"Ginnes"in rekordlar kitabına düşən antologiya... - FOTOLAR
06.06.2015 13:27 Artreaksiya 3985
Biz doğrudan da GUİNNES in rekordları yeniləyəcək əməllərə sahibik, lakin dünya bizim varlığımızdan xəbərsizdir
“AVRASIYA ŞAIRLERI ANTOLOJİSİ”-nin Bakı təqdimatında iştirakçı olan Adilə Nəzərin öz facebook səhifəsində tədbirdə xöşagəlməz hal yaşandığına və bir qrup gəncin kitabda buraxılan sehvlərə görə etiraz nidaları ilə tədbiri tərk etdiklərinə təssüfləndiyini bildirirdi. Düzü bu hal mənə də xoş gəlmədiyi üçün 25.05.2015-ci il tarixində facebook səhifəmdə qələm əhlinə müraciət olaraq öz düşüncələrimi yayımladım: -Xeyirxahlıq namınə atılan addım, çəkilən zəhmət ən azından alqışa layiqdır. Buraxılmış səhvi, nöqsanı qərəzsiz formada, yerində və üsulunca qeyd etmək lazım gəldikdə belə görülmüş işin dəyərdən salınması yolverilməzdir. Söz yox ki, burda xüsusi sənətkarlıq məharəti tələb olunur. Kimsəni təhqir etmək, kiçik düşürmək haqqı kimsəyə verilməmiş. Bu bəd əməli özünə hünər saymaq da qələm əhlinə xas xüsusuyyət deyil. (https://www.facebook.com/akimxaqan1)
Bir gün sonra gənc yazarlardan mənə müraciətlər olundu. Hadisə haqqında nə qədər məlumatlı olduğumu bilmək istədilər. Odur ki, məlumatı necə əldə etdiyimi açıqladım. Onlar da öz növbəsində əslində nə baş verdiyi haqqında, kitabın nöqsanlı olmasını vurğuladılar. Eyni zamanda Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirinin Səməd Vurğunun adına çıxılmasına narazı qaldıqlarını və necə etiraz edərək məclisi tərk etdiklərini danışdılar. Gənclərin etirazını təbəssümlə qarşılasam da daha sivil qaydada davranmadıqlarına görə onları qınadım. Sonra da kitabları əldə edib hər şeyə aydınlıq gətirəcəyimə söz verdim. Məni tanıyan qələm dostlarım azad fikir, düşüncə sahibi olaraq hadisələrə qərəzsiz mövqeyimi, lazım gəldikcə də düşüncələrimi yerində, aydın və sivil qaydada catdırmaqdan zövq aldığım yaxşı bilirlər. Odur ki sözümə əməl edərək bu gün əsil həqiqəti işiqlandırmaq məqsədilə düşüncələrimlə Sizin qarşınızdayam:
“Avrasiya şairleri antolojisi” tərtibat, dizayn və keyfiyyət göstəriciləri
Səhəri gün həmin kitabları yaxın bir dostumdan üç günlüyə aldım. Həmişə əyləncə xatirinə qazetləri arxadan vərəqləməyə adət etsək də bu dəfə adətlərə xilaf çıxaraq kitabla tanışlığa Yayın Yönetmeni Savaş Ünalın ön söz olaraq xeyir-duası ilə tanışlıqla başladım. Avrasiya İncəsənət Mədəniyyət və Ədəbiyyat Dərnəyi və SahilKitab nəşrlərinin əməkdaşlığı ilə Türk Dünyası ədəbiyyatına qalıcı bir əsər qazandırmaq istəyinin “Türk dünyası Şairleri antologiyası-2013” nəşrindən sonra kitaba düşə bilmiyən yazarların giley-güzarından yaranmış ehtiyacı və beş yüzdən artıq şair ilə dünyanın en böyük antalogiyasını yaratmaqla GÜİNNES rekordlar kitabına düşə bilmək şansının olduğuna və bu şansdan yararlanmaq istəyini də gizlətməmişdi. Niyyəti xoş olan bir biznes adamı kimi onu qınamaqdan uzağam.
18 ölkədən 560 şairin şeirlərindən ibarət 1700 səhifəyə yaxın bu iki kitab vasitəsilə bu günümüzün qələm əhlinin yaşamına, düşüncə tərzinə nəzər salmaq, yaxından bələd olmaq imkanı-şansı yaratdığı üçün bu addımı alqışlayıram. Hətta belə bir toplunun-birgəliyin olmasını arzulamışdım da. Ancaq maraqla redaksiya heyyətini, seçici, yayıçı qrupla tanış olduqca orada gördüyüm imzalar və xüsusilə də Azərbaycandan olan nümayəndələr məni heyrətləndirdi. Hansı kı, orada ədəbiyyata daha yaxın, daha məsuliyyətli imza sahiblərini görəcəyimi düşünürdüm. Ən azından bu sahədə öz sözünü deməyi bacaran, xüsusi sənətkarlıq məharəti olan bir yazar, təmənnasız zəhmət adamı-fədakar olmalıydı. Kitabla bağlı söz-söhbətlərin hardan qaynaqlandığı mənə məlum oldu.
Ginnesin rekordlar kitabına düşə biləcək kitab görünüşü, adı və sanbalı ilə ilk baxışdan diqqət çəkib, xoş təsurat yaratmalıydı. Amma kağızda, üz qabığında və rəng seçimiində yol verilən yanlışlıq- xəsislik, kitabın forma və tərtibatında buraxılmış səhvlər, redaktə işlərinin bərbad vəziyyətdə olması mənə deməyə əsas verir ki, maraqlar keyfiyyət üzərində qurulmayıb.
Hətta kitaba salınan şairlərin seçimində xoşagəlməz tərəfkeşlik, yerliçilik və qohumbazlıq prinsipləri daha çox gözə çarpır. Böyük əksəriyət seçimişlər titullar, adlar arxasında dalldalanan həvəskarlar ordusunun yorğun əsgərlərindən ibarət-şairlərdir ki, onların rekordlar kitabına düşmək maraqlarını bu gün də başa düşməyə çətinlik çəkirəm.
İlk olaraq bütün türk dünyasının sevilən şairləri Yunis Əmrə “Sən dərviş olamazsın”şeri, Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri, Nəsiminin “Kimə nə” qəzəli ilə təqdim olunur. Hətta dastan qəhrəmanları Koroğlu da “Bir yigid benim deyende”, Karacaoğlan “Çıkdım Yücəsine ben de gezerken” şeiri- folklor nümunələri ilə təqdim olunur.
Ala-yarımçıq, bərbad bir təqdimatla da xalqımızın böyük şairi Səməd Vurğuna yer verilərkən qənaətçillik yada düşmüş, bir səhifədə iki şeir olmaqla verilib. Qəbahət orasındadır ki, B.Vahabzadənin “Şəhidlər” şeiri yenidən Səməd Vurğun şeirləri arasında yer almışdır. Bunun adi bir səhlənkarlıq və ya qərəzli mövqe olduğunu araşdırmaq üçün səbrimi toplayıb, məqsədimdən yayınmamağa çalışdım. Eşidəndə ki, redaksiya üzvüləri arasında bu şeirin kimə məxsus olması faktı mübahisə doğurmuş, onu da təbəssümlə qarşıladım... (səh. 849-851)
Azərbaycan Yazıçılar birliyinin başqanı təqdimatsız-filansız “XXİ ƏSRİN İLK NİKBİN ŞERİ” i ilə kitabda yer almışdır.(Səh 11)
Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, yazıçı, jurnalist Rəşad Məcidə isə böyük həriflərlə ŞAİRDİ –deyə təqdim olunmaqla xüsusi diqqətə layiq görülərək hər səhifədə kiçik bir şeiri verilmişdir. (səh.1229-1232)
Sonra da Ağdaş rayonunun Kotanarx kəndində1967-ci ildə anadan olmuş, 1954-1964-cü ildə M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almış:
“Mən ünvansız yaşayıram-
Günəş kimi, səma kimi.
Mən ünvansız yaşıyıram
Səhərdən axşama kimi.
Ünvanımdır- yaşıl düzlər,
Göy meşələr. “- kimi gözəl misralar müəllifi, həqiqətən həmişə gənc şairimiz Fikrət Qocanı görəndə heyrətləndim. Düzü samanlıqda iynə tapan adam kimi sevindim. (səh 540-543)
Sonra da Ali Təkinturedən başlayaraq xüsusi təqdimatlarla hər şairdən üş-beş şeir verilir. İlk öncə onu qeyd edim ki, müəllif haqqında verilən təqdimatların redaktəyə ehtiyacı olduğu halda bu vacib əməl kimsənin umurunda olmamış. Şairlər haqqında verilməli olan məlumatlar, təqdimatlar ya müəllifin istədiyi kimi, ya yazdığı kimi yer almış. Kimlərsə də məlumatsız buraxılıb. Hətta bəzi şairlərin doğum tarixləri verilmədiyi kimi, hansı məkandan, məmləkətdən olduqları belə göstərilmir. Türkiyədən və başqa ölkələrdən olan bir sıra müəlliflər özləri haqqında bir, iki çümlə ilə qısa məlumat verməklə kifayətləndiyi halda Azərbaycandan olan şairlərin təqdimatı xüsusi yer tutur.
Macarıstanın Sombatxey şəhərindəki Ümumi piyada qoşun növü alayındakı xidmətindən sonra təhsilini davam etdirib, eyni tikinti təşkilatinda müxtəlif peşələrdə əmək fəaliyyətini başa vuraraq “Əməkli mühəndis” olaraq təqaüdə çıxmış Laçın bölgəsindən olan həmyerlimiz Bədirxanov Ədalət Əyyub oğlunun təqdimatı və ona olan diqqət xüsusi yer tutur. Belə ki, ilk olaraq (səh.366-368) Edalet Eyyüpoğlu imzası təqdim olunan şeirlər sonradan başqa səhifədə (səh 438-440) Ədalət Bədirxanov imzası ilə dəyişdirilərək yenidən verilmişdir. Şeirlərin məzmunu da təqdimata uyğun, həmahəngdir:
“Gedirəm ki tez qayıdım o başdan,
Belə qərar vermiş bizi yaradan.
Sevda dolu şirin olan dünyadan
Sonu yalan, bir iz qoyub gedirəm.”
Və ya:
“Dünya, cahan öz elmiylə yenliklər yaradırkən,
Niyə sənin adın yoxdur, sən hardasan, Azərbaycan?”- demək üçün Lənkəran bölgəsindən olan Əli Heydərin Sovet Ordusu sıralarında tam hərbi xidmət keçməsini öxucuya bəyan etmək nə qədər vacibdir? . (səh 345-347)
Elvira Süleymanovanın səhifəsində müəllif haqqında məlumat yerində səhvən Şamaxı bölgəsidən olan bir şair Xəlilbəyli Əlivahid Səftər oğlu haqqında məlumat gedib. (Səh. 369-371)
Başqa bir səhifədə isə yenə həmin adam eyni məlumatlarla; “1956-ci ildə mexanizator ailəsində anadan olmuş, “Ulu Məkan” qəzetinin təsisçisi və redaktoru, böyükiri həcimli şeirlər kitabının və yüzlərlə publisist məqalə yazarı, “Qızıl Qələm” mükafatçısı və “Xalqın Nüfuzlu ziyalısı” Elvahid Xelilbeyli imzası ilə təzədən təqdim olunur:
“Səslər içində səs axtarmışam mən,
Əynində libas, dəst axtarmışam mən.
Kəslər şəxsində kəs axtarmışam mən
Deməyin, yaxşısı qaldı yadlara.”-kimi söz-söhbətlərin bu günün oxucu zövqünü nə qədər oxşuya biləcəyi maraq doğurur. (səh.435-437)
Meral Yağcioğlu- Ömər Kuloğlu səhifəsi də oxucu üçün başdan-ayağa müəmma olaraq qalır: İkili şəxsiyyət, ikili təqdimat. Təqdim olunan şeirlər də bu təzadla verilir. Bu günun reallığında bu cür təqdimata nə qədər ehtiyac var? (səh.926-928)
(362-365) Elövsət Tahirli imzası ilə tanışlıq məni xeyli əyləndirdi. “Xoş gəldin əlli yeddi yaş” –deyə öz doğum gününü salamlayan şair haqqında məlumat yerinə şeirin mətni nəsr kimi verilib. Altından da bəh-bəhlə “Dur gedək Qarabağa” poetik dilə yatmayan şeiri təqdim olunur.
Redaktorun diqqəti və qabiliyyəti burda da özünəməxsusluğu ilə gözə çarpır.
Qəbələdən olan Raifə Sərxanqızının özü haqqında təqdimatı şeirlərindən daha çox maraq oyadır. Mərhum atası haqqında məlumat verərək köhnə dövrün xeyirxah, sanballı, az tapılan kişilərindən olduğunu qeyd edir. Sonra da özü haqqında geniş məlumat verir. Xatırlayanda ki, həm də Raifə xanım bu antoloğiyanın redaktorudur, onunla bağlı söhbəti burada bitirməyi lazım bildim. (səh.1199-1201)
Bizim dünyaya ötürdüyümüz mesajlar bundan ibarətdirsə, dünya bizə necə baxacaq?
“Kişilər gedərlər kişi belində,
Kişi belindən də gələr kişilər”- bu misralar Şəmkir bölgəsindən Adil Şamiloğlunun sözə,ifadəyə etinasız yanaşmasından xəbər verir. Əyər filoloq, bir neçə şeirlər kitabının müəllifi yazdıqlarını kino lenti kimi gözləri önündə canlandırmağa çətinlik çəkirsə, “bel” ilə “çiyin”ində getməyin fərqinə varmırsa, onda hansı böyük yaradıcılıqdan söhbət gedə bilər? (Səh. 39-41)
“Üzü küləyə getmədim,
Bürünüb zirehə gözlədim.
“Sürünərəm” elnən dedim.
Elim gəlmədi, gəlmədi.” -deyən Afət Babayevanın mübarızəsiz, özünə qapanaraq sakit həyat arzusu ilə “sürünməsi” onun yetərincə həvəskar baxışını ortaya qoyur. (Səh.45-47)
“Yolunu hayana salmısan bele
Ne bir sesin gelir, sorağın gelir.
Men ele ölmüşem, qalmışam bele
Ne sene, ne mene yazığın gelir.”-deyən Aləmzar Aliyevanın hansı dildə danışmaq istədiyi və poetikası sadəcə şeir yazmaq istəyindən qaynaqlanır. “Ə” saitini “E” sayiti ilə əvəzləməklə görən hansı rekorda imza atmaq istəyir? (Səh. 75-77)
Mehri bölgəsindən Ali Valehoğlunun “Qızıl Qələm”indən süzülən misraların səviyyəsi isə təbəssüm doğurur:
“Bu sevgi calağım gördüm tutmadı,
Adını Çinarın bağrına yazdım.
Çinar ömrü qədər yaşadar adı,
Sevgi əzabından mən nə qazandım?”- deyə şair öz sevdalı maraqlarının kompensasiyasını oxucudan umaraq cavab gözləyir. (səh.96-98)
Gölcük bölgəsindən olan Ayşe Şenerin (şair-rəssam-astroloq) səhifəsini vərəqlədikcə diqqət çəkən:
“Ben seni sevdim sevgili
Bir az çocuq, bir az gərgin yanımla
Bir az susqun, bir az çığlıq çığlığa
Seni öyle sevdim” –misralarındakı səmimiyyəti yadımda saxlamağa çalışdım.(səh.132-134)
Sonra da Zərdab bölgəsindən olan şairəmiz Aynur Şahtellinin oxşar notlarla müşayət olunan poetikası göz öxşayır:
“Bir az şımarığam körpə uşaq tək, bir az da
aqiləm keyfini pozma.
Yox, yox. Hərdəmxəyal deyiləm, əsla.
Bir az məntiqli ol, yüz yerə yozma.
Hə, bir az çılğınam,
Bir az da dalğın.
Hə, bir az da birazam, çox deyiləm mən.
Əsas var olmamdı,
yox deyiləm mən.
Sən də var olanı sev,
Yoxa qaçma.”- bu misralarda da özünəməxsus səmimiyyət var. Baxmayaraq ki, hər iki müəllifdə ənənəvi formalardan yayınma var. Bu qədər oxşar, bu qədər doğma olan Türk qadınının bir birinə bənzər düşüncə tərzi, istəyi ilə barışmaq məcburiyyətindəyəm. Hansının daha əvvəl, hansının daha cəsarətli olduğu bir yana, hər ikisinin gözəl qəlb sahibi olduğuna inanmaq istəyirəm... (səh.168-170)
“Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffalığımı saxlamışam mən.
Çünki yağışam mən.
Hərgün döyürəm pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
Dilsiz yağışam mən.”- bu kimi misraların müəllifinin istedadlı yazarımız İlqar Fəhminin olduğuna inanmağım gəlmədi. Hansı ki, yağışın həqiqi mahiyətində gizlənən hikmət, özünün belə yaranışında xammal olan torpağ-möcüzəli “çirkab” müəllif üçün müəmmadır. “Mən yağışam”-desə də bu yağmurların birgəliyindən qaynıyan həyat eşqinə münasibət urək açan olmadığı kimi pəncərəni döyəcləyən yağışın dilsizliyi də mümkünsüzdür. Çünki bu addımın özü bir hərəkət-danışıqdir. (səh.681-683)
“Dolandım bağü gülzari, gözəl güllər sorağında
Qızıl qanın töküb gördüm ki, bülbüllər budağında.
Xəyalım uçdu başımdan, dolandı ərşi-əlanı,
Yararlansın bu fürsətdən, -salıb məkan bucağında...”-bu qanlı səhnədən sonra İlqar Süleymanlı Bizebanın bu günün insanına xas yararlanmaq fürsəti, bir bucaqda məskən salmaq arzusu mənimçün əlçatmazdır. (684-686)
“Kaş ki, mən su olaydım
Düşüb bulud cildinə ağlayaydım həsrəti
Sən gedən çığırları təmizləyib, yuyaydım...”
Və ya “Kaş ki, mən su olaydım
Bir fincana doldurub, qəfil məni içəydin
Bir su damlası kimi daxilində qalaydım...”- deyən İlqar Xalıqin səmimiyyətinə inanmağım gəlmir. Hansı ki, gözlərimdə canlanan səhnə ürək parçalıyandır. Sel-su olub sevgili gedən çığırları “yuyub-təmizləmək” istəyi, qəfil içiməklə bir damla su olub daxilində qalması hətta elmi əsası olmayan bir kələklə necə barışmaq olar? (səh687-689)
Vidibasarlı Kamıl Novruzovun təzadlarla dolu çağırışı ilə üz-üzıyəm:
“Səsimi eşitsin qəsbikar düşmən.
Haqqa sığınmışam, haqdı ünvanım.
Haqqa gərək olsa, qurbandı qanım.
Mən türkəm, dünyanı sülhə səslərəm.”- bu misraları obrazlaşdırmağa cəhd edək. Qəsbikar düşmən dayandı, eşitdi. Nəyi? “Mən türkəm”- diyən bir kişi, dünyanı sülhə səsləyir, amma haqqa gərək olsa qanını qurban verəcəyindən danışır. Ona da hələ əmin deyil... Bu nə dünənki, nə də bu günki Türk obrazı deyil. Bu nə danışıq, nə də poetik məntiqə uyğun... (səh.789-791)
Bu günümüzün reallıqları ilə üz-üzə qalan gənc nəslin ümüdverici imza sahiblərindən birini tapdım bu kitabda. Əslən Bakıdan olan Məsumə Quliyeva. Hələ körpə olsa da sözlərində bir böyüklük, qətiyyət var. Hansı ki:
“Mən sevirəm o adamı,
Özü kimi sözü də düz.
Mən sevirəm o dəryanı,
Suyu şəffaf gecə-gündüz.”-deyə öz kövrək əminliyi ilə özünü ifadə etmək qüdrətinə yetməyə çalışır. Baxmayaraq ki, suların vaxtı yetdikcə bulanmaq ehtiyacını qəbul etmək istəmir. Amma inanıram ki, zamanı yetəndə bu gənc xanım ümüdlərimizi doğruldacaq qədər yüksələcək. (səh.837-839)
Tovuz bölgəsindən olan Mikayıl Yanarın poetikası qeyri-adi yanasma tərzi ilə diqqət çəkir:
“Bu nə şivən, bu nə haray?
Gözlərindən axıtma çay.
Vermə bizə sən qəmdən pay,
Qəmi elə yayma ana.”- deyə təsəlli verməyə aciz olan oğul keyfini, rahatlığını pozan ananı qınağa çəkir. Səbəbini isə belə izzah edir:
“Sevmədiyim rənğdi qara,
Bir də qara geymə ana.” (səh.940-943)
“ ... inamçıyam, türkçüyəm, turançıyam.”- deyə özünü təqdim edən Qərbi Azərbaycanlı Elli Atayurdun :
“Adamlar selində İnsan axtaran
İnsana tapınıb inam yaradan
Bəşərin səhvini ona anladan
Carçılar aranır Azərbaycanda.” –müəmmalı axtarışları ilə dünya oxucusunu təcübləndirə biləcəyinə şübhəm etmirəm (Səh. 351-353)
Bu da bizim Haçıqabul bölgəsindən olan Əli Əmirli. Hansı ki, əruz vəznində rəqəmsal modelləşdirmə elmi ideyasını irəli sürərək müəlliflik şəhadətnaməsi almış qəhrəmanımızın poetik düşüncə tərzi:
“Bir şeir məclisi qur, toplaşaq hərdən yaşıyaq,
Unudaq yaş nədi həddin aşaq, hərdən yaşıyaq.
Zövq alaq, fikrə gedək, vəcdə gələk mənadan,
Sevinək, kövrələrək ağlaşaq hərdən yaşıyaq...”-bu tip yaşam tərzi indidən indidən adamı kövrəldir. Hərdən yaşamaq istəyi ilə necə razılaşaq ki, bes qalan vaxtın haqq-hesabını neynəyəcəyimizi bilmirik? (səh.342-344)
Qazax bölgəsindən olan şairimiz Sayad Mustafaoğlunun səhifəsini oxuduqca üzümdə təbəssüm oynadı.
“Arzuların imkanınla
Tən gəlmirsə neyniyəsən?
Keçirdiyin ömür-günün
Şən gəlmirsə neyniyəsən?”- bu misralarla müəllif ixtisasca bank işçisi, zamanə adamı olması ilə özünü büruzə verir və qənaəti ortya qoyur. Oxucunu qorxudur. (səh.1289-1291)
Fantaziyasına heyran olduğum Cəlilabad bölgəsindən olan Reyhan Kənanın “Tənha aktyor”undakı misralarla razılaşmamaq mümkün deyil:
“Milyon ildən üzü bəri
Daş dəyişib, dəmirləşib.
Kamil insan ola-ola
Səndə vicdan kömürləşib. ” (səh.1235-1237)
Bu artıq müəllifin dünyaya aydın baxışı, yaxını və uzağı görmək bacarığı ilə çilalanan bədii təfəkkürün məhsulu olaraq qiymətlidir.
Gədəbəy bölgəsindən olan Sahil Camal ilə tanışlıq da yaddaqalan oldu. Onun faciələriməzə şahid, ənənəvi dərd ortagıolan Arazla bağlı şeridən süzülən ağrı ilə yenilənən müsibətimizə bir ağı da qatıldı;
“Birim üzə bilməyib,
Onum Arazda batıb.
Neçə qara pencəyim,
Donum Arazda batıb...
Qanım Arazda batıb.” (səh.1262-1265)
“Oddan hənir gedib, ocaqdan da nur,
Damarda qan donur, dildə söz donur.
Nə çoban oturur, nə qartal qonur,
Bulaqlar başında daş yetim qalıb.”-kimi bu yanıqlı misraların müəllifi Dumanısı bölgəsindən Elmuraz Köçərlidir. (səh.357-359) Hansı ki, bitkin poeziyasında vətəndaşlıq, təsübkeşlik və həqiqi yaşam var. Həyat eşqindən yadırğamış yetimliyə məxsus ağri-acını elə əsaslı təsvir edir ki, misralar ağ kağız üzərinə sıralandıqca da biri o birini əvəzliyərək gözlərin önündə canlı görüntü yaradır. Sanki rəssam tablosuna baxaraq sən o mənzərəni görür və yaşıyırsan. Məhz o zaman poeziyanın İlahi nuruna düşür, rahatlıq tapırsan. Sonra da sənə bu həzzi yaşadan, düşüncələrini nizamlıyan, ruhunu oxşuyan müəllifi- şairi alqışa, sevgiyə layiq bilirsən. Çünki o sənə səndən yanın ola bilən bir sənətkardır.
.
QEYD: Beləcə kitabla ümumi tanışlıqdan sonra gəldiyim nəticə özümü də təcübləndirdi. Tək-tək sehirli qələm, həqiqi söz sahibləri ilə, təzə imzalarla tanışlıq mənim üçün təsəlli oldu. Məhz bu kitabda yer almış, əvvəllər tanımadığım sehirli qələm sahiblərini də salamlayıram: Ayşegül Dincbaş –Ədirnə, Belkiz Günaydın –İzmir, Erdal Oğuz –Kayserin, Adilə Nəzər –Naxçıvan, Aynur Şahtelli –Zərdab, Elmuraz Köçərli –Dumanisi, Nəzmiyyə Hicran – Bakı və s.
“Avropa şairlər antologiyası” bu günki Türk dünyasına sığınmiş türkdilli xalqların mədəni, mənəvi birliyinə atılan bir addım kimi (nöqsanları ilə birgə) diqqətə layiqdir. Məhz bu kitab vasitəsi ilə bu günki dünyamıza, şairlərimizin düşüncələrinə qonaq oldum. Təqdim etdikləri nemətlərdən dadıb, ağını-qarasını ayırmağa çalışdım
Lakin qələm adamlarımızın əksəriyyətinin hələ də oxucu ilə görüşə hazır olmadığının şahidi oldum. Oxucu ilə uz-uzə qalmaq mədəniyyəti böyük məsuliyyət tələb edir. Fiziki baxımdan yanında olmasanda söz sahibinin-sənin şəxsiyyətini, mənəviyyatını, dünyagörüşünün səviyyəsini bəlli edər. Odur ki, ən adı insani dəyərlərə söykənərək dünyaya öz tərbiyən, etikan, mədəniyyətinlə çıxıb könülləri fəth etmək qüdrətinə malik ola bilərsən. Yazıçı üçün baş ucalığı, təmizlik və birinci növbədə yaxşı yazmaq dan gözəl heçnə ola bilməz. Belə olan təqdirdə kimsə aldıqları titulların, mükafatların, adların kölğəsində daldalanmaqla təsəlli tapmağa çalışmasın. Özləri haqqında saxta təsurat yaratmaqla oxucuya təqdim olunan əsərlərin şikəstliyini gizlətmək mümkün deyil. Özünü aldatmaq da böyük qəbahətdir. Məhz bu qəbahət sahiblərindən əksəriyyət “qəzəl qələmi” almış imkanlı müəlliflərdir ki, o qələmdən süzülən misralar sadəcə təbəsüm və təccüb doğurur. Gümüşü və ya bürünc qələmi olan kimsəyə rast gəlmədim. Biz doğrudan da GUİNNES in rekordları yeniləyəcək əməllərə sahib, lakin dünya bizim varlığımızdan xəbərsizdir.
Söz yox ki, qınaq vurmaq, özünü həmişə haqlı saymaq, səbəbləri və cavabları kənarda axtarmaq ənənəsi dəhşətli bir xəstəlik olaraq cəmiyyəti iflic edir. Yazarlarımızda da bu hal özünü büruzə verir. Artıq düşüncələrdə ətalət, yorğunluq və küskünlük höküm sürür. Bəzən bu ağı-acıların, ayrılıqların mənbəyi məlum həqiqətlərə bağlansa da, əslində iç dünyamızda bir elin, obanın gizlinləri ilə sızlayan ağılar, ağlalar formalaşır. Bu fərqliliklərin fonunda yaranan ədəbiyyat da söz yox ki, hər gün simasını dəyişməyə hazır çəmiyətin nəbzini tutmağa çalışaraq özünü ifadə etməyə çalışır. Cəmiyyətin diktəsi ilə yaşayan şair də çərçivə daxilində zamanını xərcləməklə nail olacağı uğurdan danışır. Sonda da ümüdsizliyə qapılaraq şikayət dolu nəğmələr yazmaqla öz itgilərinə yas tutur. Məhz kitabda toplanan nümunələr göstərir ki, şairlərimiz böyük sevgi notları ilə bir qadına(ya bir ərkəyə) olan əsarəti mədh etməkdən kənara çıxa bilmir .
Akim Xaqan
Şərhlər