“Zənginləşən xəzinəmiz” adlı sərgi açılıb

05.03.2020 14:05     Artreaksiya     6989

Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub. Tədbirdə Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib.

Bildirib ki, koronavirusun yayılma təhlükəsi səbəbindən virtual açılan sərgini real vaxt rejimində dünyanın istənilən nöqtəsindən izləyə bilərlər. Sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə olunan tarixi, bədii, elmi əhəmiyyət kəsb edən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunacaq. Muzeyə yeni daxil olan bu əşyalar müxtəlif təşkilat və şəxslər tərəfindən hədiyyə edilmiş və ya dövlət büdcəsindən ayrılan vəsait hesabına özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub. Sərgidə 21 eksponat ilk dəfə nümayiş olunur.

Qeyd edilib ki, sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur Sotheby hərrac evindən əldə edilən zərgərlik nümunəsi – qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu asma bəzəklər XIX əsrə aiddir. Bu bəzək əşyaları öz üslub xüsusiyyətlərinə görə muzeyin “Zərgərlik” kolleksiyasında yer alan eksponatlar arasında yeganə nümunələrdir.

Azərbaycan Milli Xalça Muzeyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində yerli və xarici vətəndaşların öz şəxsi kolleksiyalarında yer alan Azərbaycan xalçalarını muzeyə hədiyyə etdiyini söyləyən Ş.Məlikova deyib: "Sevindirici haldır ki, Amerika vətəndaşları Hilari-Dumas Jones və Jay Jones tərəfindən muzeyə hədiyyə olunan Quba xalçaçılıq mərkəzinin ən məşhur kompozisiyalarından biri olan “Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur. Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmənnasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına özləri qədər böyük etibar etdiklərinin göstəricisidir.

Muzeyimiz dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərlə, o cümlədən Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və s. ilə sıx əməkdaşlıq edir. Bu təşkilatlar tərəfindən hədiyyə edilən əşyalar öz kompozisiyası, texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi ilə seçilərək muzeyin ekspozisiyasında layiqli yerlərini tutmuşlar”.

Bildirib ki, son üç ildə muzeyin kolleksiyalarına ümumilikdə 68 ədəd əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib. Hazırkı sərgidə nümayiş olunan 21 ədəd eksponat isə ilk dəfə ictimaiyyətə təqdim olunacaq.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev çıxış edərək sərgi barədə fikirlərini bölüşüb.

Sərginin açılışında, həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumatlar yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.

Qeyd edək ki, sərgi martın 26-dək davam edəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar