar Yurdu Azərbaycan qədim tarixi keçmişi, zəngin mədəniyyəti, qəllbi yaratmaq eşqi ilə vuran yaradıcı insanları ilə hər zaman diqqət mərkəzində olub və qalmaqdadır. Ölkəmizin təbii sərvətləri, iqtisadi potensialı, coğrafi mövqeyi isə onu Qərblə Şərqin astanasında mühüm geosiyasi məkana çevirmişdir.
Son zamanlar müxtəlif miqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də sabitliyi, qonaqpərvərliyi, mədəni müxtəlifliyin inkişafı prinsiplərinə münasibəti ilə fərqlənən Vətənimizin dünya dövlətləri sırasında tolerantlığın və multikulturalizmin ən böyük təbliğatçısı olmasından irəli gəlir.
Haqqında danışmaq istədiyimiz tədbir də məhz qeyd etdiyimiz prinsiplərə xidmət etməklə yanaşı, keçmişin nümunəsinə müasir ab-hava, yanaşma gətirərək inkişafa təkan vermək məqsədi daşıyır.
Teatr, kino və rəssamlığın ən gözəl ənənələrini özündə birləşdirib, bura musiqi və söz əlavə edərək, müəllif təxəyyülü ilə rejissor münasibətinin süzgəcindən keçib, müasir texnologiyaların köməyi ilə dinamikləşən əhvalatlar – müasir animasiya sənətini uşaqdan-böyüyə hamı sevir və izləyir. Animasiya filmləri sərrastlığı, satirası, ifadəliliyi, bitkinliyi və mövzu genişliyi ilə hər zaman diqqət mərkəzindədir.
Son illər Azərbaycanda animasiya filmlərinə diqqətin zəifləməsi, ayrı-ayrı studiyaların bəzən sənətə ehtiyac üzündən daha çox kommersiya mövqeyindən yanaşmaları animatorların bir araya gəlib sənətin inkişafı üzərində düşünmələri və vəziyyəti dəyərləndirmək, təcrübə mübadiləsini genişləndirmək məqsədilə ANİMAFİLM I Bakı Beynəlxalq Animsiya Festivalını keçirmək qərarı ilə nəticələndi.
Beləliklə, biz gəldik. Gül balalarımızı, gənclərimizi, animasiya filmlərini sevənləri bir araya gətirmək üçün dünyanın ən tanınmış animatorlarından dəstək alaraq, ilk mövzusu “Azərbaycan animasiyası” olan, “Ən yaxşı qısametrajlı animasiya filmi”; “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”; “Ən yaxşı animasiyalı sosial çarx”; “Ən yaxşı animasiyalı reklam”; “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyaları üzrə müsabiqəyə start verdik.
Sevindirici haldır ki, artıq festivalda iştirak etmək üçün 22 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digərlərindən 84 müraciət daxil olub.
İstedadın dəstəklənməsi, sənətin yaşadılmasını əsas götürərək nominasiyaları dəyərləndirmək üçün tanınmış animasiya rejissorlarından, sənətşünaslardan ibarət iki beynəlxalq münsiflər heyəti tərtib etdik. Eyni zamanda “Tamaşaçı rəğbəti” mükafatı da təsis etdik.
Azərbaycan animasiyasının ağsaqqalı Elçin Hami Axundovun, Gürcüstan Animasiya Birliyinin sədri Ketevan Canelidzenin, Çexiyadan olan animasiya mütəxəssisi Miroslava Janičatová münsiflər heyətində üzvlüklərini təsdiq ediblər.
Ssenarilər üzrə müsabiqədə isə münsiflər heyətinə yazıçı Sevinc Əzimova, İrandan olan rejissor Leyla Novruyi daxil edilib, üçüncü münsif isə tam təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.
Azərbaycanın tanınmış sənətçilərinin bir araya gəldiyi ANİMAFİLM ilk addımdan peşəkar yanaşma ilə fərqləndi. Festival iştirakçıları müsabiqədənkənar proqramda Azərbaycan animasiyası tarixindən bəhz edən “Azərbaycan animasiyası” kitabının təqdimatında, tematik nümayişlərdə iştirak edə, retrospektivlərdə ən gözəl sənət nümunələri ilə tanış ola, uşaq proqramında isə müxtəlif sürprizlərlə qarşılaşa biləcəklər.
Peşəkar proqramda müasir animasiyanın gündəmdə olan məsələləri ilə bağlı işgüzar görüşlər, interaktiv mükalimələr, sənətkarla tamaşaçı arasında sənət körpüləri təşkil ediləcək. Arzusunda olduğu animasiya filmini yaratmaq istəyənləri isə tanınmışların “ustad dərsləri” gözləyəcək. Animasiya mövzusunda mühazirə və seminarlar isə müxtəlif auditoriyanın tələb və təklifi əsasında təşkil olunacaq.
Festivalın müşayiətedici proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək. Milli kinomuzun 120 illliyi qeyd edilən bu il Festival tamaşaçılara Azərbaycan animasiyasının inkişaf tarixinə həsr edilmiş “ReAnimasiya” adlı sərgi təqdim edəcək.
Azərbaycan animasiya sənətinin inkişafına təkan verməyi, peşəkar mütəxəssislərin hazırlanmasına dəstək olmağı hədəfə alan ANİMAFİLM 19-21 oktyabr 2018-ci il tarixlərində həmvətənlərimizi və qonaqları nağıllar aləminə səyahətə dəvət edir. Festival haqqında ətraflı məlumatı daim yenilənən https://www.animafilm.az/ səhifəmizdən əldə edə bilərsiniz.
Şərhlər