Qədim Şəki növbəti dəfə beynəlxalq musiqi festivalına ev sahibliyi edir

27.06.2018 16:30     Artreaksiya     1138

Bu gün Şəkidə "İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başlanır.
 
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.
 
Festivalın təşkilat komitəsinin üzvü, şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları tam hazır vəziyyətə gətirilib. İyunun 27-də axşam "Marxal” istirahət kompleksinin Yay Teatrında Şəki "İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək.
 
Festival çərçivəsində növbəti günlərdə Macarıstan, Rusiya, Qazaxıstan və Türkiyədən gəlmiş rəqs və musiqi qrupları, həmçinin Azərbaycanın teatr və musiqi kollektivləri rəngarəng konsert proqramları ilə çıxış edəcəklər. Bundan əlavə, festivalın tarixində ilk dəfə olaraq Beynəlxalq Elmi Simpozium da keçiriləcək. Tədbirdə 10 ölkənin, o cümlədən Azərbaycanın görkəmli alimləri iştirak edəcəklər.
 
Şəki "İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalına iyulun 1-də yekun vurulacaq.
 
Reaskiya.az

Şərhlər