Azərbaycanlı gənc fleytaçı Fransada “Qızıl açar” mükafatına layiq görülüb
11.12.2018 14:13 Artreaksiya 1348
Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.
2018-ci ildə Paris, Bolqarıstan, İsrail, Mərakeş, Pekin, Nyu-York, Sankt-Peterburq, Mayami, Martinik, Qvadelupa, Papeete, Numea, La Reünyon, Vilnüs, Sürix, Praqada keçirilən “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqələrinin mükafatlandırma mərasimi İle-de-France regionunun Le Raincy kommunasında təşkil olunub.
Münsiflər heyətinin tanınmış musiqiçilərdən ibarət olduğu müsabiqədə Paris ali musiqi məktəbinin tələbəsi Ağarəhim Quliyev fleyta aləti üzrə “Qızıl açar” mükafatını qazanıb. O, İtaliya bəstəkarı Pietro Morlaççinin “İl pastore svizzero” musiqisini ifa edib.
Qeyd edək ki, Ağarəhim Quliyev Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinə iki ay əvvəl daxil olub. 2016-cı ildə ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində gənc Prezident təqaüdçülərinin konsertində onun uğurlu ifası alqışlarla qarşılanıb.
İstedadlı gənc musiqiçi bir neçə beynəlxalq müsabiqəyə qatılıb. O, Estoniyanın Narva şəhərində "Baltika ulduzları" IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil edib. 2012-ci ildə Bakıda ISESCO-nun, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb.
Şərhlər