Prezident postundan imtina edən, skripka çalmasıyla öyünən dahi fizik - Beyni oğurlanan Eynşteyn

05.01.2019 16:27     Artreaksiya     1563

Dahi sözünü işlədəndə göz önünə ilk gələnlərdən biri dünya şöhrətli alim Albert Eynşteyn olur. O cümlədən, qeyri-adi dahi ifadəsini eşitdikdə də gözlərimizin önündə ilk canlananlardan biri yenə də Eynşteyn olur. Eynşteynin dahliyi və qeyri-adiliyi nədən ibarət olub? Onun haqqındakı 20 faktla bu suala az da olsa cavab tapmaq olar.

1. 1879-cu ilin martın 14-də cənubi Almaniyanın Ulma şəhərində anadan olan Eynşteyn 4 yaşına qədər danışa bilməyib.

2. Gələcəyin dahisinə uşaqlıq illərində həm ailədə, həm də məktəbdə inkişafdan qalmış bir uşaq kimi baxıblar və yəqin ki, bu cür yanaşmada onlar yanılmayıblar, çünki Eynşteyn tənbəlliyi və zəif qavrama qabiliyyəti olması ucbatından gimnaziyada sona qədər oxuya bilməyib.

3. Bu geriliyə baxmayaraq Eynşteyn 15 yaşında riyazi hesablamalarda həmyaşıdlarından fərqlənib və bu fərq o qədər böyük olub ki, müəllimlər onun bu istedadına təəccüblə yanaşıblar.

4. Eynşteyn üzgüçülükdən başqa heç bir idman növünü sevməyib. Ümumiyyətlə o, enerji sərfiyyatına səbəb olan fiziki fəaliyyətə qarşı olub. Və özünün dediyi kimi, işdən gələndən sonra zehni işdən başqa heç nəyə enerji sərf etmək həvəsində olmayıb.

5. Tütün məmulatlarından istifadədə Eynşteyn siqaretdən daha çox qəlyana üstünlük verib. O, Monreal qəlyan çəkənlər klubunun ömürlük üzvü olub.

6. Eynşteyn gənclik illərindən sonra corab geyinməyib. O, bunu belə əsaslandırıb: “İnsanın ayağının baş barmağı geydiyi corabı deşməyə xidmət edir. Belə olan halda corab geyinməyə lüzum qalırmı?”

7. 1933-cü ildə Hitler hakimiyyətə gələndə Albert Eynşteyn Amerikaya köçmək, daha dəqiq desək, qaçmaq məcburiyyətində olub.

8. Uzun illər Amerikada yaşamasına baxmayaraq, Albert Eynşteyn ingilis dilində yazmağı bacarmayıb.

9. Dahi fizik oxumaqdan, eşitməkdən, baxmaqdan çox dərindən fikirləşməyə, düşünməyə üstünlük verib. Bu da bir çox hallarda onun həyatında bəzi qeyri-adi hadisələrə səbəb olub. Belə ki, o öz laboratoriyasından qısa müddətə harasa gedəndə “Eynşteyn 1 saatdan sonra olacaq” yazılmış kağızı qapının üstünə yapışdırarmış. Geri qayıdanda qapının üstündəki həmin yazını oxuyub laboratoriyanın qarşısındakı skamyada əyləşib bir saat gözləyərmiş.

10. Eynşteyn vəsiyyətində ölümündən sonra beyninin çıxarılıb araşdırılmamasını xahiş edib. Ancaq buna baxmayaraq, onun ölümündən cəmi bir neçə saat sonra beyni oğurlanıb.

11. Dahi alim avtoqraf verdiyi insanlardan 1 dollar alıb. O, yığılan bütün pulları xüyriyyə işlərinə sərf edib.

12. Eynşteyndən laboratoriyasının harada olduğunu soruşduqda o, gülümsəyərək qələmini göstərib.

13. Enşteynin məşhur dilini çıxardığı foto jurnalist və fotoqrafların onu bezdirməsi nəticəsində yaranıb. Belə ki, növbəti jurnalist ondan "kameraya gülümsəməyi" rica etdikdə o bu şəkildə reaksiya verib.

14. Eynşteyn Çarli Çaplinin filmlərini çox sevib. Bu münasibətlə ona teleqram da göndərib: “Sizin böyük sənətkarlığınız insanlar tərəfindən çox yaxşı dərk olunur. Ona görə də siz dahisiniz”. Çapli Çaplin dahi fizikə cavab göndərib: “Cənab Eynşteyn, sizin nisbilik nəzəriyyəniz dərkolunmazdır. Amma Siz də dahisiniz...”

15. Albert Eynşteyn 1921-ci ildə nəzəri fizika elmində xidmətlərinə və xüsusilə fotoelektrik effekt qanununun kəşfinə görə Nobel mükafatına layiq görülüb.

16. 1952-ci ildə İsrailin prezidenti vəfat etdikdən sonra Albert Eynşteynə prezident kürsüsü təklif olunub. O, bu təklifdən fərəhlənsə də imtina edib.

17. Eynşteyn mütəmadi olaraq əyalətlərdə mühazirə oxumağa, konfranslara gedirmiş. Belə səfərlər çox vaxt alimi yorub. Növbəti səfərlərin birində bunu hiss edən sürücüsü Eynşteynə təklif edib:
- Cənab Eynşteyn, getdiyimiz yerdə Sizi üzdən tanımırlar. İcazə verin mühazirəni mən oxuyum, siz də zalda əyləşib istirahət edin. Onsuz da bütün mühazirələrinizi artıq əzbər bilirəm.

Eynşteyn razılaşıb. Sürücü kürsüdən müvəffəqiyyətlə mühazirəni oxuyub sona çatdırıb. Bu an zaldan bir nəfər ona çox qəliz bir sual verib. Sürücü özünü itirməyib:

- Cənab, sizin verdiyiniz sual o qədər bəsitdir ki, onu mənim zalda əyləşən sürücüm cavablandıracaq.

18. Eynşteynin anası müsiqiçi olduğundan oğlunu da bu sahəyə cəlb etmək istəyib. Ciddi cəhdlərdən sonra Albert skripka çalmağı öyrənib və bu onda çox yaxşı alınıb. Çox-çox sonralar, dahi fizik olduğu vaxtlarda xeyriyyə tədbirlərinin birində Eynşteyn skripkada öz məharətini göstərib. Fürsəti əldən verməyən jurnalistlər onun şəklini çəkib qəzetlərə veriblər. Səhərisi gün Eynşteyin bu qəzetləri göstərərək ətrafındakı insanlara deyib:
- Siz bu günə kimi məni tanımamısınız, elə bilmisiniz ki, mən fizikəm. Səhvə yol vermisiniz. Mən mahir skripkaçıyam...

19. Eynşteyn 1955-ci ilin aprelin 18-də 76 yaşında vəfat edib. Onun dəfnində cəmi 12 nəfər olub, ən yaxın dostları və ailə üzvləri. Dəfnin belə keçirilməsini görkəmli alim özü belə vəsiyyət edib.

20. Albert Eynşteyn ölüm ayağında olarkən son sözlərini yanında olan italyan tibb bacısına deyib, həmin qadınsa alman dilini başa düşmədiyinidən onun ömrünün son anında nə dediyi bu günə qədər də müəyyənləşməyib.(Musavat.com)

Şərhlər

Çox oxunanlar