İtaliya Prezidenti Sarayında Azərbaycan musiqisi konserti keçiriləcək

11.10.2018 12:31     Artreaksiya     1424

İtaliya Prezidenti Sarayında Azərbaycan musiqisi konserti keçiriləcək.

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının (Palazzo del Quirinale) Kapella Paolina (CapellaPaolina) zalında hər həftənin bazar günləri keçirilən və "Rai Radio 3" ictimai radiosu ilə saat 11.50-də canlı yayımlanan məşhur "Kuirinale Konsertləri"nin (Concertidel Quirinale) oktyabrın 14-də yayımlanacaq buraxılışı Azərbaycan musiqisi konsertinə həsr olunacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə  Heydər Əliyev Fondu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və italyan musiqiçiləridən ibarət Belcan-Tar ansamblının ifasında Azərbaycan klassik musiqi nümunələri və xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnıları ifa olunacaq.

Eyni konsert proqramı, eləcə də oktyabrın 12-də İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilo Sarayında (Palazzo dell’Emicilio) da təqdim olunacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar