“Məhəllə” 15 il sonra ekranlara qayıdır
05.02.2019 16:17 Artreaksiya 1482
Azərbaycan kino sənətinin incisi, kadrlardan tutmuş monoloqlara kimi hər kəs tərəfindən dillərdə əzbər olan “Məhəllə” filminin üçüncü hissəsi böyük ekranlara qayıdır. Məşhur filmin treyləri “Planet Parni iz Baku”nun rəsmi “Youtube” səhifəsində yayımlanıb.
Oxu.Az xəbər verir ki, filmin quruluşçu rejissoru Ramiz Fətəliyev, ssenari müəllifi isə Tahir və Cabir İmanov qardaşlarıdır.
İmanovlar peşəkar təqdimatda, bacarıqlı komanda ilə insanlara gülüş bəxş edən ekran əsəri ərsəyə gətiriblər. Onlar əmin edirlər ki, “Məhəllə-3” də digər “Məhəllə”lər kimi baxımlı olacaq. Çünki məkanlara, xüsusilə aktyor heyətinə diqqətlə yanaşıblar.
Filmdə həm özləri, həm də “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Hacı İsmayılov yer alıb. “Məhəllə-3”ün qala gecəsi martın 3-də, Heydər Əliyev sarayında baş tutacaq.
Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. “Məhəllə-3” filmi unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunub.
Qeyd edək ki, sözügedən filmin birinci hissəsi 2003-cü ildə geniş auditoriyaya təqdim olunub. Ekran əsəri kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası “professor”dur (Avtandil İsrafilov). Amma bu professor o professorlardan deyil. Mərhum aktrisa Nəsibə Zeynalovanın kinoda son işi də “Məhəllə” filmidir.
Şərhlər