Xalq artisti “Sütül gəlinlər” ŞİRKƏTİ AÇDI: "40 il sonra qayınana və gəlin..."

20.06.2018 14:08     Artreaksiya     1195

“Ölməz aktrisa Nəsibə Zeynalovanın baş rolda çəkildiyi “Qayınana” filminin çəkilməsindən 40 il ötür. Orxan Ağazadənin rejissorluğu ilə Nicat Dadaşovun ssenarisi əsasında “Qayınana” filminin yeni versiyası çəkilir. Hazırda ekran işinin çəkilişləri davam edir. Lakin yeni versiyanın o biri “Qayınana” filmilə heç bir əlaqəsi yoxdur, yeni ssenari tamamilə başqadır”.

Bu sözləri Xalq artisti İlham Namiq Kamal publika.az-a verdiyi açıqlamada deyib. Aktyor bildirib ki, ssenarilər müxtəlif olsa da, bu film də qayınana və gəlin münasibətləri mövzusu üzərində qurulub.

Xalq artisti müasir “Qayınana” filmindəki rolundan da danışıb:

“Əvvəlki filmdən sadəcə İlqar rolunu inkişaf etdirib müasir versiyaya daxil ediblər. Bildiyimiz kimi, Hüseyn Seyidzadənin rejissorluğu ilə lentə alınan “Qayınana” filmində rejissor İlqar obrazını canlandırmışdım. İlqar öz nişanlısını - Afəti Cənnət xalanın yanına göndərmişdi ki, orada dəhşətli hadisələr törətsin ki, sonda qayınana yumşalsın və mülayim olsun.

Artıq o hadisələrin üzərindən 40 il keçib. İncəsənətdə maliyyə vəziyyəti yaxşı olmadığına görə İlqar qərara gəlir ki, gəlin-qayınana münasibətlərini biznesə çevirsin və "Sütül gəlinlər" şirkətini yaratsın. Bir müddət sonra bu iş İlqarın sənətinə çevrilir. O, ətrafına çox gəlinlər toplayır. Bu gəlinlərin başlıca vəzifəsi odur ki, ailələrə gedib elə mühit yaratsınlar ki, qayınanalar yumşalsın və muma dönsünlər. Yeri gəlmişkən, gəlinlər arasında müxtəlif millətlərdən olan xanımlar var. Bəylər qayınanaları ilə yola getməyən istənilən millətdən olan xanımı seçir, haqqını verir və qayınananı yola gətirmək üçün evlərinə göndərirlər. Bu gəlinlər orada nə hoqqa desən, çox yüksək səviyyədə yerinə yetirirlər.

İlqar öz biznesini genişləndirərək gələcəkdə kişilər üçün “Təzə Bəy Dadaş” şirkəti açmağı planlaşdırır. Müasir qayınana rolunda isə Xalq artisti Flora Kərimova çəkilir”.

Xalq artisti gənc ssenarist və rejissorların yenidən bu mövzuya müraciət etməsini müsbət qiymətləndirib:

“Sevindirici haldır ki, istedadlı gənclərimiz “Qayınana” filminin yeni versiyasını ekranlaşdırmağa qərar verib. Çalışırlar ki, səmimi və isti film olsun. Əminəm ki, insanların baxıb istirahət edə biləcəyi film alınacaq. Ümumiyyətlə, gəlin qayınana münasibətləri bütün dövrlər üçün aktual mövzudur. Hüseyn Seyidzadənin çəkdiyi “Qayınana” filmi böyük baza və bir palıd ağacıdır. Yeni versiya isə o palıd ağacının inkişaf etdirilmiş bir budağıdır. Birdən-birə heç nə yaranmır, daima yeni filmlər çəkilməlidir ki, kino sahəsində inkişaf baş versin. Əsas odur ki, gənclər uğurlu komanda yaradıblar.

Uzun illərdir ki, nə seriala, nə də filmə çəkilmirəm. Gördüm ki, çəkiliş heyəti çox həvəslidir, sidq ürəklə istəyirlər ki, sənətkarlarla işləsinlər. Odur ki, gəncləri alqışlamaq lazımdır, onları tək qoymaq və həvəsdən salmaq olmaz. Gərək gənclərə düzgün istiqamət göstərəsən, mümkün qədər yardım əlini uzadasan. Kömək edə bilməyən də mane olmasın. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” kafedrasının müdiriyəm. Orada da həmişə fikir bildirirəm ki, gəncləri boş qoymaq olmaz, onları işlə təmin etmək vacibdir”.

Aktyorun sözlərinə görə, əvvəlki və yeni “Qayınana” filmləri arasında yeganə oxşarlıq ondan ibarətdir ki, hər iki qayınana sonda başa düşür ki, oğlunu özünün seçdiyi xanım daha çox xoşbəxt edə bilər.

Qeyd edək ki, “Caspian Media Group”un istehsalı ilə çəkilən filmin layihə direktoru və baş prodüseri Hüseyn Cavadzadədir. Filmin rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim ustaları Sevda Zeynalova, Səbinə İmanova, icraçı prodüserləri Azər Qasımov və Ömər Abdulkərimovdur.

Reaksiya.az

Şərhlər